Peyğəmbərimizin Uşaqlara Qarşı Münasibəti
İslam dininin uşağa münasibəti sevgi, mərhəmət və xoş rəftar anlayışına əsaslanır. Çünki uşaq dünyaya tərtəmiz bir yaradılışla və günahsız olaraq gəlir. Həddi-büluğ yaşına qədər etdiyi hərəkətlərinə görə dini baxımdan məsuliyyət daşımır.
Dünyaya yeni gələn körpə hər cəhətdən böyüklərin köməyinə möhtac olub müəyyən yaşa qədər valideynlərinə bağlıdır. Bu səbəbə görə uşağa lazım olan qayğı göstərildiyi təqdirdə sağlam bir şəxsiyyət kimi formalaşa bilər. Bu nöqteyi-nəzərdən baxanda Hz. Peyğəmbərimizin (s.ə.s) uşaqlara münasibəti və onların yetişdirilməsinə aid tövsiyələri son dərəcə diqqətə layiqdir.
Başqa din və mədəniyyətlərdə olduğu kimi dinimizdə də yeni anadan olan uşaqlar üçün müxtəlif mərasimlərin yerinə yetirilməsi tövsiyə edilmişdir.
Dünyaya gəldikdən sonra uşağın qulağına azan oxumaq, onun üçün əqiqə qurbanı kəsmək və anadan olduğunun 7-ci günündə saçını qırxaraq saçı ağırlığında gümüş və ya qızıl sədəqə vermək sünnədir. Bütün bunlarla yanaşı uşağa gözəl ad qoymaq da Peyğəmbərimizin yüksək dəyər verdiyi bir məsələdir. O, bir hədisi-şərifdə: “Siz Qiyamət günü özünüzün və atanızın adları ilə çağırılacaqsınız, övladlarınıza gözəl adlar qoyun!” -buyurmuşdur, hətta xoşuna gəlməyən bəzi adları da dəyişdirmişdir.
Oğlan uşaqlarının ən gec həddi-büluğ yaşına çatana qədər sünnət etdirilməsi də Peyğəmbərimizin həyata keçirdiyi işlərdəndir.
Hz. Peyğəmbər (s.ə.s) həyatın hər sahəsində uşaqlara dərin sevgi bəsləmiş, onları ciddi qəbul edərək səviyyələrinə enmiş, problemlərini həll edərək doğru yola istiqamətləndirmişdir. Bir hədisi-şərifində: “Kimin uşağı varsa, onunla uşaq kimi davransın!” -buyuran Rəsulullah (s.ə.s) bir dəfə nəvəsi Həsəni öpərkən yanında oturan Əqra bin Xabis adlı bir nəfər onu görmüş: -Siz uşaqları öpürsünüzmü? Mənim 10 övladım var, amma heç birini öpmürəm, -demişdi. Peyğəmbərimiz (s.ə.s) “Mərhəmət etməyənə mərhəmət olunmaz!” -deyə cavab vermişdi.
Hz. Peyğəmbərimiz (s.ə.s) “Gözümün nuru!” deyə təsvir etdiyi və hər fürsətdə əhəmiyyətini dönə-dönə vurğuladığı namaz zamanı belə uşaqlara mərhəmət və sevgi göstərmiş onların qəlbinə toxunmamışdır. Allah Rəsulu (s.ə.s) bir dəfə nəvəsini özü ilə birlikdə yatsı namazına məscidə gətirmişdir. Camaata namazı qıldırarkən nəvəsi belinə çıxmış, o da bu səbəbə görə səcdəni uzatmışdı. Əshabələr namazı bitirən kimi Peyğəmbərimizə: -Səcdəni uzatdınız, ya Rəsulallah! Nə isə baş verdiyini və ya vəhyin gəldiyini zənn etdik, -dedilər. Bunun müqabilində Hz. Peyğəmbər (s.ə.s) “Yox belə bir şey olmadı. Amma oğlum belimə çıxmışdı. Könlü xoş olsun deyə tələsmək istəmədim.” -buyurdu.
Peyğəmbərimiz (s.ə.s) uşaqlara salam verər, onların əhvalını soruşar, xəstələnəndə ziyarət edər, həm öz nəvələri, həm də digər uşaqlarla zarafat edər, onları həm əyləndirər, həm də tərbiyə edərdi.
Ənəs (r.a) belə nəql edir: Rəsulullah əxlaq baxımından insanların ən gözəli idi. Mənim Əbu Umeyr adlı süddən kəsilmiş bir qardaşım var idi. Hz. Peyğəmbər (s.ə.s) bizə gələndə: -Ey Əbu Umeyr! Nə etdi Nuğeyr? -dedi.
Nuğeyr qardaşımın oynadığı quşun adı idi.
Əbu Hüreyrə (r.a.) belə deyir: Bu iki qulağımla eşitmiş və bu iki közümlə görmüşəm ki, Rəsulullah iki əli ilə Həsənin və Hüseynin iki ovcunu tutar, sonra uşağın iki ayağını öz ayağının üstünə qoyar və “Yuxarı çıx”-deyərdi.
Uşaq ayaqlarını Rəsulullahın sinəsinə qoyana qədər çıxardı. Sonra Hz. Peyğəmbər (s.ə.s) uşağı öpər: “Allahım! Bunu sev, Çünki mən onu sevirəm.” -buyurardı.
Hz. Peyğəmbər (s.ə.s) uşaqlara, hədiyyələr verməyi tövsiyə edər və münasib vaxtlarda onlara lazımi qayğını göstərərdi. Hz. Ənəsin (r.a) rəvayət etdiyi bir hədisdə Hz. Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Uşaqlarınıza hədiyyə verin və onlara gözəl tərbiyə verin!”
Əbu Hüreyrənin rəvayətinə görə Hz. Peyğəmbərə mövsümün nübar meyvələri gətirildikdə:
“Allahım! Bizə vətənimizdə, meyvələrimizdə və miqyasımızda bərəkət üzərinə bərəkət ver!” -deyə dua edər, sonra da meyvəni orada olan ən kiçik uşağa verərdi.
Ənəs (r.a) belə nəql edir: Bir nəfər Peyğəmbərimizin (s.ə.s) yanında olarkən oğlu gəldi. Həmin adam oğlunu öpdü və qucağında oturtdu. Bir az sonra da məclisə həmin adamın qızı gəlib çıxdı. Həmin adam qızını (öpmədən) qabağında oturtdu. Bunun müqabilində aləmlərə rəhmət olan Peyğəmbərimiz (s.ə.s): “Kaş ki, ikisi ilə də eyni cür rəftar edəydin.” -dedi.
İslamdan əvvəlki dövrdə xor baxılan, oğlan uşaqları yanında ikinci dərcəli olan, hətta keçmiş zamanlarda diri-diri torpağa basdırılan qız uşaqları İslamın gəlməsiylə öz layiqli qiymətini almışdır. Belə ki, bu barədə bir hədisi-şərifdə buyurulur: “Kimin bir qızı olarsa, onu torpağa basdırmazsa, xor baxmazsa və oğlunu ondan üstün tutmazsa, Allah onu cənnətə qoyar.”
Hz. Peyğəmbərimiz (s.ə.s) barmaqlarını bitişdirərək: “Hər kim qız uşağını yetkinlik çağına çatana qədər böyüdüb tərbiyə edərsə, qiyamət günü o kəslə mən bax belə, yan-yana olacağıq.” dedi.
ŞƏRHLƏR