Hörmət Əlaməti Olaraq Ayağa Qalxmaq

Hörmət Əlaməti Olaraq Ayağa Qalxmaq

Müsəlmanlar Rəsulullahın həyatını ən gözəl yaşama şəkli qəbul edərlər. Öz həyatlarını o modelə görə şəkilləndirməyə çalışarlar. Oturub-qalxmaq, yeyib-içmək kimi şəxsi davranışlardan, insanlarla olan sosial əlaqələrə, hətta Allah-Təalaya qulluğunu ərz etmə şəklinə qədər hər xüsusda Onu özlərinə örnək alarlar. Qurani-Kərimin Allah Rəsulunu “ən gözəl nümunə” (Əhzab 21) olaraq göstərdiyini yaxşı bilirlər.

O vaxtlardan bəri müsəlmanların peyğəmbər sünnəsi olub olmadığını öyrənmək istədikləri davranış şəkillərindən biri, hörmətli biri üçün ayağa qalxıb-qalxılmayacağı məsələsidir. İmam Nəvəvi kimi şöhrətli bir İslam aliminin bu mövzuda bir əsər qələmə alması, tanınmış hədis alimi ibn Həcər əl-Əsqalaninin bu məsələni Fəthul-Bari adlı Səhih-Buxari şərhində (XI 52-56: İsti`zan 26) tam beş böyük səhifədə incələməsi, birinə hörmətən ayağa qalxmaq mövzusunun hər dövrdə müsəlmanları məşğul etdiyini göstərməkdədir. Nəvəvinin sözügedən əsərinin xeyli uzun olan adı onun bu mövzudakı qənaətini də ortaya qoymaqda və mövzunu sanki xülasə etməkdədir: “ət-Tərxis fil-ikrami bil-qiyam, li zəvil-fəzli vəl-məziyyəti min əhli-İslam, alə cihətil-birri vət-təvkiri vəl ihtiram, lə `alə cihətir-riyai vəl-i`zam – Riyakarlıq və dəyərindən çox böyütmək düşüncəsi olmadan sırf hörmət etmək məqsədilə fəzilətli və dəyərli müsəlmanlar üçün ayağa qalxmanın caiz olduğu.”

 

Xeyirliniz üçün qalxın

Mövzunu aydınlatmaq üçün əvvəlcə hörmətli insanlara hörmətən ayağa qalmxmağı təşviq edən əhəmiyyətli hadisələrdən bəzi örnəklər təqdim edək. İlk misalımız mədinəli böyük səhabə Sad bin Muaz (r.a) ilə əlaqəlidir. Əbu Səid əl-Xudrinin bildirdiyinə görə Bəni Qureyza yəhudilərinin mühasirəyə alındığı günlərdə Rəsulullah (s.ə.s) Sad bin Muazı yanına çağırtmışdı. Sad ulağına minərək onu gözləyən Rəsuli-Əkrəmin yanına gəldiyi vaxt Peyğəmbərimiz orada olanlara:

– Xeyirliniz üçün ayağa qalxın! –buyurdu. (Buxari, Müslim)

İmam Nəvəvi yuxarıda adını verdiyimiz əsərində birinə hörmətən ayağa qalxmaq mövzusunda bu hədisin önəmli bir qaynaq (məsnəd) olduğunu söyləməkdə, İmam Müslim və Əbu Davud başda olmaqla Xattabi, Əbu Bəkir əl-Beyhaqi, Xatibi Bağdadi muhəddis və müfəssirliyi yanında bir Şafei fəqihi olan Fərra əl-Bəqavi və daha başqa alim və hədisçilərin birinə hörmət göstərmək məqsədilə ayağa qalxmaq mövzusunda bu hədisi dəlil gətirdiklərini bildirməkdə, bundan başqa Xattabi ilə Bəqavinin bu hədisi belə dəyərləndirdiklərini söyləməkdədir:

“Xalqın, fəzilətli bir idarəçi və adil bir vali üçün, tələbənin də müəllimi üçün ayağa qalxması məkruh deyil, müstəhəbdir; bu xüsusiyyətlərə sahib olmayanlar üçün ayağa qalxılması isə məkruhdur.”

 

Sevgi, sayğı, ikram

Möminlərin anası Hz. Aişə (r.anhə) Rəsulullahla qızı Hz. Fatimə (r.anhə) arasında meydana gəldiyini xəbər verdiyi bir sevgi nümunəsi mövzumuzun ikinci misalıdır. Hz. Fatimənin hal və davranışları etibarilə atasına çox bənzədiyini bildiriən möminlərin anası o peyğəmbər gülünün, atasının yanına hər gəldiyində Peyğəmbəri-Zişanın ayağa qalxdığını, onu öpdüyünü və öz yerini ona verdiyini bildirməkdə, Peyğəmbərlər Sultanının qızının yanına gedincə də Fatimənin eyni şəkildə atasını ayaqda qarşılayıb Onu öpdüyünü və yerini Ona verdiyini nəql edir. (Əbu Davud, Tirmizi)

İmam Nəvəvi bu hədisin də mövzunu aydın şəkildə ortaya qoyduğunu söyləməkdədir.

Sayğı və hörmət bəslənən şəxslər üçün ayağa qalxıla biləcəyini göstərən daha başqa hədislər də vardır: Bir gün Peyğəmbərimiz oturarkən süd anası Həlimə ilə əri Haris bin Abduluzza yanına gəldilər. Peyğəmbərimiz paltarının bir qismini süd anasının, bir qismini də süd atasının altına sərdi. Sonra süd qardaşı Abdullah bin Haris gəldi. Bunun üzərinə şəfqət qaynağı Peyğəmbərimiz ayağa qalxdı və onu qarşısına oturtdu (Əbu Davud).

Peyğəmbərimiz (s.ə.s) can düşməni Əbu Cəhlin oğlu İkrimə müsəlman olduğu zaman çox sevinmişdi. Bu hadisə də çox ibrətlidir. Məkkə fəth olduğu gün İkrimə can qorxusu ilə Məkkədən Yəmənə qaçdı. Fəqət o gün müsəlman olan xanımı Ümmü Hakim binti Haris ərinin də bu səadəti dadmasını istədi. Uzun və yorucu bir səfəri gözə alaraq ərinin ardından Yəmənə getdi və onu müsəlman olmağa razı saldı. Sonra da birlikdə Mədinəyə getdilər. Rəsulullah (s.ə.s)  İkirməni görən kimi sevinərək ayağa qalxdı və onu qarşıladı. İkrimə də Rəsulullaha biət edərək yaşadığı müddətcə Allah yolunda cihad edəcəyini söylədi və dediyini etdi. (Malik Muvatta)

 

Digər Rəvayətlər

İmam Nəvəvi bir şəxs üçün ayağa qalxılmaması mövzusunda Rəsulullahdan rəvayət edilən bəzi hədisləri də qeyd etməkdədir. Bu hədislərin ən sağlam görünənləri bunlardır: “Ənəs bin Malik (r.a) əshabi-kiramın Rəsulullahdan başqa daha çox sevdikləri bir kimsənin olmadığını, fəqət onun özü üçün ayağa qalxılmasından xoşlanmadığını bildikləri üçün ayağa qalxmadıqlarını söyləməkdədir. (Tirmizi)

Hz. Müaviyə onu görüncə ayağa qalxan birini “–Otur!” deyə xəbərdarlıq etdikdən sonra Peyğəmbər (s.ə.s)-in: “Özü üçün ayağa qalxılmasından xoşlanan kimsə cəhənnəmdəki yerinə hazırlansın” buyurduğunu rəvayət etmişdir. (Əbu Davud, Tirmizi)

Əbu Ümamə (r.a) deyir ki: “Hz. Peyğəmbərin əsasına dayanaraq evindən çıxdığını görüncə ayağa qalxdıq. Bunun üzərinə bizə: “Bir-birini böyütmək üçün ayağa qalxan əcnəbilər kimi etməyin”  buyurdu. (Əbu Davud) İbn Macənin rəvayətinə görə isə: “İranlıların böyüklərinə etdiyi kimi etməyin” buyurdu. Bir çoxlarının ən çox güvənib dayandığı bu sonuncu hədis, hədis alimləri tərəfindən son dərəcə zəif qəbul edilmişdir.

Peyğəmbər əleyhissəlamın özü üçün ayağa qalxılmasını doğru görmədiyinə dair hədisləri dəyərləndirən İmam Nəvəvi əshab ilə Rəsulullah arasındakı misilsiz məhəbbət və bərabərliyin kamil nöqtədə olduğunu, Peyğəmbər əleyhissalam üçün ayağa qalxmağın ayrı bir hörmət mənası daşımadığını ifadə etməkdə, Hz. Peyğəmdərin bir şəxsə hörmətən ayağa qalxmağı qadağan etmədiyini, onun qadağan etdiyi şeyin yadlara bənzəmək və onların adətlərini mənimsəmək olduğunu bildirməkdədir.

İmam Müslim və Əbu Davud başda olmaqla, şübhəsiz ki, hədisləri bizdən daha yaxşı dəyərləndirən, yuxarıda adlarını zikr etdiyimiz tanınmış İslam alimlərini, sevgi və sayğı düşüncəsilə və birinə ikram etmək məqsədilə ayağa qalxmağı uyğun görmələri, bu mövzudakı tərəddüdləri ortadan qaldırmağa kifayətdir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz