MEMAR SİNANIN

MEMAR SİNANIN

Kayserinin Ağırnas kəndində 1490-cı ildə xristian ailəsində anadan olan Memar Sinan yeniyetmə çağında İslam dinini qəbul etmiş və Osmanlı padşahı Yavuz Sultan Səlim dövründə Kayseridən İstanbula gətirilmişdir. 

Onunla eyni yaşdakı uşaqlar arasında ağıllı və aktiv olması ilə diqqət çəkən Sinan çox gənc yaşlarında memarlığa maraq göstərmiş və bu sahədəki qabiliyyətləri ilə önə çıxaraq elə gənc ikən minarələr, fəvvarələr, su kəmərləri və türbələr kimi bir çox önəmli tikililərdə işləmişdir. Əsil adı Sinanəddin Yusif olan bu dahi gənc memarlıq yolunda irəliləyərkən eyni zamanda uzun müddət hərbi xidmət də görmüşdür. Orduya xidmət göstərən yeniçəri karxanasında arxitektura baxımından üstün bacarıqları ilə sürətlə yüksəlməyi bacaran Memar Sinan eyni zamanda döyüş meydanlarında da öz bacarıq və qətiyyətli şəxsiyyətini ortaya qoymağa  müvəffəq olur. Belə ki, Osmanlı ordusunun bir səfəri zamanı önünü kəsən və keçmələri mümkün olmayan bir çay üzərində qısa müddət ərzində möhkəm körpü düzəldən Sinan bu möhtəşəm qabiliyyəti ilə Sultan Süleyman Qanuninin diqqətini cəlb edir və sultanın qərarıyla Osmanlı sarayının baş memarı vəzifəsinə təyin olunur.  Bu vəzifədə 50 il xidmət göstərən Sinan, adını tarixin silinməz səhifələrinə təkrarı nadir ola biləcək bir “memar” olaraq yazdırmağı bacarır.

Dahi memarın İstanbuldakı əvəzolunmaz əsərlərindən biri Şahzadə Məscidi və kompleksidir. Bu məscidin özünəməxsusluğuyla seçilmiş olmasına səbəb olan hadisə belə anladılır: Məscidin bəzi yerlərinin bərpası əsnasında orada işləyən mühəndislər daşların arasında içində məktub olan bir şüşə tapırlar. Memar Sinan tərəfindən yazılmış olduğu təsbit edilən məktubda: bu məscidin inşaatında istifadə olunan daşların ömrünün 400 il olduğu və zamanı gəldiyində dəyişilərək yenilənməsi lazım olduğu ifadə edilir. Bu məlumatlarla məhdud olmayan məktubun mətnində bu cür möhkəm daşların hansı bölgələrdən gətirilə biləcəyini söyləyərək ünvanını da qeyd edir. Məşhur memar bu məscidi inşa edərkən sadəcə qabiliyyətli bir memar olduğunu deyil, həmçinin zərif anlayışlı, uzaqgörən və bəsirətli bir dahi olduğunu da sübut etmişdir.

Dahi memarın ən görkəmli əsərlərindən bir digəri olan və İstanbulun simvoluna çevrilən Süleymaniyyə Məscidi əslində Süleymaniyyə Kompleksinin bir hissəsi kimi tikilib. Bu kompleksdə məscid, mədrəsələr, xəstəxanalar, ibtidai məktəblər, hamam və mehmanxana var idi. İbadət zalında yerləşən 275 ədəd çıraqdan çıxan tüstü məscidin divarlarını və tavanını qaraltmasın deyə divarların daxilindəki özəl dəhlizlər vasitəsilə yönləndirilərək xüsusi bir yerə yığılması təmin edilmişdir. Bununla həm məscidin, həm də namaz qılanların çıraqlardan çıxan zərərli tüstüdən qorunmaları nəzərdə tutulmuşdur. O bir yandan məscid inşa edərkən, digər yandan da insanların ruh halına və mənəviyyatına zərər verəcək durumları nəzərə alaraq böyük incəlik sahibi olduğunu da isbat etmişdır. Eyni zamanda yığılan hisdən yazı üçün qara boya hazırlanmasında istifadə olunurdu.

Ədirnədə bir təpə üzərində hicri təqvimlə 976-cı ildə inşa edilmiş, Memar Sinanın bütün əsərləri arasında en məşhuru hesab edilən və böyük memarın ustalığının hər mənada əks etdirildiyi Səlimiyə məscidində əvvəllər sınaqdan keçməmiş texnika, avadanlıq və vasitələrdən istifadə edilmişdir. 84  metr civarında hündürlüyü olan, hər biri üç şərəfəli, 3,8 metr diametrindəki dörd uzun minarəsiylə və 8 sütun üstündə yerləşən 43,25 metr yüksəkliyində, 31,25 metr diametrində, tək və geniş qübbəsi ilə seçilən bu məscid, böyük bir incəliklə inşa edilmiş və həmçinin xəttatlığı, çini sənəti və mərmər naxışları kimi müxtəlif sənət ustalığı ilə sadəcə ona baxanları heyran etməklə qalmır, eyni zamanda sənətşünasları və memarları da öz möhtəşəmliyi ilə heyrətə salır. Elə məhz buna görə də, boşuna deyil ki, bu tikili dahi memarın “ustalıq əsəri” olaraq tarixə keçmişdir.

Memar Sinanın ustalığını və dahiliyini təkcə zahiri olaraq əsərlərinin böyüklüyündə və valehediciliyində deyil, eyni zamanda əsərlərin görünməyən, ancaq zahiri qədər də önəmli olan və mahirlik tələb edən iç strukturunda fərq edə bilərik. Tikililərdə zəlzələyə tap gətirə biləcək xüsusi təməllərin olması, zəminin çökməsinin qarşısını almaq adına tikililərin təməllərinə və ətrafına qoyulmuş olan drenaj sistemi, bina içərisində əmələ gələn nəmi aradan qaldırmaq üçün, həmçinin soyuq və isti havanın balansını təmin etmək üçün hava kanallarının quraşdırılması və bir çox yenilik o dövrdə dünyada istifadə olunmayan arxitektura ixtiraları idi.

Dünyanın ən böyük memarlarından sayılan Memar Sinanın faydalı və məhsuldar həyatı 1588-ci ildə İstanbulda sonlanarkən geridə:  92 came, 52 məscid, 57 mədrəsə, 22 türbə, 3 xəstəxana, 8 körpü, 20 karvansara, 48 hamam, 7 su yolu kəməri, 35 saray və buna bənzər çox sayda tikili olmaqla üç yüz əllidən çox əsər qoyub getmişdir.

Zərifanə tikililər inşa edib könüllərə fərəh bəxş edən, İslamın əvəzedilməz memarlıq sənəti təmsilçisi olan sənətkarı rəhmətlə yad edirik.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz