ZÜLMƏTDƏN NURA

ZÜLMƏTDƏN NURA

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur:

İman gətirib yaxşı işlər görənləri zülmətdən nura çıxartmaq üçün Allahın açıq-aşkar (halal-haramı bəyan edən) ayələrini sizə oxuyan bir peyğəmbər göndərmişdir.

 Kim Allaha iman gətirib yaxşı iş görərsə, (Allah) onu (möminlərin) əbədi qalacaqları, altından çaylar axan cənnətlərə daxil edər. Həqiqətən, Allah ona gözəl ruzi əta etmişdir”. (ət-Talaq, 11)

 Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Onun Haqq Rəsulu Hz. Muhammədə salətu-salam olsun. 

Ümmətinin dünya və axirətin zülmət saçan dəhşət səhnələrindən qurtuluşu naminə sahib olduğu hər şeyini fəda edərcəsinə sərf edən Rəsulullahın (s.ə.s) əbədiyyət yolçuluğuna və yolçularına verdiyi müstəsna önəm, mömin kimsəni bu məsələyə münasibətdə kifayət qədər diqqətli davranmağa məcbur etməkdədir. İnsan övladını ağır və amansız zülmət firtınasından əbədi  aydınlığın sübh şəfəqlərinə çıxartma fədakarlığının əsl qiymətini  yalnız qəlbləri olmuş və olacaq hadisələrin həm zahiri, həm də batini həqiqətini mənimsəmiş Haqq dostları anlaya bilər. Bu istiqamətdəki fürsətləri anında dəyərləndirən Allah Rəsulu ümmətinə edəcəyi mühüm xəbərdarlığı Əbu Zərin simasında bu şəkildə dilə gətirirdi:

“Ey Əbu Zər! Gəmini yenisi ilə əvəzlə. Çünki dəniz çox dərindir. Azuqəni kamil bir şəkildə seç. Çünki axirət yolçuluğu uzundur. Dünyadakı yükünü də yüngülləşdir. Çünki yoxuşu çıxmaq çətindir. Əməli sırf Allah (c.c) üçün  işlə. Çünki Allah-Təala bütün hallarından xəbərdardır”.

Təbiidir ki, zülmətdən nura doğru uzanan axirət yolçuluğu  zaman və məkan kəsimlərində müdhiş arınma, təmizlənmə, ilahi hüzura layiq olacaq şəkildə maddiyyatı və mənəviyyatı təkmilləşdirmə  çalışmaları ilə zəngin olan bir həyat məktəbidir. Bu məktəbin siniflərində qalan və ya onu tamamilə inkar edənlərin axirət yolçuluğu adına, müvəqqəti də olsa (son nəfəsə kimi), bir dərdləri olmadığından onların bu yolçuluğa qarşı etinasız münasibəti qeybə iman əhlini bu vacib işdən qətiyyən soyutmamalıdır.  Dünyanı qazanmaq naminə axirətini və  məşəqqətli əbədiyyət yolçuluğunu ağılsızlığı ucbatından qurban edənlərin acı aqibətinə işarət edən İmam Qəzzali həzrətləri dünyada ikən başlayan axirət hazırlıqlarının əbədiyyət aləmindəki əks-sədasını belə dəyərləndirir:

 “Dünyada ikən Rəbbini tanıma mərifətinə nail olmayan kimsələr axirətdə sonsuz  ilahi səltənətin ehtişamını müşahidə imkanlarından uzaq qalacaqlar. Dünyada qazanıb dəyərini ödəmədiyi bir şeyə insan axirətdə necə sahib ola bilər ki?!. Dünyada ikən hər kəs nəyi əkmişsə, axirətdə də onu biçəcəkdir. Hər kəs yaşadığı kimi öləcək və öldüyü kimi də diriləcəkdir. İnsan dünyada ikən Haqqı tanıyıb Ona itaətdə nə qədər irəli gedəcəksə, axirətdə də Onun nemətinə o ölçüdə nail olacaqdır”.  

 Rəsulullahın mübarək hüzurlarında Onun hər bir halı və əməli ilə bərabərlik iqlimində yetişən ruhların  qeybə iman hərarəti, Hz. Əbu Bəkrin timsalında, qiyamətə kimi gələcək nəsillərin  zülmətdən nura doğru uzanan məşəqqətli yolçuluğuna istiqamət verəcək səviyyədədir. Bu yolçuluğun  dünya və axirətdəki təhlükələrini yolçulara izah edən  Əbu Bəkr Siddiq həzrətləri belə buyurur:

 “Beş şey zülmət və qaranlıqdan ibarətdir və bunların da beş aydınladıcıları vardır: 1) Dünya sevgisi zülmətdir. Çünki dünya sevgisi insanı əvvəl şübhəli şeylərə, sonra məkruhlara, sonra da haramlara sövq edər. Rəsulullah (s.ə.s) buyurdu ki: “Dünya sevgisi hər günahın başıdır”. Zülmət olan dünya sevgisinin təmizləyici aydınlığı təqvadır. 2) Günah zülmətdir və onun təmizləyici aydınlığı tövbədir. Rəsulullah (s.ə.s) buyurdu ki: “Qul bir günah işlədiyi zaman qəlbinə qara bir nöqtə düşər. Qul Allah-Təaladan bağışlama dilədiyi zaman qəlbi təmizlənmiş olar. Əgər günaha təkrar dönərsə, o qara nöqtə böyüyərək qəlbini istila edər”. 3) Qəbir zülmətdir, qaranlıqdır. Onun aydınladıcısı “Lə iləhə illəllah, Muhammədun Rəsulullah” deməkdir. Rəsulullah : “Kim ixlasla Lə ilahə illəllah deyərsə, cənnətə girər”,- buyurdu. Əshabi-kiram da: “Ya Rəsulallah! “ Lə ilahə illəllahı” ixlasla söyləmək necə olur?” - deyə soruşduqlarında Rəsulullah (s.ə.s) belə buyurdu: “Kəlmeyi tövhidin sizi Allahın (c.c) haram etdiyi şeylərdən uzaq tutması ilə”. Bundan əlavə, ibadətdə ixlas, ata-anaya, qohumlara yaxşılıq, ömrü günahlarla keçirməmək, nəfsin arzu və istəklərinə uymamaq, ibadət üçün göstərilən səy və Allahı (c.c) çox zikr etmək qəbir zülmətini aydınladan qəndillərdir. 4) Qorxulu yerləri həddən ziyadə çox olduğu üçün axirət də zülmətdir. Onu aydınladacaq nur isə saleh əməllərdir. 5) Sirat körpüsü də zülmət və qaranlıqdır. Onun aydınladıcı işığı isə yəqindir, yəni şəksiz-şübhəsiz qeybə inanmaqdır”.

Rəbbimiz bu möhtəşəm yolçuluğun dünya və axirətdə atılacaq hər bir addımında ibn Ərəbi həzrətlərinin səsləndirdiyi təslimiyyət şüuru ilə Nuruna yetişdirdiyi qullarından eyləsin:

 “Mənəviyyatını Onun (Rəbbinin) sifətlərindən yardım gələcək səviyyədə şəkilləndir. Zillətini Onun izzətini cəlb edəcək şəkildə, acizliyini Onun qüdrətindən imdad gələcək şəkildə, zəifliyini də Onun güc və qüvvətindən yardım görəcək şəkildə düzəlt və bu əhvalını qoru!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz