İSTANBUL İSTANBUL OLANDAN BƏRİ...
1453-cü ildə qədim Konstantinopol şəhəri tarixinin ən böyük dönüş nöqtəsinə şahid oldu. Şəhərin Osmanlı torpaqlarına ilhaq edilməsi və artıq ayrı bir dövlətin paytaxtına çevrilməsi onun tarix səhnəsindəki roluna ayrı bir adla – İstanbul olaraq davam etməsi ilə nəticələndi.
Dilə daha xoş, ürəyə daha yatqın olan bu şirin ad tarixə elə bir möhür vurdu ki, dildən-dilə, şeirdən-şeirə ürəkləri fəth edib xəyalları bəzədi.
İstanbul ilə yaxınlığımız elə onun İstanbul olduğu ilk günlərdən başlayır...
Belə ki, Konstantinopolu İstanbula çevirən Fateh Sultan Mehmedin sarayında “Xəlvəti” sufi təriqətinin xüsusi yeri olduğu tarixdən məlumdur. Bu təriqətin qurucusunun Şamaxıda dünyaya gələn Pir Ömər Xəlvəti (vəfat.1397), dünyaya, həmçinin Anadoluya yayılmasını Bakıdakı 40 illik irşad fəaliyyəti ilə təmin edən şeyxin isə Seyid Yəhya Şirvani-Bakuvi (vəfat.1465) olduğunu nəzərə alsaq, fəth əsnasında həm duaları, həm də müridləri ilə bu böyük peyğəmbər müjdəsinə nail olmağa can atan bəxtəvər ordunun içində soydaşlarımızın da yer almış olması qaçınılmazdır. Elə bu böyük xidmətlərinə görədir ki, Sultan Mehmed fəthin tamamlanmasından sonra sarayında bu böyük könül insanının təmsilçilərinə yer ayırmış, Xəlvəti təriqətinin nümayəndələrinə ehtimam göstərmişdir.
Sovet quruluşunun aramıza hördüyü 70 illik dəmir pərdələri saymazsaq, bu əlaqələr günümüzə qədər güclü bir şəkildə davam etmişdir. Keçən əsrin əvvəllərinə qədər bu əlaqələrin ən üst səviyyədə davam etdiyi danılmaz bir həqiqətdir.
Yüz il əvvəlin Osmanlı İstanbuluna baxdığımız zaman türk-islam dünyasının elm və tərqqi mərkəzini, həmçinin böyük bir ümid qapısını görürük. Belə ki, milli-mənəvi şüur sahibi olan münəvvərlərin Rusiya və ya Avropanın bir çox şəhərlərində ali təhsil almış olmasına baxmayaraq, öz mütərəqqi fikirlərini inkişaf və ifadə etmək üçün doğma diyara – İstanbula üz tutduqlarını görməkdəyik. Bu fikrimi əsaslandırmaq üçün beş-altı misal versəm, yəqin ki, nə demək istədiyim daha yaxşı anlaşılacaqdır.
Naxçıvanda dünyaya göz açmış, Təbrizdə mədrəsə təhsili aldıqdan sonra ali təhsilini İstanbul universitetinin ədəbiyyat şöbəsində (1909) tamamlamış olan, İstanbulunun dövri mətbuatında – “İrşad” qəzeti və “Füyuzat” jurnalında vaxtaşırı yazıları ilə çox yaxşı tanınan mübariz ruhlu dahi dramaturq-yazıçımız Hüseyn Cavid;
Kür çayı sahilində, Salyan şəhərində anadan olan, Sankt-Peterburq Universitetinin riyaziyyat fakültəsində təhsil alan, daha sonra İstanbula gələrək (1895) Darulfünunda hərbi tibb sahəsində təhsil alan, “Füyuzat” jurnalının nəşrindəki çalışmaları ilə yanaşı dərin siyasi həyatın içinə atılan, “Bizə fədai lazımdır; türk hissiyyatlı, İslam etiqadlı, müasir qiyafəli!” şüarı ilə bayrağımıza əks edən azərbaycançılıq ideyalarının təməllərini formalaşdırmaqda əvəzedilməz səyləri olan mütəfəkkir Əli bəy Hüseynzadə;
Gəncədə dünyaya göz açmış, Gəncədəki Xeyriyyə Məktəbində aldığı təhsildən, oradakı müəllimlik fəaliyyətindən sonra İstanbula gedən (1906), İstanbulda Darulfünunda (Ədəbiyyat fakültəsi) müəllim işləyən, İstanbul mətbuatındakı yazıları ilə yanaşı “Türk ədəbiyyatına bir baxış” kitabını qələmə alaraq türk ədəbiyyat tarixində silinməz bir səhifəyə imza atan, eyni zamanda Əhməd Cavadın qabiliyyətini kəşf edərək ona yol göstərən elm xadimi Abdulla Sur;
Şəmkirdə dünyaya göz açmış, İstanbulun müdafiəsi üçün könüllü olaraq Balkan müharibəsinə (1912) yollanan “Qafqaz könüllüləri” tərkibində döyüşlərdə iştirak etmiş olan, “Çırpınırdı Qara dəniz” şeiri ilə təkcə İstanbulda deyil, bütün Türkiyədə və türk dünyasında sevilən, “Cümhuriyyət şairi” olaraq adlandırdığımız, himnimizin müəllifi Əhməd Cavad;
Şuşada anadan olan, Faransada təhsil aldıqdan sonra Şuşaya qayıdıb əvəzsiz maarifləndirici xidmətlərə imza atan, vətənindəki siyasi təzyiqlər sonrasında İstanbula (1908) köçən, “Türk Ocaqları” hərəkatının aparıcı simalarından olan, eyni zamanda İstanbul Universitetində (Darulfünun) dərs deyərək müəllim işləyən, Süleymaniyyə kitabxanasına rəhbərlik edən, 1918-ci ildə Qafqaz İslam Ordusu komandanının siyasi müşaviri olaraq Azərbaycana qayıdan, buradakı yüksək siyasi fəaliyyətlərindən sonra yenidən Türkiyəyə qayıdaraq millət vəkili olaraq siyasi fəaliyyətinə və xidmətlərinə davam edən Əhməd Ağaoğlu;
... onların mübariz, vətənpərvər ruhunda, yaradıcılıq və nailiyyətlərində İstanbulun payı azdırmı?..
Bundan başqa, Şəkidə anadan olan, İstanbula köçərək Osmanlı sarayında yüksələn, Topqapıda yüksək nüfuza sahib olan, paşa ünvanına layiq görülən, Kosova vilayətinə vali təyin edilən, həyatının son illərində Mosul valisi təyin edilən və elə həmin vəzifə başında vəfat edən Əbdülqadir Kəmali Paşa (1833-1892) kimi dövlət xadimlərinin, Mehmed Zahid Kotku əfəndi kimi İstanbula gedərək böyük rəğbət qazanmış və yüksək xidmətləri olmuş mənəviyyat öndərlərimizin sayı da olduqca çoxdur.
O dövrdə təhsil sahəsində ərsəyə gətirilən əsərlərin nəşri sahəsində də ilk olaraq müraciət edilən mərkəz İstanbul olmuşdur. Buna misal olaraq, təhsil sahəsində, ana dilimizin öyrədilməsi üçün azyaşlılar üçün qələmə aldığı kitabları ilə əvəzedilməz xidmətləri olmuş Rəşid bəy Əfəndizadənin (1863 - 1942) kitablarını nəşr etdirmək üçün dəfələrlə Şəkidən İstanbula səfər etdiyini xatırlatmaq kifayətdir.
Xülasə, İstanbul İstanbul olandan bəri öz doğmalığı, səmimiyyəti və həmdəmliyi ilə Azərbaycanın hər bölgəsi, hər şəhəri üçün daim qardaş şəhər olaraq bilinmiş, qarşılıqlı əlaqələrdə yer almışdır.
Günümzdə də, təsadüfi deyil ki, təhsil üçün tələbələrin axın etdiyi, birinci sırada yer alan şəhər elə İstanbuldur. Müstəqilliyimizin bərpa edildiyi 90-cı illərdən bəri minlərlə tələbə Türkiyədə, xüsusilə də İstanbulda təhsil almaq üçün qardaş ölkəyə üz tutmuşdur.
Kimsəsiz, çarəsiz və imkansız şəxslərə qapı açan onlarla xeyriyyə qurumlarının, təmənnasız yardım göstərən vəqf müəssisələrinin var olması İstanbulu xaricdən gələn tələbələr üçün ən münasib tələbə şəhərçiyinə çevirməkdədir. Bəlkə də, tələbələr üçün bundan da daha əhəmiyyətlisi İstanbulun hər kəsi əfsunlayan bənzərsiz, möcüzəvi mənzərəsidir. Dərslərdən bunaldığın zaman boğazın sahilinə enib bir müddət dənizin ortasında dayanan “Qız qülləsi”ni, ehtişamlı “Dolmabağça” sarayını, Avropanı Asiyaya ilmək-ilmək bağlayan körpülərini, buludlara sığal çəkən hündür minarəli İstanbul siluetini seyr edərək “türk çayı”ndan bir qurtum içmək, günlərlə keçiriləcək psixo-terapiyaya bərabər sehrli bir təsirə malikdir; həftələrin yorğunluğu bir andaca sovrulub gedər. (Bu mənada İstanbulu Üsküdardan, yəni Anadolu yaxasından seyr etməyin yeri başqadır.) Hələ bir də axşam çağı bütün məscidlərdən eyni anda, səs-səsə verən müəzzinlərin azan səsləri yüksəlmirmi...
İSTANBUL
Bənim sevdiyim qız dünya gözəli,
Ona bu dünyada eş yaranmamış!
Deyirlər, könlünü fələk pozalı
Sürməli telləri heç daranmamış!
Ah, ey solğun yüzlü, dalğın İstanbul!
Mavi gözləri ipək, bayğın İstanbul!
Qırıq dala qonmuş dün yavru bir quş,
“O”ndan xəbər verdi, gözüm yaşardı.
Gəl, zavallı könlüm, sorma nə olmuş?
Sorma ki, sevdiyin kimlərə vardı?!
Ah, ey solğun yüzlü, dalğın İstanbul!
Mavi gözləri ipək, bayğın İstanbul!
Deyirlər, sevdiyim “Qız qülləsi”ndə,
Baxıyorkən qırıb rübab telinə!
Uçuyorkən şairin sevdasında,
Bir yılan sarılmış incə belinə!
Ah, ey solğun yüzlü, dalğın İstanbul!
Mavi gözləri ipək, bayğın İstanbul!
Ey yolum üstündə yüksələn dağlar,
Gizli sevda üçün çırpınan dəniz!
Yol verin, yol verin, bənim dərdim var,
Qeyb etdim yolumu, qaldım kimsəsiz!
Ah, ey solğun yüzlü, dalğın İstanbul!
Mavi gözləri ipək, bayğın İstanbul!
Bu qəlbimdən qopan yanıq bir fəryad,
Çəkdiyim dərdlərin tərcümanımı?
Yoxmudur kimsədən könlümə imdad,
Bu bəxtsiz sevdamın son zamanımı?
Ah, ey solğun yüzlü, dalğın İstanbul!
Mavi gözləri ipək, bayğın İstanbul!
Ya Rəb, bilməzmidin qəlbimi sən də,
Ki, qırdın sazımın canlı telini?!
Doğuyorkən yeni bir ümid bəndə,
Neyçün məyus etdin Turan elini?!
Ah, ey solğun yüzlü, dalğın İstanbul!
Mavi gözləri ipək, bayğın İstanbul!
(Əhməd Cavad. Gəncə, 1919, 19 mart)
ŞƏRHLƏR