BİR AYƏ

BİR AYƏ

بسم الله الرحمن الرحيم

اِنَّ اللّٰهَ يَاْمُرُكُمْ اَنْ تُؤَدُّوا الْاَمَانَاتِ اِلٰى اَهْلِهَا وَاِذَا حَكَمْتُمْ بَيْنَ النَّاسِ اَنْ تَحْكُمُوا بِالْعَدْلِ اِنَّ اللّٰهَ نِعِمَّا يَعِظُكُمْ بِهِ اِنَّ اللّٰهَ كَانَ سَمِيعًا بَصِيرًا

“Allah sizə əmanətləri sahiblərinə (işi əhlinə) verməyinizi və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etməyinizi əmr edir. Allah bununla sizə necə də gözəl nəsihət verir! Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, görəndir”. (ən-Nisa 58)

Bu ayənin nazil olma səbəbi olaraq rəvayət olunur ki, Məkkənin fəthindən əvvəl Kəbənin iki xidmətçisi vardı. Bunlardan biri Hz. Peyğəmbərin (s.ə.s) əmisi Abbas idi və o, hacılara su paylama işinə baxırdı. Digəri isə müşrik olan Osman ibn Talha idi ki, Kəbənin qapısının açarı onda olurdu. Hz. Peyğəmbər Məkkənin fəthindən sonra orada yeni bir vəzifə bölgüsü aparmış və Kəbənin açarını Osman ibn Talhadan almışdı. Əmisi Abbas isə həmin vəzifənin də özünə verilməsini istəmişdi. Bu zaman yuxarıdakı ayə nazil oldu və Hz. Peyğəmbər (s.ə.s) açarı Osman ibn Talhaya geri verərək onu öz vəzifəsində saxladı. Bu ədalətli davranışın qarşısında Osman da müsəlman oldu.

Ayənin nazil olma səbəbi xüsusi olsa da, hökmü ümumidir və bütün müsəlmanlara, xüsusilə də idarəçilərə xitab edir. Əmanət, yəni vəzifə əhlinə verilib ədalət prinsipinə riayət edildiyi müddətcə cəmiyyətdə əmin-amanlıq və firavanlıq olar. Əmanət, qorunması tələb olunan maddi və ya mənəvi bir dəyərdir. Bir insanın istifadə edib sahibinə geri qaytardığı hər hansı bir əşya əmanət olduğu kimi, hər hansı bir vəzifə və mövqe də əmanətdir. Buna görə də bütün bu əmanətlər qorunub məqsədəuyğun şəkildə istifadə edildikdən sonra sahibinə geri qaytarılar. Hz. Peyğəmbərimizin bu mövzudakı bir hədisini də qeyd etmək yerində olar: “Münafiqin üç əlaməti var: danışdığı vaxt yalan söyləyər, söz verdiyində sözündə durmaz, əmanətə xəyanət edər”.(Müslim, İman, 107)

Ayədə qeyd olunan digər bir xüsus isə insanlar arasında ədalətlə hökm etməkdir. İşi əhlinə verməmək də bir növ zülm və ədalətsizlikdir. Ədalət hər bir kəsə layiq olduğunu və haqqı olanı verməkdir. İnsanlara zülm edib onların haqqını tapdalayanlar bunu, ümumiyyətlə, özlərini digərlərindən üstün və güclü gördükləri zaman edərlər. Ayədə Uca Allah ədalətli olmağı əmr etdiyini açıq şəkildə vurğulamış və haqsızlıq edənlərin bundan vaz keçmələrini nəsihət etmişdir. “Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, görəndir” ifadəsi ilə də bu kimi davranışlara son qoymayanların böyük bir cəzaya məruz qalacaqlarına işarə etmişdir. Nəticə etibarilə, Allah-Təala dinindən, dilindən və ya mənsəbindən asılı olmayaraq heç kimə qarşı zülm və haqsızlıq edilməməsini bizlərdən tələb edir.

 

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz