MUHƏMMƏDİ QULLUQ DƏRYASININ DAMLASI HZ. MÖVLANA
Uca Allah Qurani-Kərimdə belə buyurur:
“(Ey insanlar!) Verdiyiniz nemətlərlə sınamaq üçün sizi yer üzünün varisləri təyin edən, dərəcələrə görə birinizi digərinizdən üstün edən Odur...” (Ənam, 165)
Bizləri xəlq edən Uca Allaha şükürlər və həmd-sənalar olsun. Haqq Rəsulu Muhəmməd əleyhissalama salətu-salam olsun.
İlahi rəhmətin, ilahi etibarın, ilahi cazibənin və ən əsası ilahi muradın əsəri olan insan övladı üzərinə qoyulmuş olan məsuliyyət yükünü idrak və təfəkkür etməli, bu rəhmətin isti nəfəsini hiss etməli, bu etibarı lazımınca qiymətləndirməli, bu cazibəni Rəbbinə yönələn eşq və məhəbbət hissi ilə tamamlamalı, yalnız bundan sonra Rəbbinə vermiş olduğu qulluq əhdini yerinə yetirmə yolunda kövrək addımlarını atmağa çalışmalıdır. İnsanoğlu üçün olduqca ağır, lakin ağır olduğu qədər də şərəfli olan bu yolun yolçusu olmaq Aləmlərə Rəhmət olaraq göndərilmiş Haqq Rəsulu Hz. Muhamməd əleyhissalama sözsüz tabe olmaqla mümkündür. İlahi sirlərin mükəmməl bir idrak aynası olan Muhəmmədi qulluq dəryasının həqiqi dəyərini anlamaq yalnız bu dəryanın bütövlüyünə sinə açmış öndərləri izləməklə mümkündür. İslam aləminin bənzərsiz söz sahibi, qulluq əri olan Mövlanə Cəlaləddin Ruminin artıq 800 ilə yaxındır ki, bu istiqamətdə Muhəmmədi qulluq sirlərinin incə bir dil ilə könüllərdə yuva qurmasına çalışması və buna nail olması gözlər önündədir. Muhəmmədi qulluq dəryasına damcılayan Mövlanə damlalarının əmələ gətirdiyi ləpələr sahildə gözləyən neçə-neçə sinələrin qəflət pərdəsini yuyaraq onları da bu dəryanın sakinlərinə çevirməkdədir. Məşhur əsəri olan "Məsnəvi"sində bu məqamları belə dəyərləndirir:
“Məsnəvi Nil suyu kimidir. Misir xalqına qan, Musa qövmünə isə sudur (Musa əleyhissəlamın möcüzələrini nəzərdə tutur). Sözlərim ancaq sənin anlayışın qədərdir. Ah! Sağlam bir anlayışa nə qədər də həsrətəm”.
Muhəmmədi qulluq dəryasının mahiyyətinə vasil olmanın olduqca ciddi bir qeyrət və istək tələb etdiyini vurğulayan Mövlanə bunları söyləyir:
“Amma mən kimə söz söyləyim. Abi həyat (dirilik yurdu) tərəfinə meyl edən bir canlı haradadır? Bir çətinlik görüncə həmən eşqdən qaçdın. Bu təqdirdə ilahi eşq olaraq bildiyin sadəcə bir isimdir”.
İnsan oğlunun həqiqi səadəti Quran və Sünnə ölçüləri ilə qazanılan bir ömür sərmayəsinin özündən savayı başqalarına da əbədi səadətin qapılarını aralayacaq dərəcədə yetərincə olmasından çox asılıdır. "İnsan özü üçün istədiyini qardaşları üçün də istəmədikcə kamil mənada iman gətirməz"- hədisinin məna dərinliyinə yüklənənən Mövlanənin mənliyində yetişdirmək istədiyi məzmun, ümmətin dərdləri ilə əhatələnən kamil bir insan xarakterindən ibarətdir. Bu istiqamətdə həm özünün, həm də Muhəmməd ümmətinin izləyəcəyi qurtuluş yolunun meyarlarını başqalarına da əyan edən Mövlanə bildirir ki, yalnız sinələrdə açılan Quran və Sünnə cığırları ilə Muhəmmədi qulluq səadətinə yetişmək olar:
“Canım bədənimdə olduqca Quranın kölgəsiyəm. Mən Allahın seçkin peyğəmbəri Hz. Muhammədin (s.ə.s) yolunun torpağıyam. Hər kim bundan başqa məndən bir söz nəql edərsə, ona çox üzülür və bu sözdən də çox üzüntü duyaram”.
Artıq Muhəmmədi (s.ə.s) qulluq dəryasında Mövlanənin hikmət damlaları ümmana çevrilməyə başlayır. Yaşamış olduğu hallar, izləmiş olduğu hikmət təcəlliləri onun mənəvi təlatümünün dərəcələrini göstərir:
“Hz. Əhməd (yəni Muhəmməd əleyhissəlam) əgər (Aləmlərə Rəhmət olan) o ulu və uca qanadını açarsa, Cəbrayıl (ə.s) əbədi olaraq özündən keçib gedər. O meracda Tanrı ululuğu ilə Tanrı əhli belə yol tapa bilməz. Bizim məqamımıza nə bir şəriət sahibi peyğəmbər ucala bilər, nə mələk, nə də ruh- dedi Rəsulullah, artıq düşünün, anlayın. Ona bənzəri gəlməmiş, nə də gələcəkdir”.
Bu şəkildə hikmət təcəlliləri ilə dolub daşan qəlb aləminin Rəbbindən bir an olsun belə ayrı qalmağına dözməyən Mövlanə bunları söyləyir:
“Ey Peyğəmbərlərin canlarına səadət bağışlayan Allahım. Ya məni yanına çağır, yaxud da lütf et tənəzzül et. Sən könlümə gəl. Kafirlər belə sənin ayrılığına dayanmayaraq "Nə olardı mən də torpaq olaydım" - deyərlər. İmansızlar tərəfində olan bir kafir belə Səndən ayrı dayanamaz ikən Sənə inananların Sənə bağlananların Səndən ayrı düşüncə halı necə olur?”.
İlahi rəhmət nurlarının müşahidəsi ilə Muhammədi (s.ə.s) qulluq həqiqətini hədəfləyən əzmi və qeyrəti Mövlanəni ümumbəşəri miqyasda kimliyimizdən asılı olmayaraq hər bir insan üçün izləniləcək bir örnəyə çevirmişdir. Mənliyindəki, vücudundakı eşq atəşi ilə bədən zindanında çırpınan ruhları da alovlandırmaq istəyən Mövlanə möhtəşəm dua örnəyində Rəbbimizdən bunları diləməkdədir:
Ey Malikül-mülk olan Allahım! Cəmalına müştaq olaraq ictihadla varlıq dəryasından keçmək istəyənləri səlamət və səadətlə fazlu rəhmətinin sahilinə qovuşdur. İlahi cəmalının arzusunda olanları mərhəmü dərmanın sayəsində rəhmət və xeyirlə mükafatlandırıb hər birinin qəlb gözünü qeybi əzhar və ənvarın tamaşasıyla nurlandır. Həva və şəhvət qaranlıqları içində tənha dolaşan gecə yolçularını belə yolu itirməkdən mühafizə eylə.
Ya ilahəl-aləmin! “Enin!” fərmanı ilə ruh quşlarımızı yaxalayıb bu torpaq qəlibə həbs etmiş olduğundan onları yenə fəzlü-kəmalınla bu çətin tələdən xilas edib aləmi qeybi müşahidəyə müvəffəq eylə! Amin!
ŞƏRHLƏR