LEYLASI İSTANBUL OLAN MƏCNUN
Uca Allah Qurani-Kərimdə belə buyurur: “Artıq Allah tərəfindən sizə bir nur və açıq-aydın bir Kitab (Quran) gəldi. Allah Öz lütfünə sığınanları onunla (peyğəmbər və Quran vasitəsi ilə) əmin-amanlıq yollarına yönəldər, onları Öz izni ilə zülmətdən nura çıxarar və düz yola istiqamətləndirər! (əl-Maidə, 15-16)
Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Onun Haqq Rəsulu Hz. Muhammədə salətu-salam olsun.
Aləmlərin rəhmət qibləsi olan Rəsulullahın Haqdan gələn həqiqətləri candan təbliği sayəsində dünya tayı-bərabəri olmayan bir rəhmət ümmətinin və mədəniyyətinin nuru ilə aydınlığa qovuşdu. Bu ümmətin hər bir fərdi, hətta yaşı doxsanı haqlamış Əyyub əl-Ənsari kimi səhabələr cavan yaşlarında olduğu kimi, bu ahıl dövründə də Rəsulullahın “Konstantiniyyə fəth ediləcəkdir” müjdəsinə bütün varlığı ilə sarılaraq fəth səfərınə çıxması və gələcək nəsillərə mümtaz bir örnək kimi şəhid olaraq qala divarlarının önündə dəfn edilməsi ilə Allaha və Rəsuluna sədaqət yarışında fəth şüurunu canlandıraraq onu gələcək nəsillərə ötürməyə müvəffəq olmuşdur. “İstanbul mütləq fəth ediləcəkdir. Onu fəth edən sərkərdə nə gözəl sərkərdə, o ordu nə gözəl ordudur” (Əhməd bin Hənbəl, Müsnəd, 4, 335)- şəklində səslənən peyğəmbər müjdəsini könüllərə rəhbər edənlər bu şəhəri almağa 29 dəfə cəhd göstərdilərsə də, bu şanlı vəzifə könüllər sultanı Ağşəmsəddin həzrətlərinin yetişdirmış olduğu Sultan İkinci Mehmed xana müyəssər oldu.
Artıq sevimli ustadının tərbiyəsi ilə bu qədim şəhərə bir məcnun gözü ilə baxan Mehmed xana görə İstanbul illərdir həsrətini çəkdiyi Leyla halına gəlmişdi. Uşaqlığından xəyalı ilə yatıb-qalxdığı və adını röyalarında sayaqladığı Konstantiniyyə onu gözləyirdi. Rəsulullahın müjdəsini gerçəkləşdirmək üçün atalarının və könül rəhbərlərinin izi ilə addım-addım əzəmi bir diqqətlə irəliləyən Mehmed xan şəhərin xəritəsini çıxartmışdı. Gecə-gündüz beyninə nəqş etdiyi Konstantiniyyənin küçələrini o, bir bizanslı qədər yaxşı tanıyırdı. Bu şəhəri onun son imperatoru XI Konstantindən də çox sevirdi, çünki o bir peyğəmbər müjdəsi idi. Bu şəhərə məftunam deyirdi, çünki o onun Leylası idi. Peyğəmbər müjdəsinin əzəmət təcəllilərinə qərq olan qəlbi müdhiş bir çırpıntı ilə şəhərin bürclərini, Ayasofyanın qübbələrini sarmışdı.
Lakin bir fikir beynini, içini qovurmaqda idi: “ Görəsən, şəhəri ala biləcəyəmmi?”. Bir gecə tərəddüdünü ustadı ilə bölüşdü. “Narahat olma, - dedi Ağşəmsəddin, - Konstantiniyyəni alacaqsan!” Könül sultanının qətiyyətli sözü ilə qəlbi açıldı, üzü aydınlığa qovuşdu. Qəti olaraq bilirdi ki, ustadı boş danışmaz, quru təsəlliyə bel bağlamazdı.
Ustadının maneələri dağıdan hökmü sultana fəaliyyət rəhbəri oldu. Fəth hazırlıqları sırasında qarşılaşdığı bütün çətinliklər ustadının qətiyyətli işarəsi qarşısında bir anda əriyib yox olurdu. Ağşəmsəddin həzrətləri bu möhtəşəm iradəsi ilə Mehmed xan başda olmaqla sayı iki yüz minə çatan Osmanlı ordusunun qəlb yaddaşında fəth müjdəsinin önəmli yer tutmasına elmi, əməli və duaları ilə həyat verən bir könül günəşi idi.
Ustadının “Konstantiniyyəni alacaqsan” hökmü gənc Mehmed xana yüz illik hazırlıq işıni bir ildə tamamlama qüvvəti verdi. Ölkə daxilində bizans tərəfindən alovlandırılan fitnə atəşini söndürməyə müvəffəq olan sultan Konstantiniyyəni mühasirəyə aldı. Mühasirə müddətində baş verən gərgin döyüş günlərinin birində Avropadan gələn yardım gəmiləri Osmanlı ordusunun mane cəhdlərinə baxmayaraq şəhərə daxil ola bildi. Bu səbəblə görünməmiş şənlik ab-havasına qərq olan bizanslılardan fərqli olaraq müsəlmanları bir üzüntü bürüdü. Candarlı Xəlil paşa sultana etirazını bildirdi: “Bir sufinin (Ağşəmsəddin həzrətlərinin) sözü ilə bu qədər əsgər qırdırdın və xəzinəni tükətdin. Kafirə yardım gəldi və şəhəri fəth etmək ümidləri qalmadı”. Mehmed xan baş verən vəziyyəti ciddi şəkildə dəyərləndirərək vəziri Əhməd paşanı Ağşəmsəddinə göndərdi: “ Ustadımızdan soruş, qalanı fəth edərək düşmənə qalib gəlmə ümidi varmı?”Ağşəmsəddinin cavabı gecikmədi: “Ümməti-Muhamməddən bu qədər müsəlman və qazilər bir kafir qalasına doğru hücum edərsə, inşallah, fəth nəsib olar”. Sultan bu cavabla kifayətlənmədi, vəzirini təkrar ustadına göndərdi: “ Söylə, hücum vaxtını təyin etsin”. Ağşəmsəddin həzrətləri müraqibəyə daldı. Rəbbinin sonsuz rəhmət iqliminə köklənən ustad fəth çalışmalarının xüsusi ilə həmin günkü gərgin anlarında ümməti fəth bayrağının altında toplamalı və şəhərə hücum istiqamətini təyin etməli idi. Sonra əllərini açdı. Üzü tər içində idi. Bir müddət sonra başını qaldırıb dedi: “Cəmaziyəl-əvvəl ayının iyirmisi günü səhər vaxtında inanc və əzmlə bildirdiyim istiqamətdə yürüsünlər. İnşallah, o gün fəth gerçəkləşər, Konstantiniyyənin içi azan səsləri ilə dolar”.
Nəhayət, cəkilən zəhmətlər öz bəhrəsini verdi və Ağşəmsəddin həzrətlərinin buyurduğu gün şərqi Roma imperiyasının 1125 illik paytaxtı hicri 857/ miladi 1453-cü ildə fəth ordusunun nəzarətinə keçdi.
ŞƏRHLƏR