Prof.Dr. Nurullah ÇETİN – MAKS MÜLLERİN “İSTANBUL MƏKTUBLARI”
Xanım G. Maks Müller 1893-cü ildə İngiltərədə millət vəkili olan əri ilə birlikdə İstanbulun İngiltərə səfirliyində işləyən oğlunu ziyarətə gəlir. Üç ay İstanbulda qalan yazıçı şəhərdə gördükərini yazaraq məktublar halında İngiltərəyə göndərir.
Sonradan həmin məktublar kitab halında nəşr olunur. II Əbdülhəmid xan zamanını və ogünkü İstanbulu təsvir edən və səyahətnamə deyə biləcəyimiz bu əsər 16 məktubdan ibarətdir. Bunların 12-si xanım Maks Müllerə, 4-ü isə ərinə aiddir. Burada həmin əsərdən İstanbul xalqını təsvir edən bəzi hissələri qeyd edəcəyik.
Türk kimliyi
Vətənsevərdir: Ən böyük özəlliklərindən biri vətənsevər olmalarıdır. Mətin və güclü olan əsl türk 400 ildən artıqdır “mənimdir” dediyi bu ölkəni başqalarına verməmək üçün son damla qanına qədər vuruşmağa hazırdır.
Sirsaxlayandır: Türkləri tanımaq, zəif və güclü tərəflərini öyrənmək çox çətindir. Türklərin əcnəbilərə sirr vermədiyini, xüsusilə şəxsi və ailə həyatlarını gizli saxladıqlarını gördüm.
Səs-küydən uzaqdır: Onlar çox danışmağı sevmirlər. Az danışırlar. İctimai yerlərdə də hədsiz dərəcə sakitçiliyə riayət edirlər. Böyüklərin yanında danışmağı ədəbsizlik sayırlar.
Alicənab və mərhəmətlidir: Küçədə gəzərkən alicənab hərəkətləri ilə diqqətinizi çəkərlər. Hətta ən kasıb ailələrin də uşaqlara sevgi, zəiflərə şəfqət, heyvanlara mərhəmət bəslədiyini görərsiniz.
İçkidən uzaqdır: Şəhər həddən artıq qələbəlikdir. Amma küçədə dalaşan adamlarla rastlaşmaq imkansızdır. Sərxoş kişi və ya qadınla rastlaşmaq heç mümkün deyil. İşdir, hardasa sərxoş bir adam görsəniz, bunun əsla türk olmadığını bilin. Bizdə bütün dava-dalaşın, hətta cinayətlərin səbəbinin sərxoşluq olduğunu xatırlasaq, bunun nə demək olduğunu anlayarıq. İngilis bir papaz deyir ki, “İngiltərəni ayıq görməkdənsə hür görməyi istəyirəm”. Türklər həm ayıq, həm də hürdür. Ali sinifdən bəzi istisnaları çıxmaqla deyə bilərik ki, hələ içki aludəçisi deyillər. Bu, onların azad seçimi ilə peyğəmbərlərinə hörmətlərindən irəli gəlir. Xalqın aşağı təbəqəsində içki aludəçiliyi başlasa, nələr olacağını düşünmək belə qorxuncdur.
Oğurluq etməz: İstənilən satıcı arxayınlıqla dükanından çıxıb aralaşa bilər. Çünki burada ən səfil dilənçi belə məscid hüdudları içərisində yerləşən dükanlardan oğurluq etməz.
Döyüşkən ruhludur: Hansısa məscidin qarşısında toplaşan kütlənin azacıq təhriklə aslan kimi kükrəyəcəyindən ehtiyat edərsiniz.
Xristianlarla münasibətləri
Türklərin xristianlığa nifrət etdiklərini zənn etmək böyük yanlış olardı. Əksinə, xristianlığa hörmətlə yanaşırlar. Əgər bir xalqa nifrət edirlərsə, xristian olduğu üçün deyil, erməni, rus, bolqar olduğu üçün nifrət edirlər. Heç bir ölkədə başqa inancdan olan adamlar Osmanlıda olduğu qədər yüksək rütbəli vəzifəyə gələ bilməz. Burada sadəcə nazirlər arasında deyil, mühüm dövlət sirləri daşıyan səfirlər arasında belə xristianlara rast gəlmək mümkündür.
Dinlərinə və adətlərinə bağlılıqları: Türklər dinlərinə və adət-ənənələrinə həddən artıq bağlıdırlar. Nənələri Quran qədər əzizdir. Gündəlik həyatlarını nizamlayarkən onları diqqətə alırlar. Dindar, mühafizəkar, bir az da dar fikirlidirlər. Səmimiyyətlə dini vəzifələrini yerinə yetirmələrini görmək adama zövq verir. Küçədə, bazarda gedərkən əsgər, hambal, hətta dilənçilərin belə diz çöküb dua etdiyini görərsiniz. Hər gün toplu halda məscidə girib namazlarını qılan, sonra da işinə qayıdan kişilərlə rastlaşarsınız. Heç nəyi riyakarlıq naminə etməzlər və namaz qılarkən heç nə onlara mane ola bilməz. Cümə günü məscidlər dolub-daşar. Ayasofyada imamın minbərə çıxıb qılıncına söykənərək xütbə oxuması - qəlbimizdə hansı hissləri oyandırmasından asılı olmayaraq – görməyə dəyər haldır.
Məzar mədəniyyəti
Yuxarı hissəsi papaq kimi yonulan məzar daşları diqqət çəkir. Qadınlara aid məzar daşları uzun və zərifdir, üstündə qızılı rənglə yarpaq naxışları çəkilib. Yarpaqların arasında gördüyünüz çiçəklər övlad sayını göstərir. Sadəcə bir-iki başdaşında çiçəksiz yarpaq gördük. İngiltərədə bənzərini görmədiyimiz sərv ağacları var. Bütün məzarlıqlarda, məscid həyətlərində rastınıza çıxar. Deyilənə görə sərvin gözəl ətri qəbiristanlığa ziyarətə gələnlərə sirayət edən pis təsirləri yox edir.
Türk qadınları günlərini məzarlığa sərdikləri xalıların üstündə keçirməkdən həzz alırlar. Rumeli hisarında, tam qəsrin aşağısında dənizə tərəf meyilli olan və bu gün istifadə olunmayan məzarlıq türk qadınlarının ən çox bəyəndiyi piknik ərazisidir. Hər dəfə boğaza gedəndə burada bəyaz libaslı, üzü niqablı qadınların rəngarəng xalıların üstündə oturduğunu gördük.
Bir türk cənazəsinə rastlasanız, camaatın tələskənliyi sizi heyrətə salmasın. İngiltərədə ayıb sayılan bu hərəkətin səbəbi ruhun bir an əvvəl rəhmətə qovuşmasını arzu etmələridir. Dindar bir türk cənazə mərasimi ilə qarşılaşsa, cənazəni daşıyanlara kömək etmək üçün dərhal ora can atar.
ŞƏRHLƏR