GÖRÜNMƏYƏNİ GÖR!
“Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə (bunu) bilmirsiniz”.
(əl-Bəqərə, 2/216)
Gözlərin çox şeyi görmürsə, görmədiklərin yoxdur deyə bilməzsən. Qulaqların bütün səsləri duya bilmirsə, eşitmədiyin səsləri inkar etməyə haqqın yoxdur. Sənin beynin çox şeyi dərk edə bilməsə də, dərk edə bilmədiyin bir çox həqiqətlər var. Bu həqiqətlərdən biri də başımıza gələn müsibətlərdə belə bizim üçün bir xeyrin olmasıdır. Hər şeydə bir xeyrin olması isə Allahın öz bəndələrinə bir lütfüdür.
Başımıza gələn bütün hadisələr bizim xarakterizə etdiyimiz kimi fəlakət tipli olsaydı, dünya yaşanmaz bir məkana çevrilərdi. Və ya tam əksinə, hər şey hər zaman bizim xeyrimizə işləsəydi, o zaman heç nəyin qədir-qiyməti bilinməzdi. Amma bunların heç biri olmadı. Bu iki yanaşmanın ortasında ədalətli bir ilahi mexanizm işləməkdədir. Bu elə bir mexanizmdir ki, biz nəyin nə zaman, nə şəkildə qarşımıza çıxacağını bilmirik. Bu da ümid və qorxu arasında yaşayaraq həyatımızın daha mənalı olmasına gətirib çıxarır. Əgər bunun əksi olsaydı, dünyada ümidsiz insanlardan çox heç bir şey olmazdı.
Əlində heç bir şey olmayan insanlar bir gün çox şeyə sahib olacaqlarını ümid edərək yaşadıqları halda, bu dünyada çox şeyə sahib olan insanlar da bir gün sahib olduqlarını itirəcəklərindən narahat olaraq yaşayarlar. Amma həqiqətdə nə bu dünyada qazandıqların sənindir, nə də itirdiklərin. Bunların heç biri üçün üzülməyə dəyməz.
Hər açılan səhərlə yeni bir ümid qapısı açılır üzümüzə. Hər bir yeni gündə özünü yeniləməyə imkan tapır insan. Dünəndə səni narahat edənlər bu günün mövzusu olmadığı zaman sən özünü daha rahat hiss edirsən. Sən əgər dünənki yaşam tərzini bu gün də eyni şəkildə davam etdirirsənsə, deməli, sən yeni bir gün yaşamırsan. Bu gün dünənin eynisi olmamalıdır. Hər günün öz gözəlliyi və sənin üçün təqdim etdiyi şans imkanları var. Hər gün günəş sənin üçün doğur, hər gün çiçəklər sənin üçün açır, quşlar sənin üçün oxuyur. Hər gün ömründən bir günü alsa da, o eyni zamanda sənə yeni bir günü də yaşamağa imkan yaradır.
Uşaqlıq illərində yaşanılan hər gün yeni bir şeyin baş verməsi, hər gün yeni şeylərin öyrənilməsi daha çox müşahidə olunur. Dünən iməkləyən körpə bu gün gəzir. Yenə dünən deyə bilmədiyi sözü bu gün deyə bilir, uşaqlar. Həm fiziki, həm də zehni inkişaf gözlə görüləcək dərəcədə və sürətlə baş verir. Çünki uşaqlar onların beynini məşğul edəcək neqativ düşüncələrdən uzaq olur. Onlarda sonradan öyrənəcəkləri paxıllıq, qısqanclıq, pislik etmə, küsmə, incimə kimi duyğular davamlılıq təşkil etmədiyi üçün daha çox xoşbəxt olur və daha intensiv inkişaf edirlər. İnsanın başına gələcək neqativ hadisələrin də təməlində bu kimi duyğulara fokuslanmaq dayanır. Belə ki, illərlə əmakdaşlıq etdiyiniz bir insandan hər hansı bir səbəbə görə inciyib küsdüyünüz və qürurunuzu əyməmək üçün barışmadığınız zaman bir addım qabağa, iki addım arxaya atmış olursan. Bu minvalla psixoloji gərginliyin fiziki sağlamlığını, fiziki narahatçılığın da psixoloji hüzurunu pozur.
Ona görə də, başına gələcək gözləmədiyin hadisələr qarşısında da özünü itirməməlisən. Dərdi verən dəvasını verdiyi kimi, hər çətinliyin bir asan çıxış yolu da var. Burda sadəcə düzgün qərarlar qəbul edib təmkinli hərəkət etmək lazımdır. Unutmamaq lazımdır ki, qəzəbli olduğun zaman cavab vermək, xoşbəxt olduğun zaman söz vermək və qəmgin olduğun zaman da qərar qəbul etmək sənin üçün zərərli ola bilər.
Son olaraq onu deyim ki, bu dünyaya insan kimi gəlmək və yaşamaq hüququ qazanmaq belə uğurdur. Əgər belə bir şans sənə verilibsə, onu ən yaxşı şəkildə dəyərləndirməlisən. İnsan olduğun üçün qürur duymalısan. Sən əgər özünün dəyərini bilmirsənsə, başqa heç bir şeyə dəyər verə bilməyəcəksən. Unutmamalısan ki, dəyərli olan kimsə başqalarının da özü kimi dəyərli olduğunu daha yaxşı qəbul edir. Hər şeyi dəyərli qəbul edən isə qarşılaşdığı hər bir şərdə belə bir xeyir görür. Beləliklə, əgər sizin də həyatınızda gözlədiyiniz bir xeyir gecikirsə, bu sizin üçün bir xeyirdir deməkdir…
ŞƏRHLƏR