Örnək Alaraq Örnək Olmaq

Örnək Alaraq Örnək Olmaq

İnsan yaradılış etibarilə özündən yüksək və üstün gördüyü insanları nümunə almaq xüsusiyyətinə sahibdir. Yəni insan təsir edən, təsirlənən və dəyişən varlıqdır.

 Məsələn, yer üzündə bütün cəmiyyətlər özləri üçün bir örnək və model şəxsiyyət seçmişlər. Buddizmdə Budda, Nasizimdə Adolf Hitler, Maoizmdə Mao, İtalyan faşizmində Mussolini örnək alnan insanlardır. Görəsən, bu model və örnək insanlar günümüzdə nə qədər örnək olmaqdadırlar? Yəni bir zamanlar hər kəs tərəfindən rəğbət bəslənən şəxsiyyətlərin təsiri günümüzdə də davam edirmi? Halbuki örnəklikdə əsas olan daimilikdir. Nə qədər uzun müddətli örnək götürülürsənsə, bir o qədər örnək şəxsiyyətsən deməkdir.

 

Hər kəsin qətiyyətlə qəbul etdiyi bir həqiqət var ki, günümüzə qədər -istər inananlar tərəfindən, istərsə də inanmayanlar tərəfindən- ən çox örnək götürülən və hər kəs tərəfindən rəğbət bəslənən mükəmməl şəxsiyyət Həzrət Peyğəmbər əleyhissalamdır. Necə də olmasın?! Çünki özünün də ifadə etdiyi kimi, onu tərbiyə edən kainatın yaradıcısı Uca Allahdır. Əlbəttə ki,  bu gündən sonra da Həzrət Məhəmməd əleyhissalamdan daha örnək və daha əxlaqlı şəxsiyyət dünyaya gəlməyəcəkdir. İslam tarixi boyu gəlib-keçmiş nümunəvi şəxsiyyətlərin hamısı Həzrət Peyğəmbərə borcludurlar. Çünki onların örnəkliyi Həzrət Peyğəmbərdən aldıqları tərbiyə və təsirə görədir. Bir zamanlar onu heç sevməyən və öldürmək üçün fürsət axtaran Xəttabın oğlu Öməri Həzrət Ömər edən məhz Onun örnək davranışları və örnək şəxsiyyətidir. Qız uşaqlarını diri-diri torpağa basdıran yarımvəhşi bir toplumu səadət çağının ulduzlarına çevirən Həzrət Peyğəmbərin örnək şəxsiyyətidir.

 

Heç şübhə yoxdur ki, örnək şəxsiyyət ola bilmək üçün örnək ala bilmək ən əsas vəzifələrdəndir. Əgər səhabələr Həzrət Peyğəmbəri örnək almasaydılar cahiliyyə dövrünə qərq olub batardılar. Nuh əleyhissalamın oğlunu, Lut əleyhissalamın həyat yoldaşını məhv edən amil də məhz bu peyğəmbərlərin örnəkliyini qəbul etməyib, örnək almamaları idi. Həzrət Peyğəmbər əleyhissalamı əsahbını göydəki ulduzlara bənzətməyə vadar edən xüsus onların Peyğəmbər əleyhissalamı gərəkli şəkildə örnək almaları və sonrakı nəsillərə örnək olmalarıdır. Onlar Peyğəmbərin üzüntüsünə üzülmüş, sevinməsinə daha çox sevinmişdilər. İslam alimlərindən Qazı İyaz deyir ki: “Hər kim başqa birisini sevirsə onu başqalarından üstün görər. Sevginin mənası budur. Elə isə Həzrət Peyğəmbər əleyhissalamı sevməyin əlaməti ona tabe olmaqdır. Onun sözünü, etdiklərini həyata tətbiq etməkdir. Əmrlərini yerinə yetirmək, qadağalarından uzaqlaşmaq, sevincli halında, kədərli halında, sıxıntısında, rahatlığında onun yolundan ayrılmamaqdır.”

 

Hər şeyin adi sayıldığı dövrümüzdə əlbəttə ki, mədəniyyətimizi və nəslimizi qorumaq üçün mütlək örnək şəxsiyyətlərə ehtiyac var. Gəlcəyimizə, övladlarımıza, özümüzə düzgün nümunə seçməsək qaranlıqlara gərq olarıq. Odur ki, örnəkliyi tarix tərəfindən də isbatlanan Peyğəmbər əleyhissalam hər birimizə nümunə olmalıdır. Həzrət Peyğəmbər bir ata olaraq hər valideynə, bir müəllim olaraq, hər gəncə, bir gənc olaraq hər gəncə, bir cəngavər olaraq hər cəngavərə, bir idarəçi olaraq hər idarəçiyə, bir çoban olaraq hər çobana, bir tacir olaraq hər tacirə və s. örnəkdir. Hər bir müsəlman müsəlman olduğu üçün, hər bir insan insan olduğu üçün onu tanımalı və onun qoyduğu qaydalar əsasında yaşamalıdır. Onu tanımaq sünnələrinə hədislərinə, həyat hekayəsinə bələd olmaqla mümkündür. Gəlin hamılıqla bu ilimizi onu tanımağa həsr edək. Əminəm ki, onu tanımağa çalışan hər kəs heyran olacaq və hər gün daha çox sevəcəkdir. Əlbəttə, tanıyıb sevdikdən sonra da hər hərəkətimizlə ona bənzəməyə çalışacağıq. Bildiklərimizi həyatımıza tətbiq etməsək nə bizə faydası olar, nə də bizi örnək almaq istəyənlərə təsiri.

 

Müsəlman hər zaman digər insanlara nümunə olan şəxsdir. Müsəlman digər insanlara zərəri olmayan şəxsdir. Peyğəmbər əleyhissalamın Məkkənin bütpərəst və müsrikləri də daxil bütün insanları tərəfindən əmin olaraq qəbul edildiyi kimi, bütün dövrlərdə əmin olaraq görülən şəxsdir müsəlman. Müsəlman örnək aldığını örnək olaraq sərgiləyə bilən, yaşaya bilən şəxsdir. Müsəlman hər kəs tərəfindən müsbət mənada qibtə edilən və örnək götürlən şəxsdir. Müsəlman digər insanları “əsl insan budur” deməyə vadar edən şəxsdir. Xülasə, əsl insan Peyğəmbərin “ümmətimdəndir” deməsinə layiq olan şəxsdir.

 

Hər kəs sevdiyi ilə, hər kəs örnək aldığı ilə bərabərdir. Örnək alınana layıqli ümmət, örnək alanlara layiqli örnək olmaq təmənnalarıyla...

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz