BİR AYƏ

BİR AYƏ

بسم الله الرحمن الرحيم

إِنَّا فَتَحْنَا لَكَ فَتْحًا مُبِينًا

“Həqiqətən, biz sənə açıq-aydın bir fəth (zəfər) bəxş etdik”.   (əl-Fəth, 48/1)

Fəth surəsinin ilk ayələri müsəlmanlarla məkkəli müşriklər arasında bağlanan Hüdeybiyyə müqaviləsindən sonra nazil olmuşdur. Belə ki, hicri altıncı ildə Həzrət Peyğəmbər (s.ə.s) səhabələri ilə birlikdə ümrə etmək üçün Məkkəyə daxil olmaq istəmiş, lakin müşriklərin maneəsi ilə qarşılaşmışdı. Hüdeybiyyə adlanan yerdə müsəlmanlar müşriklərlə döyüşmək əvəzinə on illik sülh müqaviləsi bağlamış və Mədinəyə dönmək məcburiyyətində qalmışdılar. Hətta Həzrət Ömər ilk əvvəl bu müqavilənin müsəlmanların əleyhinə olduğunu düşünərək buna etiraz etmişdi. Lakin Peyğəmbərimiz (s.ə.s) ona: “Mən Allahın elçisiyəm. O, elçisini utandırmayacaqdır!” – deyə cavab vermiş, bir müddət sonra isə Fəth surəsinin ilk ayələri nazil olmuşdu.

Bu ayədə keçən فتح - “fəth” sözü “açmaq, yardım etmək, zəfər, qələbə”  kimi mənalara gəlir. Təfsirçilərin əksəriyyəti bu ayədə keçən “açıq-aydın fəth” ilə Hüdeybiyyə müqaviləsinə işarə edildiyini bildirmişlər. Bu mənada ələ alındığı zaman “fəth” sözü “sülh” mənasına da gələ bilər. Çünki bu sözdə “açmaq” mənası var və sülh müqaviləsi də müəyyən tıxanmaları açan bir vasitədir. Bu izahlara səbəb kimi ayədə keçən فَتَحْنَا - “fəth bəxş etdik” felinin keçmiş zaman formasında olduğu göstərilmişdir. Çünki bu ayələr Hüdeybiyyə müqaviləsi bağlandıqdan sonra nazil olmuşdu.

Bir qisim təfsirçilərə görə isə bu ifadə ilə Məkkənin fəth ediləcəyi müjdəsi verilmişdir. Belə ki, Qurani-Kərimdə bəzən gələcəkdən xəbər verilərkən felin keçmiş zaman formasından istifadə edilmiş və bununla həmin işin mütləq baş verəcəyi təkidlə vurğulanmışdır. Bu ayədə də Məkkənin mütləq fəth olunacağı vurğulandığı üçün fel bu formada gəlmişdir.

 Bununla yanaşı, Həzrət Peyğəmbərin (s.ə.s) dövründə və daha sonrakı dövrlərdə müsəlmanlar tərəfindən gerçəkləşdiriləcək bütün fəthlərə işarə olunduğunu söyləyən təfsirçilər də vardır. Belə ki, Hüdeybiyyə müqaviləsinin verdiyi rahatlıqla müsəlmanlar həm iqtisadi, həm də hərbi güc baxımından irəlilədilər. Bunun nəticəsində iki il sonra müsəlmanlar on minlik ordu ilə Məkkəni fəth etmiş, daha sonra isə digər bir çox yerlərin fəthinə nail olmuşdur. Yəni Allah-Təala bu ayə ilə Həzrət Peyğəmbərə (s.ə.s) və ümmətinə bir çox fəthlər bəxş etdiyini və gələcəkdə də bəxş edəcəyini müjdələmişdir.

Yuxarıdakı ayə ilə başlayan fəth surəsinin fəzilətinə gəldikdə, Həzrət Peyğəmbərin (s.ə.s): “Bu gecə mənə elə bir surə nazil olundu ki, o mənim üçün dünyadan və dünyadakı hər şeydən daha qiymətlidir!” – dediyi və arxasınca “Fəth” surəsinin ilk ayəsi olan yuxarıdakı ayəni oxuduğu rəvayət olunur. (Buxari, Təfsir, 48/1) Bu hədisi-şərif bizə Fəth surəsinin nə qədər dəyərli olduğunu göstərməkdədir. Buradan aydın olur ki, Həzrət Peyğəmbər eyni zamanda gələcək ümmətinə də yol göstərmiş və düşmənə qarşı daim bu surəyə sarılmağı tövsiyə etmişdir.

İslam dininin qloballığının və üstünlüyünün simvolu olan Fəth surəsinin İslam mədəniyyət tarixində də özünəməxsus yeri var. Döyüşə gedən müsəlman əsgərlər bu surədə Allahın vəd etdiyi zəfərin özlərinə də nəsib olmasını ümid edərək tez-tez bu surəni oxuyardılar. Bununla yanaşı, qılınc, qalxan və s. kimi silahların üstünə də Fəth surəsinin birinci ayəsini həkk edərdilər. Hətta bəzi hökmdarlar və sərkərdələr Fəth surəsini bütövlüklə döyüş paltarlarının üstünə yazdırırdılar. Beləliklə, Fəth surəsi İslam ümməti üçün döyüş meydanlarında bayraq olmuş, rəhbər olmuş, yoldaş olmuşdur. Əsgərlərin əhval-ruhiyyələrini yüksək tutmaqda da bu surənin mühüm bir yeri olmuşdur.

Fəth surəsinin şüarı altında fəth edilən şəhərlərdən biri də, heç şübhəsiz, İstanbul şəhəridir. Onu fəth edən müsəlman ordusunun lideri Fateh Sultan Mehmedin “Fateh” təxəllüsü də məhz buradan gəlir. “Fateh” ərəb dilində “fəth edən” mənasına gəlir ki, bu ad da yuxarıda qeyd etdiyimiz ayədən götürülmüşdür. Müsəlman əsgərlər də Allahdan zəfər bəxş edilməsini diləyərək daim Fəth surəsinin ilk ayələrini oxuyurdular. İstanbul fəth edildikdən sonra da bu ayələrə verilən dəyər davam etmiş və qala divarları və qapıları kimi mühim yerlərə məhz Fəth surəsinin ilk ayəsi nəqş edilmişdir.

Əslində fəth sadəcə olaraq müəyyən torpaqları əldə etməkdən ibarət deyildir. İnsanların qəlblərinə girə bilmək və qəlblərini ələ almaq da bir növ fəthdir. Günümüzdəki fəthlər maddi olmaqdan daha çox mənəvi bir hal almışdır. Bu mənada insanların qəlblərini fəth etməyə və onların qəlblərini İslama açmağa səy göstərmək da bir növ “fəth” müjdəsinə nail olmağa çalışmaqdır. Bunun yolu ilk başda İslamı layiqincə yaşayıb Həzrət Peyğəmbərin (s.ə.s) əxlaqı ilə əxlaqlanmaqdan, sonra da onu digər insanlara gözəl bir üslub ilə təbliğ etməkdən keçir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz