CANLI QURAN OLA BİLMƏK

CANLI QURAN OLA BİLMƏK

     Peyğəmbərimizin (s.ə.s) əxlaqını, həyat tərzini bilmək istəyənlərə, Onun həyatı ilə maraqlananlara Hz. Aişə (r.a) anamız qısa və misilsiz cavab vermişdir: Onun əxlaqı Quran idi”[1], "O, canlı Quran idi”.

     Canlı Quran olmaq Qurana can vermək deyil, Quranla canlanmaq mənasındadır. Quranın təravətindən istifadə edib gözəl rayihələr yaymaq deməkdir. Quran ziyafətində, Quran süfrəsində mənəvi aclığımızı doydurub canlı olmağa can atmaqdır. Quran abi-həyatdır. Hər kəsə can verir, nəfəs verir.

     Zülmün, vəhşiliyin vüsət tapdığı bir dövrdə səmadan yerə nazil olan rəhmət yağışı kimi bəşəriyyətin canlanmasına, nur kimi aydınlanmasına vəsilə olan Qurani-Kərim Allah-Təala tərəfindən kainata ən dəyərli bəxşişdir, ərməğandır. Quran insana əxlaqı, ən əsası da insan kimi yaşamağı öyrətdi. Əhsəni-təqvimlə yaradıldığını, məxluqatın əşrəfi olduğununu dərk etdirdi. Qurani-Kərim bəşəriyyətin canlı qalması üçün dirilik suyudur. Necə ki, təbiət yağışa möhtacdır, yağış yağanda canlanırsa, bu kainat da Qurani-Kərimin feyzinə möhtacdır. Göydən yerə yağmur yağmasa, təbiət büsbütün məhv olar. Eləcə də, insanlar da göydən yerə nazil olan Quran yağmuruna, Quran rəhmətinə möhtacdırlar. Yəni bəşəriyyət də Quranın rəhmət yağmurlarından məhrum qalarsa, deməli, məhv olub gedər. Məhz buna görə də bəşəriyyət, insanlıq, insan oğlu nə qədər Quranın rəhmət yağmurlarında islanarsa, bir o qədər canlı olacaqdır. Beləliklə, canlı Qurana çevriləcəkdir.

     Quran bəşəriyyətə canlılıq verməsi üçün nazil edilmişdir. İnsanları hidayətə, yaxşılığa götürən bu rəhbər kitab dünya həyatında yaşamağın yollarını göstərmişdir.

     Bir insan necə canlı Quran ola bilər? Və  yaxud da Peyğəmbərimiz kimi Quran əxlaqına necə sahib ola bilər?

     Canlı Quran olmaq üçün Allaha, Onun mələklərinə, peyğəmbərlərinə, kitablarına iman gətirməklə və bundan əlavə malını qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yolda qalmışlara, dilənçilərə sədəqə etməklə, namaz qılıb zəkat verməklə, eləcə də əhd edəndə əhdinə sadiq qalmaqla, çətinliklərə və məşəqqətlərə səbir etməklə mümkündür[2]. Ən əsası da müttəqi olmaqla, çünki Quran müttəqilərə yol göstərən kitabdır[3].

     Yenə canlı Quran olmağın yolu qəzəbini udmaq, insanların günahlarından keçmək[4], yetim malına əl uzatmamaq[5], sui-zənn və qeybət etməmək[6], əmanətə riayət, əhdi qoruyub saxlamaq[7]  kimi xüsuslara riayət etməklə mümkündür.

     Canlı Quran ola bilmək üçün həsəd aparmaqdan, rəqabət aparmaqdan, nifrət etməkdən, arxa çevirməkdən, zülm etməkdən, kin bəsləməkdən uzaq durmaq lazımdır[8]. Valideynlərə yaxşılıq etməklə, onların qulluğunda durmaqla[9] bu ali vəfsi əldə etmək olar. Allahın bizdən istədiyi vacib əməllərə riayət etməklə- namazları vaxtı-vaxtında qılmaqla, yaxşı işləri görməyi əmr etməklə, piş işlərə mane olmaqla, başa gələcək müsibətlərə dözməklə[10] canlı Quran xüsusiyyətinə sahib olmaq olar. Adamlardan təkəbbürlə üz çevirmək, yer üzündə lovğa-lovğa gəzib dolanmaq[11] kimi mənfi xüsusiyyətlərdən uzaq durmaq şərtdir.

     Quran bəşəriyyətin rifahı üçün nazil olan həyat düsturudur. Hər hansı müsabiqədən, imtahandan keçmək üçün müəyyən kitabları, məlumatları dəfələrlə oxuyub yüksək səviyyədə hazırlaşırıq. Axirət imtahanına da yüksək səviyyədə hazır olmaq üçün Qurani-Kərimi dəfələrlə oxuyub öyrənmək, dərk etmək və həyata keçirmək məcburiyyətindəyik. Canlı Quran ola bilmək üçün mütləq Quranın əmrlərinə tabe olub, həyatını Quranın istədiyi formada yaşamaq şərtdir.

     Biz Quranı həyatımıza görə oxuyub başa düşməməliyik, həyatımızı Qurana görə tənzim etməliyik. Həm Quran əxlaqı ilə tərbiyə alıb, onun feyzindən bəhrələnib gözəl əxlaqa yiyələnmək, həm də Quranın bütün əmrlərinə tabe olaraq canlı Quran ola bilmək xoşbəxtliyinə nail olmaq üçün səy göstərməliyik.

     Canlı Quran olduqdan sonra və Quran əxlaqına yiyələndikdən sonra artıq insanın şəxsiyyəti kamillik dərəcəsinə çatır. Ən böyük nümunə öndərimiz Peyğəmbərimizin (s.ə.s) həyat tərzinə nəzər yetirəndə görürük. Biz Quran əxlaqına sahib, Canlı Quran olan bir Peyğəmbərin ümmətiyik. Canlı Quran ola bilmək üçün mütləq Peyğəmbərimizin (s.ə.s) həyat tərzini mənimsəmək lazımdır. Peyğəmbərimizin (s.ə.s) həyatından nəsibini almayanlar nə qədər Quranın hökmlərini oxusalar da, heç bir zaman onlardan canlı Quran çıxmaz. Həm də Quran əxlaqına da yiyələnə bilməz. Çünki Quranda Peyğəmbərimiz (s.ə.s) haqqında belə deyilir: "Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!"[12]

     Allah-Təala insanlara qarşı o qədər mərhəmətlidir ki, həm Quran göndərmiş, həm də Quranı öyrətmişdir[13]. İnsanlar da bunun müqabilində Allahın göndərdiyi Quranı oxuyub əməl etmək məcburiyyətindədirlər.

     Nəticə olaraq hamımızın hədəfi Quranın təravətindən nəsibini almaq, onun nəsihətlərinə, tövsiyələrinə qulaq verib, əmrlərinə tabe olmaq olmalıdır.

[1] Müslim, Salat, 147.

[2] Bəqərə, 177.

[3] Bəqərə, 2.

[4] Ali-İmran, 134.

[5] Nisa, 2.

[6] Hucurat, 12.

[7] Muminun, 8.

[8] Buxari, Ədəb, 7/88; Müslim, Birr, 4/1986.

[9] Loğman, 14.

[10] Loğman, 17.

[11] Loğman, 18.

[12] Qələm, 4.

[13] Rəhman, 2.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz