DOYUMSUZ İSTANBUL...

DOYUMSUZ İSTANBUL...

Keçmişlə olan körpülərini möhkəm tutaraq gələcəklə rabitə qurmağı ən gözəl şəkildə bacaran misilsiz bir şəhərdir, İstanbul. Kəlmələr kifayət etməz, qələm yetməz, onu ifadə etmək, yazıya sığdırmaq üçün...

Ensiz dar küçələrində qısa zaman yürüdükdə belə insan qədim mədəniyyətinin möhtəşəmliyini asanlıqla dərk edir. Tarixini sanki insanlarına da hiss etdirərək nəfəs alırmış kimi yaşadan belə bir şəhərdə yaşamaq bir ayrıcalıdır, şübhəsiz.  

Minlərcə illik tarixi, onlarca mədəniyyətə ev sahipliyi etmiş İstanbul bu günə qədər çox sayda hekayə, roman, elmi araşdırmaya mövzu olmuş, böyük imperatorluqların paytaxtlığını etmiş, dini mərkəzlərin yerləşdiyi, boğazıyla tarix boyu əhəmiyyətli bir coğrafi mövqeyə malik olmuş bir şəhərdir. “Musanın əsası”, “Hz. Muhammədin (s.ə.s.) əmanətləri” və bir rəvayətə görə “İsanın xaçı” vardır burada...

“İstanbula sahib olan bütün dünyaya hökm edər. Əgər dünya tək bir ölkə olsaydı, paytaxtı İstanbul olardı” sözünü boş yerə deməmişdir, Napoleon. Yaşanan saysız hadisələrin işığında baş verənləri təhlil edərkən dediyi bu söz nə qədər də doğru təsbit imiş, demək ki...Çox olmuşdur onu ələ keçirmək üçün əlini ovuşduranlar, çox olub yuxusunda sayıqlayanlar, onun eşqinə...

Bir şəhər ki, fəth ediləcəyinə dair peyğəmbər müjdəsinə məzhər olmuşdur. Hər halda yoxdur belə bir müjdə, başqa bir şəhərlə bağlı.

Yüz illər boyunca dövlətlər, dini idarələr, kahinlər  yer üzərindəki bütün şəhərlərdən daha çox şan-şöhrətə qovuşacağı kəhanət edilən, bir çoxlarına görə “Şəhərlərin Kraliçası” olarak adlandırılan İstanbula sahib olmanın xəyalı ilə tutuşub yandılar. Yuxularını qaçırdı bir çox imperatorun, bir çox sərkərdənin...Mədəniyyətlər gəldi, keçdi. Nəhayət, haqq etdiyi bir mədəniyyətin çox önəmli bir mərkəzi halına gəldi, İstanbul. O mədəniyyət ki, qurtuluşun yeganə vasitəçisi olan İslam dəyərləri ilə yoğurmağa başladı bütün küçələri, abidələri, daşı-torpağı. Havasını belə tənəffüs edərkən mənəviyyatının ətrini hiss edir, ciyərinin dərinliklərində sanki, insan oğlu.

Savadlısı, ziyalısı bir kənara, küçələrində gəzib dolaşanı belə bu şəhərin ruhaniyyətini dərk edərcəsinə ədəb-ərkanına riayət edərək yürüyər, onun qədim küçələrində.

Dini-tarixi abidə və mərkəzlərindən müasirlik deyə adlandırılan axımın bəzən kəskin xətlərlə ayrıldığını, bəzən isə iç-içə yaşanıldığını hiss edərsən, bu şəhərdə.

“İstanbul bəyəfəndisi” deyimi sadə və sıradan bir ifadə olaraq canlanmır bu şəhərdə yaşayan insanların zehnində. Əsl insani keyfiyyət və xarakteri təcəssüm etdirir bu ifadənin məzmununda. İstanbulda tarixin kölgəsində gələcəyə ümidlə baxaraq yaşamaq bir ayrıcalıq təşkil edir. Dünyanın gözü olaraq tövsif edilmək heç bir şəhər və coğrafiya haqqında deyilməmiş bir tərif və iltifatdır. Odur ki, insan ayaq basdığı torpağın hara aid olduğunun, hansı tarix və mədəniyyətə malik olduğunun fərqində olmalıdır.

Zənn etmə ki, o, bildiyin digər şəhərlər kimi sıradan bir şəhərdir. Haqqında söylənən sözlər, yaşatdığı duyğular onun nə dərəcədə digərlərinin fövqündə olduğunu göstərməyə kifayətdir.

“İstanbulun mənzərəsinin gözəlliyini heç bir fırça və qələm layiqincə tərif və təsvir edə bilməz” deyə duyğularını dilə gətirir fransız şair Alfonso Lamartin. “Dünyaya son dəfə baxacaqsan desələr, bu baxışı İstanbulun Çamlıcasından etmək istərdim” deyərək həmin duyğularını zirvəyə daşıyır.

“İstanbul, önündə şair ilə arxeoloqun, diplomat ilə tacirin, kraliça ilə gəmiçinin, güneyli ve quzeylinin, hamısının eyni heyranlıq duyğusu ilə hayqırdığı ümumbəşəri gözəllikdir. Bütün dünya bu şəhərin dünyanın ən gözəl yeri olduğunda hər halda həmfikirdir” deyir başqa bir qərbli mütəfəkkir.

Fatehin İstanbulu fəth üçün gecə-gündüz demədən planlar çızdığı, hazırlıqlar gördüyü boşuna deyilmiş ki, “ya mən İstanbulu fəth edəcəyəm, ya da o məni!..” demişdir.

Göylərə ucalan minarələr, saysız qurğuşun günbəzlər heyran olunacaq şəkildə təbiətin içinə nəqş edilmişkən “buradamı ölsəm, buradamı dəfn etsələr məni” deyərək dərin bir “ah” çəkir insan, bir yandan da Boğazın misilsiz gözəlliyini yüksək təpələrdən seyr edərkən.

Bir gələnin bir daha gəlmək istədiyi, arxasını çevirib getmək istəmədiyi, əlində olsa, ömrünü uğruna fəda edəcəyi bir məkan olaraq daim dünya mirasında öz yerini ön sıralarda qoruyacaqdır, əlbəttə! Şair bu duyğuları nə gözəl vəsf edib:

Ruhumu əridib də qəlibdə dondurmuşlar,

Onu İstanbul deyə torpağa qondurmuşlar.

İçimdə tütən bir şey; hava, rəng, əda, iqlim;

O mənim zaman, məkan aşıb keçmiş sevgilim.

Çiçəyi altun yaldız, suyu telli-pulludur;

Ay və günəş əzəldən iki İstanbulludur.

Dənizlə torpaq yalnız onda ərmiş vüsala

Və qovuşmuş röyalar, onda, onda misala...

(Necip Fazıl Kısakürek “Canım İstanbul” şeirindən)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz