YALANA NƏ GƏRƏK VAR?

YALANA NƏ GƏRƏK VAR?

Yalan - ünsiyyət qurulan şəxsi aldatmaq, ona hiyləgərlik etməkdir. Yalan bəzən doğruların olduğu kimi yox, olduğundan fərqli şəkildə göstərilməsinə və danışılmasına da deyilir. 

Yenə də, bu, yalandır. Zəif iradə və xarakter əskikliyinin nəticəsi olan yalan hər yaşda insanlarda görülə bilər. Biz bu yazıda uşaqların yalan danışması, bunun səbəbləri və çıxış yollarından bəhs edəcəyik. Çünki uşaqların yalan danışması, əlbəttə, böyüklərin yalan danışması kimi deyil. Uşaqlar hələ iradə və düşüncələri tam formalaşmamış bir mərhələdə, öz kiçik dünyalarında özünəməxsus xəyallar quraraq yaşayırlar.

Uşaqlar ümumilikdə yalanı özlərini çətin vəziyyətdən çıxarmaq, cəzadan və ayıblanmaqdan qorxduqları üçün qüsurlarını ört-basdır etmək, qarşılaşacaqları kəskin reaksiyalardan, tənqiddən qorunmaq üçün danışarlar. Söylənən yalanlar həmin şəxsi bu vəziyyətdən çıxarırsa, şəxs eyni vəziyyətlə qarşılaşdığı zaman yenə yalana əl atacaqdır. Heç bir uşaq zövq üçün yalan söyləməz. Zövq aldığı üçün söylənən yalanlar davamlılıq ərz edərsə, bu, psixoloji bir problemin ifadəsidir.

Məktəbəqədər dövrdə uşaqlar xəyalla həqiqəti bir-birindən seçə bilmir, onları qarışdıra bilirlər. Bu yaşdakı uşaqlar, təsəvvür qabiliyyəti  tam inkişaf etmədiyi üçün, hadisələri fərqli şəkildə danışa və ifadə edə bilərlər. Bu kimi hallarda uşağın söylədiklərinin üzərində durmamaq, müsbət və ya mənfi heç bir reaksiya verməmək lazımdır. Uşaqların mücərrəd zəkasının inkişaf etdiyi 10-11 və yuxarı yaşlarda isə danışdıqları yalanlar üzərində durmaq, bunun bir vərdişə çevrilməməsi üçün müəyyən tədbirlər görmək lazımdır. Yalan mövzusunda uşağa həddən artıq reaksiya vermək yerinə, yalan danışmağının səbəbləri üzərində dayanmaq lazımdır. Çünki heç bir uşağın əyləncə olsun deyə yalan danışmayacağını ifadə etmişdik.

Uşaqlar hansı vəziyyətdə yalan danışma ehtiyacı hiss edərlər?

Ümumilikdə uşaqlar xətalarına görə sərt reaksiya və cəza verildiyində, qabiliyyət və bacarıqlarının üzərində bir şey gözləndikdə və tələb edildikdə, çox tənqid olunduqda, başqaları ilə mənfi cəhətdən müqayisə edildikdə, qarşısındakı şəxslərdən diqqət və sevgi ehtiyacı hiss etdikdə yalan danışa bilərlər.

Uşaqların yalan danışmamaları üçün nə etmək lazımdır?

Uşaqlara yalan danışmaqda nümunə olmamaq. Çox vaxt “uşaqdır” deyib onlara qarşı valideyn, müəllim və s. olaraq yalan danışdığımız hallar olmuşdur. Bu kimi hallarda onlar (hər nə qədər siz onları  uşaq olaraq görsəniz də) bunu özlərinə  nümunə olaraq götürərlər. Uşaqlar ilk öncə valideynlərini, sonra da müəllimini rol model olaraq alar.

“Doğru desən heç nə etməyəcəyəm” deyib sonra doğru söylədikdə cəza verməmək. Bu halda verilən cəza uşaqda güvənsizlik yaratdığına görə yalanı vərdiş halına gətirə bilər. Hətta əksinə, xəta işlədiyi halda bunu etiraf edərək doğru söyləyən uşaq təqdir edilməlidir.

Uşaqları həddən artıq tənqid etməmək və uşaqdan mükəmməl davranış gözləməmək. Əks təqdirdə uşaq sizə özünü bəyəndirmək üçün yalana əl ata bilər. Bütün nöqsanları uşaqda görmək onlarda özünəinam hissini azaldar.

Uşağa kifayət qədər diqqət, sevgi və vaxt ayrılmalıdır. Çünki uşaq ata-anasının diqqətini çəkmək üçün də yalana əl ata bilər. Xüsusən də son zamanlarda, internet və sosial şəbəkələrin daha aktiv istifadə olunduğu bir dövrdə bu kimi vasitələrlə həddindən artıq və çox məşğul olmalar da bəzən uşaqlara qarşı diqqət və qayğıya ayrılan vaxtın az olmasına səbəb ola bilər.

Uşağımızı əsla başqa uşaqlarla müqayisə etməyək. Çünki bu, həm uşaqda  özünəinam duyğusunu azaldar, həm də müqayisə edildiyi uşağı pisləmək, özünü isə tərifləmək üçün yalan danışmağa sövq edə bilər.

Uşaqların ağlabatan və imkan daxilindəki istəkləri yerinə yetirilməyə çalışılmalıdır. Uşaq istəklərini yalan danışaraq yerinə yetirmək məcburiyyətində qalarsa, bu, onda yalan danışma vərdişi yaradar.

Uşağı öz yalanlarımıza ortaq etməyək. Bəzən ailə daxilində, yaxud hər hansı problem qarşısında mövzunu dəyişmək, yaxud nəyisə gizlətmək ehtiyacı hiss edəriksə, buna əsla uşağımızın da təsdiqini istəyərək onları ortaq etməməliyik.

Yalanın zərərləri izah edilməlidir. Yalanın insanlarla əlaqələrin kəsilməsinə səbəb olduğu, insanlarda ona qarşı etibarsızlıq yaradacağı, yalan danışan insanın özünü dəyərsiz hiss edəcəyi izah edilərək onlara məlumat verilməlidir.

Son olaraq onu da qeyd edək ki, uşaq tərbiyəsində onları maddi və mənəvi dəyərlərimizdən faydalanaraq tərbiyə etmək, yaş səviyyələrinə uyğun olmayan hər cür internet və televiziya proqramlarından qorumaq, onlara sevgi göstərmək,  nümunə olmaq lazımdır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz