Günümüzdə Qeybət
Günümüzdə ən aktual problemlərdən biri də qeybətdir. Qeybət bu dünyada bir çox fəsadlara yol açdığı kimi, həm də insanın günah qazanmasına səbəb olur. Əbu Hüreyrə (r.a)-dan rəvayət edildiyinə görə Rəsulullah (s.ə.s) bir dəfə belə buyurdu: “Qeybətin nə olduğunu bilirsinizmi?” Səhabələr: “Allah və Rəsulu daha yaxşı bilər”, -dedilər. Hz. Peyğəmbər: “Qeybət din qardaşını xoşlamadığı bir şey ilə (onun olmadığı yerdə) anmaqdır” deyə buyurdu.” Söylənən şey qardaşımızda varsa, onda necə?” deyə soruşdular. “Əgər söylədiyin şey onda varsa qeybət etmiş olarsan, yoxursa o zaman ona iftira etmiş olarsan” -deyə buyurdu. (Müslim, Birr 70)
Qeybət etmək müsəlmana qadağan olunmuş bir əməldir. İlahi qanunlar çərçivəsində yaşayan bir müsəlman heç vaxt qeybət etməməlidir, çünki bu, dinimizə zidd olan bir hərəkətdir. Bir gün Həzrət Peyğəmbər (s.ə.s) sahabələrlə söhbət edərkən anidən ətrafi pis qoxu bürüyür. Rəsulullah (s.ə.s) “Bunun iyin nə olduğunu bilirsinizmi?” -deyə soruşdu. “Allah və Rəsulu daha yaxşı bilər”, -deyə cavab verdilər. Peyğəmbərimiz (s.ə.s): “Bu, qeybət edənlərin ağzından gələn pis qoxudur!” buyurdu. Çox təəssüflər olsun ki, bu gün mühitimizdə qeybət o qədər çoxalıb ki, biz o pis qoxunu hiss edə bilmirik. Bizim iybilmə orqanımız olan burnumuz bu iylərin bir zərrəsini də hiss edə bilmir. Qeybətin günahı böyük, axirət əzabı isə çox dəhşətlidir. Allah-Təala Qurani-Kərimdə belə buyurur: “...(Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!” deyə buyurmuşdur. (əl-Hucurat, 12) Özümüz düşünək, kim belə bir şeyə razı olar? Əgər razı olmuruqsa, onda qeybətdən qəti surətdə çəkinməliyik.
Günümüzdə qeybət o qədər çoxalıb ki, biz heç özümüz də bilmədən, heç bir şeyin fərqinə varmadan bir də baxırıq ki, ağzımız qeybətə qızışıb. Bunun müəyyən səbəbləri var. Bu səbəblərin ən başlıcası ondan ibarətdir ki, dinimiz olan İslamı dərindən öyrənmirik və ya öyrənməyə çalışmırıq. Qeybət etməyə aparan yolları bağlaya bilmirik. Müsəlman gündəlik həyat tərzində çalışmalıdır ki, ağzından yanlış bir cümlə çıxarmasın, qeybət etməsin. Ən azından onu düşünməliyik ki, ağzımızdan çıxan hər bir söz yazılır və Allah qatında bütün danışdıqlarımızın hesabını verəcəyik.
Qeybət edən insan günah qazanmaqla yanaşı, bu dünyada da özünü hörmətdən salır. Yaxınları, dostları tərəfindən “qeybət edən” olaraq tanınır. Bu və bu kimi ifadələrin öz üzərinə götürülməsinə səbəb olur. Qeybətin fəsadlarından biri də odur ki, qeybət edən adam həm də qeybət etdiyi insanın haqqına girmiş olur. Qul haqqı sahibinə məxsus olduğundan qeybət edənlə qeybəti olunan axirətdə Rəbbimiz tərəfindən baş-başa qoyulacaqdır. Yəni onlar öz aralarında ödəşəcəklər. Kimisi günahını, kimisi isə savabını bir-birinə verəcəkdir.
Həyatda bir dəfə də olsa, bilmədən qeybət etmiş olsaq bunun üstündən ötüb keçməməliyik. Hər halda heç kim istəməz ki, kiməsə savabını versin və ya kiminsə günahını alsın. Odur ki, bu kimi vəziyyətlərə düşməmək üçün diqqətli davranmalı və heç kimin haqqına girməməliyik. Düşünməliyik ki, qeybət hər birimizin girməsi qadağan olan yasaq bölgədir.
Qeybət etməmək, ondan qaçmaq üçün İslamın hökmlərinə, əmr və qadağalarına riayət həssaslığı göstərmək lazımdır. Əsri-səadət dövründə qeybət edənlərin ağzından çıxan pis qoxu bu gün hiss edilmirsə, qeybət sözünü gələcək nəsillərin başa düşə bilməyəcəyindən qorxmalıyıq.
Unutmamaq lazımdır ki, haqqında qeybət etdiyimiz insana heç bir zərərimiz toxunmur. Əksinə qeybət edən kəs Allah qatında alçalır və rəzil olur. Odur ki, Allah-Təala qarşısında rəzil olmamaq üçün qeybətdən qaçmalıyıq. Əbu Dərda (r.a)-ın rəvayət etdiyinə görə Peyğəmbərimiz (s.ə.s) belə buyurur:
“Kim din qardaşının şərəf və namusunu qeybət edənə qarşı müdafiə edərsə, Allah da qiyamət günü o kimsəni cəhənnəmdən qoruyar.” (Tirmizi, Bir 20)
Allah-Təala bizi qeybətdən və qeybət edənlərdən qorusun! Amin!..
ŞƏRHLƏR