ARAŞDIRMAÇI-YAZAR, ALTINOLUK JURNALININ REDAKTORU AHMET TAŞGETİRENLƏ MÜSAHİBƏ

ARAŞDIRMAÇI-YAZAR, ALTINOLUK JURNALININ REDAKTORU AHMET TAŞGETİRENLƏ MÜSAHİBƏ

ARAŞDIRMAÇI-YAZAR, ALTINOLUK JURNALININ REDAKTORU AHMET TAŞGETİRENLƏ MÜSAHİBƏ

İrfan: Öncəliklə, qardaş ölkəyə xoş gəlmişsiniz, Ahmet bəy. Sizinlə dünyadakı insan problemi haqda danışmaq istərdik. Kitablarınızda, yazılarınızda İslam dünyasındakı bir sancıdan bəhs edirsiniz. Bu sancı nəyin nəticəsidir, bunun qaynağında nələr var?

A.Taşgetiren: Əvvəla dəvətinizə görə təşəkkür edirəm. Doğrudur, İslam dünyasındakı sancıları tez-tez dilə gətirirəm. Belə bir sancının varlığını inkar edə bilmərik. Bu gün dünyanın harasına baxsaq, harada qanayan bir yara varsa, bunun İslam coğrafiyası olduğunu görərsiniz. Suriya, Əfqanıstan, Pakistan, Myanmar, Arakan, Somali və s. Azərbaycan deyəndə də ilk əvvəl Qarabağ acısı yada düşür. Bu acını daim içimizdə hiss edirik. Niyə belə bir sancı ilə üz-üzəyik. Bu bir həqiqətdir ki, I Dünya Müharibəsində biz məğlub olduq, İslam dünyası olaraq uduzan tərəfdə yer aldıq. Osmanlı dövləti dağıldı, bir çox müsəlman bölgələr açıq və ya örtülü olaraq müstəmləkəyə çevrildi. Bu zaman sistemlərini, idarə şəkillərini əksəriyyət olaraq özləri müəyyən etmədi. Bir-biri ilə əlaqələrini də özləri müəyyən etmədi. Bu əlaqələri müharibənin qalibləri təyin etdilər. Bunlar II Dünya Müharibəsindən sonra da müəyyən ölçüdə davam etdi. Bir müddət sonra müstəqilliklər əldə edildi. Bu səfər də sistem sancıları başladı. Hüquqi problemlər, təhsil problemləri, müsəlman xalqlar ilə onları idarə etməyə çalışan xarici dövlətlər arasında idarə edilmə şəkli sahəsində problemlər baş göstərdi. Biz də Türkiyə olaraq bunu uzun zaman yaşadıq. İnanc sərbəstliyi, düşüncə sərbəstliyi sahəsində sıxıntılarımız oldu. Bir çox İslam ölkəsində bunun bənzərləri yaşandı. İslam ölkələrinin bir-biri ilə əlaqələrində də problemlər var. Bu problemlər, əslində, müsəlman xalqların ortaya çıxardığı, səbəb olduğu problemlər deyil. Xaricdən meydana gətirilən və İslam ölkələrinin əlaqələrini gərginliyə sövq edən problemlərdir. “İslam coğrafiyası” dediyimiz ərazi böyük bir coğrafiyadır. Qərbi Afrikadan Çin Səddinə qədər, Uzaq Şərqə - İndoneziya, Malayziyaya qədər uzanır. Müsəlmanlar bir milyard yeddi yüz milyon kimi tələffüz edilən böyük bir kütlədir. Amma dünyada nə qədər söz sahibiyik?! Bir milyard yeddi yüz milyonluq əhalinin bu saya nisbət edən bir ağırlığı mövcud deyil. Bu ağırlıq niyə meydana gəlməyib, buna da baxmaq lazımdır. Burada təhsil siyasətinin ortaya çıxardığı problemlər önə çıxır. Yəni yüksək təhsil olmadığı üçün ictimai şüuru yüksəldə bilmirsiniz. Bunları yan-yana qoyduğunuz zaman İslam dünyasının acıları ortaya çıxır. Halbuki insanlığın İslama ehtiyacı var. Məncə, insanlıq İslamsız təsəvvür edilə bilməz. İslam – Yaradanın insan həyatı üçün qoyduğu ölçülər bütünüdür. İnsan İslamsız olmaz. Bəs İslamı insanlığa kim təqdim edəcək? İslam dünyası var, amma İslamı təqdim edəcək gücə, enerjiyə sahib deyil. Ya da öz həyatında İslamı yaşamadığı üçün bir nümunə ortaya qoya bilmir. Bütün bunlar bizim problemlərimizdir. Bəlkə, burada pessimist bir mənzərə meydana çıxır, amma mən bütün qəlbimlə inanıram ki, insanlığın İslama ehtiyacı var. İslam bizim dünyamızın dəyəridir. Ona sahib çıxaraq, onu öz şəxsiyyətimiz üçün ölçü halına gətirərək, onun inşa edəcəyi gözəl insan olaraq, bir-birimizlə qardaşlıq iqlimi meydana gətirərək bu problemlərin aşıla biləcəyini düşünürəm.

- Kitablarınızda “İslamı eşqlə yaşamaq” deyirsiniz, “Sonsuz beyət” deyirsiniz. Sanki biri sual, biri də cavab kimidir. Yəni insan daim Allaha olan sözünü, andını xatırlamalıdır deyirsiniz. Belə bir yanaşma tərzi həyatımıza nə qatar?

- Bəli, bunlar həm nəşr olunmuş kitablarımın, həm də Altınolukda çıxan yazılarımın adlarıdır. Biz orada müsəlmanların yaşadığı problemləri müzakirə edib çarə tapmağa çalışırıq. Niyə “İslamı eşqlə yaşamaq” demişik? Demək ki, o sahədə bir çatışmazlıq var. Müsəlmanın İslamla münasibətində problemlər var. Aralarında məsafə var. İslam eşqlə, sevgi ilə yaşanacaq dəyərlər bütünüdür. Orada mən belə bir sual ortaya qoymuşdum: “İslam bizim nəyimizdir? İslamın əhatə dairəsi nədir?” İslam bizim nəyimizdir? – İslam bizim olmazsa-olmazımızdır. Bizim, yəni insanın olmazsa-olmazıdır. İslamla insan arasına məsafə girdikcə insanla onun insanlığı arasında aşınma meydana gəlir. Allah-Təala insanı yaratdı və dedi ki, belə etsən, “gözəl insan” olarsan; mənim razı qalacağım insan olarsan. Quran ölçüləri budur, adı da İslamdır. İkincisi, İslamın əhatə dairəsi nədir, dedik. O sahədə də düşüncə problemlərimiz var. Məsələn, İslam həyatımızın bu qədərində var olarsa, kifayətdir, deyirik. Halbuki Allah-Təala İslamı həyatın bütün sahələrində yaşanması üçün göndərmişdir. Sadəcə ibadət sahəsində deyil, sadəcə inanc sahəsində deyil, insanlar arasındakı münasibətlərdə, hətta insanın cansız varlıqlarla əlaqələrində də İslam yer almalıdır. Məsələn, müsəlman suyu kirlədə bilməz. Bir quşu nişan alıb həzz almaq üçün vura bilməz. Bir pişiyi hədəf alaraq atış təlimi keçirə bilməz.

- “Gəl ey mərhəmət” deyə bir yazınız var, orada da bu mövzunu işləmisiniz.

- Bəli, bu çağırışlar İslamın çağırışıdır. Bunlar həyatın bütün sahələrini əhatə edir.  Məsələn, Bakıda küçədə əkilmiş bir gülü qoparda bilmərik. Bakıdakı hər kəs küçədəki çiçəklərdən birini qoparsa, küçələrdə gül-çiçək qalmaz. Bizim buna haqqımız yoxdur. O çiçək bütün Bakınındır, fərdi olaraq almağa haqqımız yoxdur. Yaxud səma, hava, torpaq... Bunlar bütün insanlığındır, kirlədə bilməzsiniz. Fabrikdən suya zərərli mayeləri axıda bilməzsiniz. Balıqların ölməsinə səbəb ola bilməzsiniz. İslamın həyatımızda belə bir geniş əhatə dairəsi var. Onu yaşaya bilsək, ailə həyatımız da, iş həyatımız da düzgün olar. İctimai münasibətlərimiz, ölkələr arasındakı münasibətlər də düzgün olar. Yox əgər həyatımızda İslam azalmışsa, biz yenə də müsəlman olaraq görünərik, amma həyatımızın yarısı başqa dəyərlərə görə şəkillənər. Bu, sağlam bir müsəlman şəxsiyyəti mənasını daşımaz.

- Bəs “Sonsuz beyət” nədir?

- Biz ruhlar aləmində ikən Rəbbimizə bir söz vermişik. “Sən bizim Rəbbimizsən!” demişik. Orada verdiyimiz sözü dünya həyatında da davam etdirməkdir, sonsuz beyət. Səhər tezdən oyananda “Mən Rəbbimin quluyam, ona bağlıyam. Onun mənim həyatım üçün müəyyən etdiyi ölçüləri bilirəm, başa düşürəm, bunları idrak edərək həyatıma tətbiq etmək üçün yola çıxıram” deyə düşünmək, bu beyəti hər gün yeniləyərək davam etdirməkdir, sonsuz beyət. Əslində, dini təlimdə beyət deyəndə daha çox Həzrət Peyğəmbərimizlə (s.ə.s) edilən beyət nəzərdə tutulur. Yeni müsəlman olan hər kəs gəlib Peyğəmbərə beyət edərdi: “Bunu, bunu,.. edəcəyimə beyət edirəm, söz verirəm, ya Rəsulallah!” deyərək İslamın şərtlərini qəbul edərdilər. İndi biz də həmin sözü, sanki yoxluğunda yenə də onunla bərabər imiş kimi, təzələməliyik. O bizim peyğəmbərimizdir, sanki yaşayırmış kimi önümüzdə nümunə olaraq durmalıdır. Onunla əlaqəmizi diri tutmaq da bizim əsas məsuliyyətlərimizdəndir. Rəsulullaha (s.ə.s) bənzəmək, məsələn, onun kimi rəhmət insanı olmaq, onun kimi mərhəməti bütün varlıqlara yönəlmiş bir şəxsiyyət olmaq, ailəsinə şəfqətlə davranan bir insan olmaq, uşaqlara şəfqətlə davranan bir insan olmaq... “Heyvanlara söyməyin!” buyurur, Peyğəmbərimiz (s.ə.s). “Heyvanları vurmayın!” buyurur. “Heyvanların üstündə oturub bir-birinizlə söhbət etməyin!” buyurur. Həqiqətən, gözəl insan ola bilmək üçün Peyğəmbərimiz önümüzdə dayanıb, Quran önümüzdə açıqdır, amma yenə də əskiklərimiz var. Bu mənada, insanlıqda bir sancı var. Bu dərdin dərmanı haradadır deyə soruşulsa, bunun çarəsini Rəbbimizin bildirdiyi ölçülərə baxaraq tapmalıyıq. Onun göndərdiyi rəhbərin, Peyğəmbərimizin davranışlarına, sözlərinə baxaraq axtarmalıyıq.

- “Rəhmət toplumu” deyə bir əsəriniz də var. Sizcə belə bir toplumun olmazsa-olmazları nələrdir?

- Peyğəmbərimiz (s.ə.s) “Rəhmət Peyğəmbəri”dir. Quranda Rəbbimizin onu anladan ifadəsi: “Rahmətən lil aləmin – aləmlərə rəhmət” şəklindədir. “Səni ancaq aləmlərə Rəhmət olaraq göndərdik” buyurulur. Aləmlər kəlməsi çox geniş əhatəli bir ifadədir, bütün varlıqları içinə alır. Mənim üçün olmazsa-olmaz nədir deyirsiniz; başqasının haqlarına hörmətlə yanaşmaqdır... Quranda buyurulur ki, Allah rəhməti öz-özünə bir vəzifə olaraq yazdı. “Rəhmət mənim bir vəsfimdir”,- buyurur Allah. “Rəhmətim qəzəbimi keçdi” buyurur. Zülmü və zalımları sevmədiyini bəyan edir. Məncə, “İslam necə bir toplum qurur?” deyə bir sual soruşulsa, bunun tək cavabı vardır: “Rəhmət toplumu”. Yəni əgər bir cəmiyyəti İslam qurursa, insanlarını İslam inşa etmişsə, onları İslam tərbiyə edib şəxsiyyətlərini formalaşdırmışsa, orada yalnız “Rəhmət toplumu” meydana gələr. Nədir bunun olmazsa-olmazı desək, məsələn, qul haqqına diqqət... Başqa birinin haqqını tapdamayacaqsan, hətta göz-qaş işarəsi ilə də olsa, başqasını kiçik görməyəcəksən. Bu o qədər zərif bir xüsusiyyətdir ki, ürəyindən sui-zənn belə keçirməyəcəksən. Başqa bir insanın qeybətini etməyəksən, buyurulur. Qeybət Quranda necə açıqlanır; “ölmüş qardaşının ətini yemək”, - deyə ifadə edilir. Mən bunu belə anlayıram: qardaşınızı içinizdə öldürürsünüz, sonra da yoxluğunda onu pisləyərək ağzınızda çeynəyirsiniz. Yəni öldürmüş olduğunuz qardaşınızın ətini çeynəyirsiniz. Allah-Təala bu ifadənin arxasınca buyurur ki, “bax necə də diksindiniz”. Yəni gördüyünüz iş özünüzü də diksindirəcək bir işdir, amma fərqində deyilsiniz. Bütün bu incəlikləri diqqətə aldığımız zaman görürük ki, müsəlman həqiqətdə zərif bir insandır, gözəl insandır. Başqasının haqqını tapdamaqdan çəkinən bir insandır. Heç kimin ayağına basmayan bir insandır. Məsələn, evinizin kölgəsi qonşunuzun həyətini tutmamalıdır; bu qədər haqq-hüquqa riayət edən bir din ancaq rəhmət topluluğu qurar. Yoxsa ki, bizə: “Bir baxın müsəlman cəmiyyətlərə, hanı rəhmət toplumu?” – deyirlər. O zaman çevrilib özümüzə baxmağımız lazımdır. Deyilsə, İslama haqsızlıq etmiş olarıq. İslam bizim səhvlərimiz ucbatından “rəhmət toplumu qura bilməz” kimi dəyərləndirilməyə başlanır. Sonra da qlobal cəmiyyət, qlobal mədəniyyət və s. kimi tələffüz etdiyimiz son dərəcə səhv bəzi dəyərlərin insanlığa təqdim edilməsi kimi bir nəticə ilə qarşılaşırıq. Buna görə də böyük məsuliyyət daşıyırıq. Əvvəla özümüzdən başlamalıyıq. Məsələn, ailəmizdə rəhmət iqlimini qura bilmişikmi? Ata-ana öz aralarındakı münasibətlərdə, uşaqlarla münasibətlərində, ailənin ətrafında, öz çevrəsində rəhmət iqlimini qura bilirmi? İş yerimizdə, məmur-amir münasibətlərində, gücün müəyyənedici olduğu mühitlərdə rəhmət iqlimi varmı? İş sahibi ona tabe olan işçilərdən daha böyük bir gücə malikdir. Bu gücü rəhmətlə istifadə edirmi? Güc olan hər yerdə bu sualı soruşmalıyıq. Məsələn, mən həmişə deyirəm; analar övladlarını küçədə azarlamasın. Yaxud ata evdə öz hakimiyyətini təmin etmək üçün gücdən istifadə etməsin; yumruğunu işə salmasın, səsindən yumruq kimi istifadə etməsin. Bunların hamısı, əslində, bizim İslamımızın, müsəlmanlığımızın incəlikləridir. Bunları ya yaşayırıq, ya da yaşamırıq. Problem buradan qaynaqlanır. Diləyirəm ki, biz də yaşayanlardan olaq.

- Çox təşəkkür edirik, dəyərli fikirlərinizi bizimlə paylaşdınız. Allah-Təala rəhmət iqlimini yaşayıb yaşadanlardan olmağı hər birimizə nəsib etsin.

- Mən də təşəkkür edirəm.       

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz