BİR HƏDİS
عَنْ عُثْمَانَ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: {خَيْرُكُمْ مَنْ تَعَلَّمَ الْقُرْآنَ وَعَلَّمَهُ}
Osmandan (r.a) rəvayət olunduğuna görə Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Sizin ən xeyirliniz Quranı öyrənən və onu başqalarına öyrədəninizdir.” (Buxari, Fəzailul-Quran, 21; Tirmizi, Fəzailul-Quran, 15.)
Allah-Təala insanlara dünyaya qədəm basdıqları gündən ta ölüncəyə qədər sirati-müstəqim (ən doğru yol) üzrə yaşamalarını əmr etmişdir. Bu yolda ona işıq tutacaq və önünü aydınladacaq bir hidayət rəhbəri olaraq da Qurani-Kərimi lütf etmişdir. Bu səbəblə də hədisi-şərifdə Rəsulullah (s.ə.s) Quranın təlim-tədrisinin önəmini vurğulayaraq Quran tədrisatı ilə məşğul olanların insanların ən xeyirlisi olduğuna diqqət çəkmişdir. Çünki Qurani-Kərim Allahın kəlamı olmaqla insanlığın ən ali kitabı və ən böyük hidayət rəhbəridir. O, solmayan bir günəş, aldanmayan və aldatmayan bir rəhbərdir. O, Allahın ucalığından, qüdrət və şanından xəbər verməklə Onun möminlər üçün hazırladığı böyük mükafatı müjdələyir. Allah-Təala bu həqiqəti belə açıqlamışdır: “Həqiqətən, bu Quran insanları ən doğru yola yönəldir və saleh əməl sahibi möminlərə böyük mükafata nail olacaqları ilə müjdə verir” (İsra 17/9).
Quran kainatı aydınladan elm və mədəniyyət işığıdır. Hökümləri qəti, doğru və əbədidir. Möminlər onun hidayət nuru ilə görür, onun işığı ilə hərəkət edir. Aşiq qəlblər onun səsini eşidib haqqa uyar və onunla zülmətlərdən çıxıb nura qovuşarlar. Quranın yüksək ahənginə, əlçatmaz ecazına, iman, əxlaq və fəzilət qaydalarına, yüksək insanlıq düsturlarına, elm, sənət və mədəniyyət ölçülərinə dost-düşmən bütün insanlar heyrandır. O elə bir kəlamdır ki, Onu ancaq ruhlar daşıya bilir. O ruhlar üçün nurdur. O qəlblərə iman, könüllərə həyəcan gətirir. O insana dini şüur aşılayaraq insana insanlığını bildirən yüksək dəyərləri özündə cəmləyib, çaşqınlığa düşənlərə doğru yol göstərərək onların üzərinə rəhmət və şəfa yağdırır. Mömin Quran oxuduğu zaman ondan feyz aldığı üçün Quran ayələri ona şəfa və rəhmət olur. Əksinə xəstənin dərmandan imtina etməsi onun xəstəliyini artırdığı kimi, insanın da Qurandan uzaq durması onun yalnız ziyanını artırır.
Müasir dövrümüzdə insanlığın keçirdiyi maddi-mənəvi, əxlaqi böhranın çarəsi Qurandır. Çarəsiz dərdlərə məlhəm Qurandır. Biçarələr, qaranlıqda qalanlar, zülmə uğrayanlar, kimsəsizlər, bir sözlə, insanlığın bütün sevinc və səadət yoxsulları Quranda ümid və qüvvət tapmışlar. Hz. Peyğəmbər (s.ə.s) bir hədisi-şərifində: “Allah-Təala Quranla əməl edən millətləri yüksəldər, onun yoluyla getməyənləri isə alçaldar” (Müslim, Müsafirun 269) – deyə buyurmuşdur. Quran yoluyla getməyən cəmiyyətlər maddi müvəffəqiyyətlər qazansalar da, mənəvi səadətə çatmazlar. Quran yolu ilə gedən cəmiyyətlər isə həm maddi, həm də mənəvi səadətə çatarlar. Çünki Qurani-Kərim din və dünya işlərini ən düzgün bir şəkildə tənzimləyən, insanları iki dünya səadətinə çatdıran ən ali qanunları özündə cəmləyib.
ŞƏRHLƏR