Dində Dərin Anlayış Sahibi Olmaq

Dində Dərin Anlayış Sahibi Olmaq

Peyğəmbərimiz (s.ə.s.) İbn Abbas üçün Allaha belə dua etmişdir: “Ey Allahım onu dində fəqih (dərin anlayış sahibi) et!” (Buxari, Vudu, 10,40; Müslim, Fəzailus-səhabə, 138)

Dində dərin anlayış sahibi olmaq dedikdə onu bütöv şəkildə anlamağı nəzərdə tuturuq. Dinə bütöv şəkildə yanaşmadan onu anlamaq qeyri-mümkündür. Dini doğru şəkildə anlamaq xüsusunda ən ciddi problem ona bütöv şəkildə yanaşmamaq problemidir.

Bu qayda dinimiz olan İslam üçün də keçərlidir. İslam dininə bütöv şəkildə yanaşmaq dedikdə isə Quran və Sünnəyə bütövlük çərçivəsində baxmaq nəzərdə tutulur. Çünki hər iki qaynaqda məsələlərin görünən və görünməyən (zahir-batin) tərəfləri vardır. Və bu tərəflər bir-birlərini tamamlayırlar. Buna görə də hər hansı bir məsələdən danışarkən  görünməyən tərəfi gözardı etmək o məsələnin yanlış anlaşılmasına gətirib çıxarır. Məsələn, Quran və Sünnədə insan şəxsiyyəti mövzusunu ələ alaq. Bu mövzudakı bütün ayə və hədisləri toplayaraq İslamın insan şəxsiyyətini ortaya qoyarkən sadəcə bəzi nöqtələrə əhəmiyyət verib digərlərini gözdən qaçırsaq o zaman məsələni yanlış şəkildə anlayarıq. Quran və Sünnə bir tərəfdən abid, zahid insandan bəhs edərkən, digər tərəfdən də dürüst, yalan danışmayan, haqqı söyləyən insandan, başqa bir tərəfdən isə adil, təqvalı, mərhəmətli insandan bəhs edir. Qurandakı bu insan sifətlərini daha da artırmaq olar. Lakin burada əsas məsələ ondan ibarətdir ki, bu fərqli sifətləri bütöv şəkildə ələ almaq lazımdır. Bunların bir qismini gözardı etsək o zaman İslamın insan modelini səhv şəkildə anlatmış olarıq. Məsələ bu insan modelinin sadəcə yanlış anlamaqla da bitmir. Bu da öz növbəsində həmin insan modelinin səhv şəkildə tədris edilməsinə gətirib çıxardır.

Buna görə də bir şeyi doğru anlamaq üçün o şeyi doğru qavramağa kömək edəcək bütün vasitələrə sahib olmalıyıq. Yəni Quranın ifadəsi ilə desək rasixunə (elmdə qüvvətli olanlar, elmi dərinliyi çox üst səviyydə olanlar. Bu dərəcəyə mənsub olmaq çox çətindir) və ya ən azından rasixunun dərəcələrinin ən axırıncısına mənsub olmalıyıq. Qurandakı hər hansı bir məsələni idrak etmək istəyən insan hər şeydən əvvəl Quranın nazil olduğu dövrü, o dövrün ictimai, siyasi, iqtisadi vəziyyətini, ərəb dilini, cahiliyyə ərəb şerini bilməli və ya onlar barəsində məlumatlı olmalı, eyni zamanda həmin adam geniş dünya görüşünə sahib olmalı, klassik və modern  ədəbiyyatdan xəbardar olmalıdır və s. Əks təqdirdə sözügedən adamın anlaması yanlış və ya çox bəsit olar.

Məşhur yapon alimi Toşiko İzutsu “Quranda Allah və İnsan” adlı kitabında belə deyir:

“Quranda kəlmələr arası əlaqə son dərəcə maraqlıdır. Məsələn, Allah, salam, nəbi, iman və s. kimi çox mühim Quran sözlərini toplayıb Quranda hansı mənalara gəldiklərini ortaya çıxarmaqla o mənaları qavraya biləcəyimizi zənn edirik. Ancaq əslində məsələ o qədər də bəsit deyil. Çünki bu kəlmələr bir-birlərindən ayrı deyillər. Hər birinin digəri ilə yaxın əlaqəsi var..... Yəni mənalar təkbaşına deyil, daim sistem içərisində dəyər qazanır. (Toşiko İzutsu, Quranda Allah və İnsan, s. 15-16).

Yəni hər bir elmin metodologiyası olduğu kimi dinin də metodologiyası vardır. Bu metodologiyanı bilmədən dini mövzularda söz sahibi olma iddiası doğru deyildir.     

  

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz