MÜSAHİBƏ / Ayna CƏLİLOVA
- Özünüz haqda qısa məlumat verin zəhmət olmasa.
- Mən, Cəlilova Ayna 1976-ci ildə Zaqatala rayonunun Suvagil kəndində dünyaya gəlmişəm.
Gözlərim anadangəlmə görmür. Orta məktəbi Bakıda yerləşən, gözdən əlillər üçün orta internat məktəbində bitirmişəm.
- Bəs necə oldu ki, sizdə Qurani-Kərim oxumağa maraq yarandı?
- Türkiyədən Aqil adlı bir müəllim gəlmişdi. Burada qısa müddət ərzində Quran təlimi keçirdi. O vaxta qədər Quran oxuya bilmirdim. Adil müəllimdən Quran oxumağı öyrəndim. Mənim kimi bir neçə tələbəsi vardı. Sonradan mən təhsilimi Türkiyədə davam etdirmək qərarına gəldim. Qurani-Kərimi mükəmməl öyrənməyə çox istəkli idim. Hələ o qədər də düzgün oxuya bilmirdim. Türkiyəyə gedəndən sonra isə üç aya bütün dərsləri bitirib hafizliyə başladım. Tam hafiz olmaq mənə qismət olmadı, amma Quranın bir çox surəsini əzbər bilirəm. İnşallah fikrim var ki, nə vaxtsa bütün Quranı əzbərləyib hafiz olum.
- Qurani-Kərimi oxuduqdan sonra həyatınızda nə kimi dəyişklik oldu?
- Quranı öyrəndikdən sonra həyatımda çox dəyişiklik oldu. Ən başlıcası, səbirli olmağı öyrəndim. Gözlərim görmədiyi üçün üsyan etməsəm də, hərdən təəssüflənirdim ki axı niyə mən belə doğulmuşam. Quranı öyrənəndən sonra isə artıq təəssüflənmirdim. Anladım ki, onsuz da bu dünya fanidir, görsəm də, görməsəm də bunun mənim üçün heç bir mənası yoxdur. Bütün bu fikirlər məndə Quranı öyrəndikdən sonra formalaşdı. Bu gün də mütamadi olaraq Qurani-Kərimi hər gün sevə-sevə oxuyuram, əzbərlərimi təkrar edirəm.
- Ayna xanım, gözü görən insanlar rəngləri tanıyırlar, rənglərə görə nəyisə ayırd edirlər. Bəs gözü görməyən insanların daxili dünyasında rəng anlayışı necədir? Siz özünüz bu rəngləri necə təsvir edirsiniz?
- Bizim də özümüzə görə təsvirlərimiz var, hər rəngi bir cür təsvir edirik. Məsələn, mən çəhrayı rəngi uşaqlarla təsvir edirəm. Çəhrayı deyəndə, uşaqvari bir şey xəyal edirəm, onları düşünürəm. Biz görməsək də, qarşımızdakı insanın danışığından, səsinin tonundan səmimiyyətini hiss edə bilirik.
- Bəs gördüyünüz yuxular necə olur?
- Biz yuxu görmürük, sadəcə hiss edirik. Necə deyim, həyatda necəyiksə, yuxuda da eləyik.
- Gözləmədiyiniz halda gözünüz açılsa və hər şeyi görə bilsəniz, hansı hissləri yaşayarsınız?
- Açığı, mən bu duyğunu yaşamaq istəmirəm. Ona görə ki, bu yaşa qədər görməmişəm, əgər belə bir şey olsa, xəyal dünyam, təsvirlərim dağılar. Buna görə belə bir vəziyyətin olmasını istəmirəm. Amma Quran kitabını görmək istəyərdim. İlk növbədə Quranı, mənə Quran öyrədən müəllimlərimi və Türkiyədəki Quran kursumuzu görmək istəyərdim. Təbii ki, valideynlərimi də görmək istəyərdim.
- Quran müəllimələrinizi çox istəyirsiniz deyəsən.
- Çox sevirəm onları. Çünki onların sayəsində Rəbbimin kitabını oxumağı öyrəndim, sanki həyata yenidən gəldim. Xüsusilə Nihal müəllimənin qəlbimdə yeri ayrıdır. (“Əgər mümkünsə, onun da adını reportajda qeyd edə bilərikmi?”,- deyir. “Əlbəttə” cavabını veririk) Çox gözəl insan idi. Onunla bağlı o qədər xatirələrim var ki. (xəyala dalır) O, mənim qayğıma daha çox qalardı. Digər müəllimlər tələbələrlə mənə fərq qoyurdular, dərsimi bilməyəndə heç nə demirdilər, hörmət edirdilər. Bəzən belə eləmələri xətrimə dəyirdi. Mən istəmirdim ki, onlar nəyə görəsə məni digər tələbələrdən ayırsınlar. Nihal müəllim isə məni tələbələrindən ayırmazdı. Digər tələbələrlə necə rəftar edirdisə, mənə də eyni münasibəti göstərirdi. Dərs məsələsində ciddi idi, amma digər münasibətlərdə bacım kimi rəftar edirdi. Mənim hafiz olmağımı o daha çox istəyirdi.
- Quran öyrətdiyiz insanlar varmı?
- Var. Türkiyədən gələndən sonra Şəbnəm Qız Quran kursunda görməyənlər üçün kurs açıldı. Bir müddət o kursdakı tələbələrə dərs verdim. Hal-hazırda işləmirəm. Amma tələbələrim həmin kursda müəllimədirlər.
- Həyat sizin üçün çətin olmur ki?
- Həyat hamı üçün çətindir. Hər insanın özünə görə problemləri olur.
- Qurani Kərimlə bağlı insanlara nə demək istəyərdiniz?
- İstəyərdim ki, hər kəs Qurani-Kərimi oxusun. Hamı İslamı qəbul etsin.
- Həyatda gözünüz görmədiyinə görə sizə toxunan hansısa bir hadisə olubmu?
- Gözü görməyən insanlar bir az həssas olurlar. Xoşlanmadığımız sözdən tez inciyirik və xətrimizə dəyir. Bu cür şeylər həyatımızda çox olub.
- Bəzən gözdən əlillər öz qüsurlarına görə utanc hissi yaşayırlar. Bu cür insanların sıxıntı yaşamaması üçün, onların təsəllisi olmaq üçün ən çox nəyə diqqət etməliyik?
- Əslində, bu onların ətrafındakı insanlardan aslıdır. Çünki bu cür insanların qayğıya daha çox ehtiyacı olur. Bu cür insanları evdə qapalı saxlamaq olmaz. Təbii ki, bu cür insanları evdə qapalı saxlayanda onlar bu sıxıntını yaşayacaqlar. Əslində gözü görməyən insanlar Quran oxusalar onların heç bir sıxıntısı olmaz.
- Gün ərzində Qurana nə qədər vaxt ayırırsınız?
- O baxır işlərimin az və ya çox olmağına. Ümumiyyətlə çalışıram ki, hər gün ən azı bir cüz oxuyum.
- Ayna xanım, bizə vaxt ayırıb redaksiyamızın qonağı olduğunuz üçün təşəkkür edirik.
- Mən də sizə təşəkkür edirəm.
ŞƏRHLƏR