Bütləşmiş Dünya

Bütləşmiş Dünya

Uca Allah Qurani Kərimdə belə buyurur: “Nə qohum-əqrabanız nə də oğul-uşağınız sizə bir fayda verəcəkdir. Allah qiyamət günü sizi bir-birinizdən ayıracaqdır. Allah nə etdiklərinizi görəndir.

İbrahim (ə.s) və onunla birlikdə olanlar sizin üçün gözəl bir örnəkdir. O zaman onlar öz qövmünə belə demişdilər: Şübhəsiz bizim sizinlə və sizin Allahdan başqa ibadət etdiklərinizlə heç bir əlaqəmiz yoxdur. Biz sizi inkar edirik. Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin aranızda həmişə ədavət və nifrət olacaqdır. Ancaq İbrahimin öz atasına: Mən mütləq sənin bağışlanmağını diləyəcəyəm. Mən heç bir vəchlə səni Allahdan (Allahın əzabından) qurtara bilmərəm-deməsi istisnadır. (İbrahim (ə.s)-la birgə olanlar həmçinin belə demişdilər): Ey Rəbbimiz! Biz ancaq sənə təvəkkül etdik, tövbə edib ancaq sənə tərəf qayıtdıq. Axır dönüş də ancaq Sənin hüzurunadır.” (əl-Mümtəhinə, 3-4)

Göyləri və yeri yoxdan var edən, əzəmətdə heç bir tayı-bərabəri olmayan uca Allaha qulluq etmək, Onu tanımaq, Onu sevmək və quluna əmsalsız gözəllikləri ehsan etmiş Rəbbimizə sonsuz bir şükran duyğuları iqlimində minnətdar olmaq, şükrünü ifadə edə bilməyəcəyimiz o böyük nemətlər qarşısında acizliklə bacardığımız hiss və əməllərimizin ifadəsi olmalıdır. Bu minnətdarlığın dünya əngəlinin Çin səddinə dönmüş mahiyyətini aşaraq ərsəyə gətirilməsi üzərimizə düşən ən önəmli bir vəzifədir. Dünyanın aldadıcı cazibəsinə təslim olmaq və onu nəfslərdə bütləşdirmək, sağalması olduqca çətin və mürəkkəb olan bəşəri xəstəliklərdəndir. Məşhur avtomobil markalarından birinin reklamı zamanı dünya sevdalısı olan ağıllları heyran qoyacaq hadisənin ustalıqla zehinlərə yeridilməsi dünyəvi ehtirasın bitib tükənməyən iştahasını önümüzdə sərgiləməkdədir: Vaxtilə möhkəm dostluq əlaqələrinə malik olan tanışlar yoldaşlarından birini son mənzilə yola salmaq üçün qəbiristanlığa üz tuturlar. Lakin burada dostlar qəribə bir mənzərə ilə qarşılaşır. Qazılan qəbrin ölçüləri çox böyük olduğundan bu müəmmaya cavab axtaranlar mərhumun qohumunu sual yağışına tuturlar. O isə bu cavabı verir: Biz sadəcə rəhmətliyin vəsiyyətini yerinə yetiririk. Bildiyiniz kimi onun sevimli maşını var idi. Həmişə deyərdi ki, bu maşınla dünyadakı çala-çuxurların üstündən asanlıqla keçib və inanırdı ki, qəbir çuxurundan da sevimli maşını ilə asanlıqla keçəcəkdir. Bu səbəbdən də vəsiyyətinə uyğun olaraq onu sevimli maşını ilə bir yerdə basdırırıq.

İzlədiyimiz bu və buna bənzər bir çox hadisələr, insanların fiziki və mənəvi aləmini formalaşdıran bütləşmə amilinin qüvvəsini göstərən saysız-hesabsız örnəklərdən biridir. Insan təbiətinə ən təsirli vasitə olan ölümün belə Adəm özladının bütləşmiş zehnində faciəvi dəyişikliyə uğrayaraq mənasız və duyğusuz bir hislər yığımına çevrilməsi, bəşəri münasibətləri ilahi qanunlarla səsləşməyən məcraya yönəltməkdir.

Zahiri və daxili aləmi tamamən bütlərin əsarətində çırpınan insan mahiyyətinin xilası yalnız və yalnız peyğəmbərlərə məxsus olan əvəzsiz bir çalışmadır. Uca Allahın Qurani-Kərimdə bu duruma işarət etməsi ilahi mərhəmətin bütpərəstlik məngənəsində inləyən bütün qəlblərə yönəldiyini göstərməkdədir: “(Ya Rəsulum) üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (İslama) tərəf tut. Allahın dinini heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur. Lakin insanların əksəriyyəti (haqq dininin İslam olduğunu) bilməz.” (ər-Rum, 30)

Qüdsi hədisdə Allah-Təala belə buyurur: “Mən bütün qullarımı hənif (Allaha yönələn) olaraq yaratdım. Fəqət onlar şeytana uydular və dindən sapdılar. Bu minvalla şeytan onlara halal etdiklərini haram hala gətirdi və onun haqqındakı hökmünü verincəyə qədər mənə şirk qoşmalarını əmr etdi.” (Müslim XVII 197)

Ayə və qüdsi hədisin həqiqətini açıqlayan hədisdə Muhəmməd (s.ə.s) belə buyurmaqdadır: Hər kəs fitrət üzərə doğar. Ana-atası isə onu yəhudi, xaçpərəst ya da məcusi edər. (Buxari, Cənaiz 80)

Rəbbimiz bir rəhmət təcəllisi olaraq qulu üzərində hökmünün gerçəkləşməsinə qədər ona, mənliyini sarsıdan və əbədi müqəddaratını iflic edən məqamaların iç üzünü tanıtmaqla ehtiyatı əldən verməməyi bildirməkdədir. Söylədiklərimizi ən gözəl şəkildə anlamaq üçün Qurani-Kərimin bənzərsiz hidayət dəryasına baş vurmamız kifayətdir. Mübarək kitabımızda qullarına qarşı hədsiz bir mərhəmət sahibi olan uca Rəbbimiz öz sevgili qulu İbrahim (ə.s)-ın dili ilə Adəm özladını əsir almış bütpərəstlik rəzalətindən qurtulmaq üçün istisnasız olaraq hər birimizi əməli təfəkkürə dəvət etməkdədir:

“Siz Allahı qoyub ancaq bütlərə ibadət edir, yalan uydurursunuz. Sizin Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər. Ruzini Allahdan diləyin! Ona tapının! Ona şükr edin! Siz Onun hüzuruna qaytarılacaqsınız.” (Ənkəbut, 17)

“Ey Rəbbimiz! Bu diyarı (Məkkəni) əmin amanlıq yurdu et. Məni və oğullarımı bütlərə tapınmaqdan uzaq elə!” (İbrahim, 35) Amin!

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz