QURAN AYI RAMAZAN

QURAN AYI RAMAZAN

     Artıq on bir ayın sultanı, möminlərin sevinci, fəqirlərin ümidi, Rəbbimizin əfv və məğfirətinin bol-bol yağdığı Ramazan ayına bir neçə gün qaldı. 

     Hər bir mömin bu ayı səbirsizliklə gözləyir və ən gözəl şəkildə qarşılamağa hazırlaşır. Ramazanı özünəxas bir şəkildə dəyərləndirib, dolu-dolu keçirmək üçün, əvvəlcə, bu ayın niyə bu qədər dəyərli olduğunu anlamağımız və dərk etməyimiz lazımdır.

     Ramazan ayının bu qədər dəyərli və qiymətli olması Rəbbimizin ona qiymət verməsi ilədir. Məhz bu ayda bəşəriyyətə son ilahi kitab nazil olmağa başlanmışdır. Qaranlıqlar içərisində qalan və cəhalət dövrünü yaşayan bəşəriyyət Quranın nazil olması ilə özünün qızıl dövrünü yaşamağa başlamışdır. Uca Rəbbimiz bu haqda belə buyurur: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar” (Bəqərə, 185).

     Bəli, Quran Ramazan ayında nazil olmağa başlamışdır. Ramazan Quran ayıdır. Bu ayda Peyğəmbərimizlə (s.ə.s) Cəbrayıl (ə.s) bir yerə gəlib Qurani-Kərimi oxuyardılar. Bu gün həm evlərimizdə, həm də məscidlərimizdə oxuduğumuz müqabələ və xətmlərin səbəbi bu hadisədir.

     Allah Quran vasitəsi ilə Ramazan ayına on bir aydan daha çox dəyər vermişdir. Bu ayı on bir ayın sultanı etmişdir. Yenə Quran vasitəsi ilə bir gecəni min aydan daha xeyirli etmişdir. Hansı ki, o gecə (Qədr) Quran nazil olmağa başlamışdır, bu səbəbdən də həmin gecə min aydan daha xeyirli olmuşdur. Elə bu hadisənin və bu gecənin şərəfinə bir surə də göndərən Allah buyurur: “Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzdan dünya səmasına) nazil etdik. (Ya Peyğəmbər!) Sən nə bilirsən (hardan bilirsən) ki, Qədr gecəsi nədir?! Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər. O gecə, dan yeri ağarana qədər salamatlıqdır (əmin-amanlıqdır)” (Qədr, 1-5).

     Ramazanın ilk gecəsindən etibarən könlümüzü, idrakımızı açacaq və həyatımıza mütləq rəng qatacaq ilahi mesaj Qurani-Kərimdir. Dünyamızı və axirətimizi xeyirli edəcək yeganə bələdçi bu ilahi kitabdır. Həqiqi hidayət rəhbəri, pisi-yaxşını, səhvi-düzü, günahla savabı bir-birindən ayıran (Furqan) Qurani-Kərimdir. Rəbbimizin bizdən razı olacağı xeyirli əməllərin bəhs edildiyi kitab Qurani-Kərimdir.

     Ramazanda oruc ibadəti ilə yanaşı, ən böyük ibadətlərdən biri də Quran oxumaqdır. Hz. Peyğəmbər (s.ə.s) müjdəsi ilə Quran oxuyan üçün hər bir hərfinə on qat savab veriləcəkdir. Bir hədisində buyurulur: “Kim Allahın kitabından bir hərf oxuyarsa, onun üçün bir yaxşılıq savabı vardır. Hər bir yaxşılığın qarşılığı da on savabdır. Mən əlif lam mim bir hərfdir demirəm, əksinə, əlif bir hərfdir, lam bir hərfdir, mim də bir hərfdir” (Tirmizi, Fədailül Quran, 16) Quran oxumaq eyni zamanda şəfaətdir. Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Quran oxuyun. Çünki  qiyamət günü Quran onu oxuyanlara şəfaətçi olacaq” (Müslim, Müsafirin, 252).

     Quran oxumaq deyiləndə sadəcə tutuquşu kimi kəlmələri təkrarlamaq kimi başa düşülməməlidir. Əksinə, təfəkkür edərək oxunmalı və oxuduqlarımızla da əməl etməliyik. Bir hədisdə Peyğəmbərimizin (s.ə.s) Quran oxuyan, fəqət əməl etməyən şəxsi “qoxusu xoş, dadı acı olan reyhana” bənzətmişdir.

     Könlümüzü, ağlımızı, bədənimizi, ruhumuzu gözəlləşdirəcək, nəfsimizi təzkiyə edəcək, bizi şeytanın vəsvəsələrindən qoruyacaq olan Qurana bərk-bərk yapışmaq möminin ən əsas vəzifəsidir. Həyatımızda Quranın yeri olmasa, ayələrdə bildirilən uçurumların kənarlarında ola bilərik. Yenə Allah-Təalanın neməti ilə birləşən və qardaş olan qəlblər, Quran olmasa, təkrar ayrılığa düşə bilər. Buna görə də Quranın sirlərinə vaqif olub, ona bərk-bərk sarılmalıyıq ki, qardaşlığımız möhkəmlənsin, ayrılığa düşüb parçalanmayaq, xətalara düşməyək, Yaradanımız və yaradılanlar bizdən razı qalsın.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz