Prof.Dr.İlber ORTAYLI – İSTANBULDA TARIXI YAŞAMAQ

Prof.Dr.İlber ORTAYLI – İSTANBULDA TARIXI YAŞAMAQ

“Şehir ve kültür: İstanbul” kitabından alıntı.

Roma və İstanbul; qədim və orta əsrlər dünyasının bu iki metropol şəhərinin bir xüsusiyyəti: ətrafındakı qala divarlarının böyük bir qisminin hələ də ayaqda qalmasıdır.

 İstanbulun şəhəri qərbdən, cənubdan və şərqdən əhatələyən divarları hələ də qorunub saxlanmaqdadır.

Bu divarlar ilk dəfə şəhərin quruluşundan yüz il sonra İmperator Feodosi dövründə şəhərin genişləndirilməsi zamanı inşa edilmişdi. Şəhərə Ədirnə istiqamətindən daxil olduğumuz zaman Ədirnəqapı, Topqapı və ya Yedikule səmtlərindəki qala divarlarını müşahidə edə bilərsiniz. İstanbul qala qapıları arasında ən məşhur olanı əsrlərcə Avropadakı yürüşlərindən zəfərlə geri dönən orduların şəhərə daxil olduğu Ədirnəqapı qapısıdır. Bu qapıdan daxil olduğunuz zaman Osmanlı İstanbulunun nadidə incilərindən olan, Memar Sinanın Mihrimah Sultan adına inşa etdiyi Mihrimah Sultan Camesi gözə çarpır. Qanuni Sultan Süleymanın qızı burada və Üsküdarda tikdirdiyi iki möhtəşəm məscid ilə şəhərə gələnləri qarşılamaqdadır.

İstanbul qala divarlarındakı digər məşhur qapı Fateh Sultan Mehmedin şəhərə daxil olduğu Topqapıdır. Onun cənubunda isə Altun qapı yerləşir ki, Bizans dövründə zəfərlə qayıdan hökmdarlar təntənəli mərasim ilə bu qapıdan daxil olardı. 

İstanbulun qala divarları Çin səddindən sonra tarixin ən mühüm müdafiə xətlərindən biridir və min il boyunca saysız istila və mühasirələrdən şəhəri mühafizə etmişdir.

Qala divarlarının qüllələrində və qapılarda Osmanlı dövründə edilən təmirlər Şərqi Roma imperatorluğunun zəfər və çöküş dövrünün izlərini – bir çox daş kitabələri silmədən, olduğu kimi saxlamışdır.

İstanbul dünyanın ən gözəl siluetə sahib şəhəridir. Xəlicdən baxanda Süleymaniyyə və Sultan Səlim cameləri, Mərmərədən baxanda Sultanəhməd və Cərrahpaşa, quru tərəfdəki divarlardan baxanda Hacı İvaz Paşa, Ədirnəqapıda Mihrimah Sultan və ya Asiya tərəfdən dəniz yolu ilə gələrkən Sultan III Səlim kazarması, Üsküdar meydanı və oradakı əzəmətli məscidlər, Qalata tərəfə badığınız zaman oradakı qüllə və ətrafı doyumsuz mənzərələrdir. Amma heç şübhə yoxdur ki, şərq tərəfdən – Mərmərə dənizindən görünən Topqapı sarayı, Ayasofya və Sultanəhməd üçlüsü dünyada bənzəri olmayan bir ehtişam və zərafət mənzərəsini meydana gətirir. Günün hər saatı və ilin hər günündə, günəşin və ya ay işığının altında, yaxud fırtınalı və yağışlı havada çaxan şimşəklərin işıltısında Mərmərədən Sultanəhməd və Ayasofyanı seyr etmək əvəzedilməz bir həzdir.

İstanbul IV əsrdə rəsmən şəhər olaraq qurulandan bəri, heç şübhəsiz, onun başqa adları da olmuşdur. Təkcə İtaliyadakı Roma ona tay göstərilə bilərdi ki, bir əsr ərzində  istiqrarlı, zəngin və güclü bir imperatorluğun mərkəzinə çevrildiyi üçün “Nova Roma” yəni “Yeni Roma” əvvəlkini kölgədə qoydu. Köhnə Roma çökdükcə, kasıblaşdıqca, dağıldıqca, əhalisi azaldıqca Mərmərə sahilindəki “Yeni Roma” onun əksinə, genişlənməyə başladı. Orta əsrlər boyunca yer üzündə ondan daha böyük bir şəhər təsəvvür etmək imkansız idi.  

İstanbuldakı Ayasofya inşa edilərkən bəşəriyyət tarixində ilk dəfə bir qübbəni sütunlar və onları bağlayan tağlar üzərinə yerləşdirdilər. Bu böyük memarlıq ustalığını nəinki digər millətlər, heç Bizans xalqı və romalıların özləri də bir daha təkrarlaya bilmədilər. Hər yerdə Ayasofya təqlid edildi, amma heç birində həqiqi Ayasofyanın ehtişamlı xüsusiyyətləri, nə hündürlüyü (55m), nə də qübbəsinin genişliyi (31m) təkrarlana bildi.

İstanbul toy-büsat şəhəri idi. XV əsrdən sonra qədim imperatorluqdan qalma bu təntənə, böyük dəyişikliklərlə müşayiət olunsa da, Osmanlı ənənəsi olaraq davam etmişdir. Bu şəhərdə hökmdarın necə yaşayacağı, saray əyanları ilə gündəlik münasibətləri, necə yemək yeyəcəyi, müəyyən günlərdə - xüsusilə də cümə günlərində cümə namazına gedərkən “salamlıq” deyilən mərasimin necə icra olunacağı ən incə təfərrüatlarına qədər təsbit edilərdi. Bu, təkcə imperatorluğun sakinləri üçün deyil, bütün İslam dünyası üçün əhəmiyyət kəsb edirdi. Cümə salamlığı bir salamlaşma mərasimi olmaqdan daha çox ədalətin timsalı, xalqın ən aşağıdakı təbəqələrindəki insanlarla, ucqar bölgələrdən, kəndlərdən gələnlərlə padşahın və vəzirlərin yaxın təmas qurduğu bir gün idi.

İstanbul böyük imperatorluğun paytaxtı idi. Hər mərasim bunu göstərmək üçün vəsilə idi. Məsələn, hər üç ayda bir yeniçəri əsgərlərinin maaşları sarayda təntənəli şəkildə verilərdi. Hər yeniçəri dəstəsinə veriləcək mükafat böyük dəri torbaya qoyularaq təqdim olunardı. Bu zaman yeniçərilər “qulqulə” deyilən gurultulu, amma nizamlı səs çıxardardı. Yeniçərinin özlərini alqışlarcasına mədh edən bu məclisləri o tədbirdə iştirak edən yerli-xarici hər kəsi məftun edərdi. Bənzər şəkildə padşah Əyyub meydanında “qılınc qurşanma” mərasimi keçirdikdən sonra gedəcəyi yerlər, bütün yol xəritəsi əvvəlcədən müəyyənləşdirilər və həm qurudan, həm də dənizdən müşayiət edilərək təqib edilərdi. Padşahların Ramazan aylarında saray xidmətçilərinə ikram etdiyi paxlava siniləri “paxlava alayı” deyilən təntənəli keçidlə təqdim olunardı. Padşah qızları üçün şənlik, oğlanlar üçün isə təntənəli sünnət mərasimi keçirilər, sənətkarlar və oyunbazlar meydana çıxaraq hünərlərini və yeni məhsullarını ortaya qoyardılar. Bunların hamısı min illik Şərq adətləri idi ki, Osmanlının İstanbulunda daha da zərif bir görkəm alaraq zirvəyə yüksəlmişdi.

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz