UŞAQLIQDAN İNSANİ-KAMİLLİYƏ
Bəşər övladının yaradılışı digər varlıqlardan fərqlidir. Torpaqdan xəlq edilməsi onu cinlərdən və mələklərdən fərqləndirməkdədir. Əxlaq nöqteyi-nəzərindən də Allah insanı mükəmməl şəkildə yaratmış, məhz buna görə də onun insani-kamil olmasını arzu etmişdir.
İnsanlar arasında ən seçilmişlər və nümunə şəxsiyyətlər peyğəmbərlərdir. Peyğəmbərlər arasında ən seçilmişi Hz. Muhamməddir (s.ə.s). Əlbəttə ki, cəmiyyət olaraq ən seçkini və mükəmməli də Hz. Peyğəmbərin təlimindən keçmiş səhabənin yaşadığı “Səadət Əsri” toplumudur.
Bəşəriyyətə nümunəvi şəxsiyyət kimi göndərilən və “Üsveyi-Həsənə” qəbul edilən Hz. Peyğəmbərin insan yetişdirmə və şəxsiyyət formalaşdırma metodları hər bir insan üçün bahabiçilməzdir. Bunları öyrənmək və tətbiq etmək xoşbəxt cəmiyyətin təsis edilməsi üçün labüddür. Çünki günümüzə qədər əyani şəkildə heç kim onun təsis etdiyi kimi mehriban və güvənli bir cəmiyyət qura bilməmişdir. Filosofların bu səpkidəki məfkurələri isə həyatda özünə yer tapa bilməmiş, tozlu rəflərdə yer alan kitablarda öz qədərinə tərk edilmişdir.
Bu yazıda cəmiyyətin nüvəsini təşkil edən uşaqları yetişdirərkən nəyə diqqət yetirilməlidir və onları insani-kamil kimi formalaşdırmaq üçün nə etməliyik kimi suallara cavablar veriləcəkdir. Çünki sağlam gələcək üçün hər cəhəti ilə sağlam uşaqlara və yeniyetmələrə ehtiyac vardır.
Hz. Peyğəmbər şəxsiyyətin formalaşmasında uşaqlıq illərinin, hətta daha öncəki dövrün çox əhəmiyyətli olduğunu söyləmiş və bu yöndə nümunəvi davranışlar sərgiləmişdir. Odur ki, insan yetişdirməklə məşğul olan hər bir valideyn və təlimçi əlindəki xammalı yaxşı tanımalı, düzgün diaqnoz qoymalıdır. Yoxsa bu hekayədəki qartalın vəziyyətinə düşər: “Bir gün yaşlı bir nənənin bağçasına yaralı qartal düşür. Yaxşılıq etmək niyyəti ilə nənə onun qabağına xəmir qoyur. Ancaq xəmiri yeməyincə onun dimdiyində narahatçılıq olduğunu zənn edərək oranı yolur. Sonra qanadlarının çox böyüdüyünü düşünərək “köhnə sahibin sənə heç baxmayıb”- deyir və gözəl qanadlarını qayçı ilə kəsir. Vəziyyəti görən qartalın gözündən kədər yaşları axır. Ancaq bunu görən nənə onun nankorluq etdiyini zənn edərək “heç kimə yaxşılıq yaramır”- deyir və evdən bayıra atır”. Deməli, sadəcə xoş niyyətli olmaq kifayət etmir, qarşıdakını yaxşı tanımaq lazımdır. Hər bir valideynin borcudur ki, öz övladını olduğu kimi tanısın, düşündüyü kimi deyil. Yoxsa uşaq qartal hekayəsində olduğu kimi, əsl qabiliyyətlərini itirmiş olaraq qarşımıza çıxar.
Hz. Peyğəmbərin uşaq tərbiyəsində qətiyyən kobudluq, şəxsiyyəti alçaltma, təhqir və inamsızlıq kimi mənfi xüsusiyyətlərə yer yox idi. O bilirdi ki, gələcəkdə ancaq bu xüsusiyyətə malik uşaqlar aparıcı şəxsiyyətlər olar. Məsələn, Onun, üzərinə bövl edən uşağa heç nə deməyə qoymaması, peyğəmbərlik möhrü ilə oynayan uşağa müdaxilə etdirməməsi bunun əyani nümunələrindəndir. Həmçinin 10 yaşındakı Ənəsə heç vaxt əsəbiləşməməsi, ona kobud sözlər deməməsi şəxsiyyətin formalaşmasında uşaqlıq illərinin əhəmiyyətli olduğunu göstərir.
Cəza verilərək və yaxud qorxudularaq yetişdirilən uşaqlar arasından, əlbəttə ki, Üsamənin, Ənəsin çıxması mümkünsüzdür. Etibarı zədələnən uşağın gələcəkdə də özünə inamı olmaz. Özünəinam düzgün şəkildə aşılanarsa, 17-18 yaşında ikən Hz. Əbu Bəkrin, Hz. Ömərin iştirak etdiyi orduya başçılıq edən Üsamələr yetişər.
İslami elmlər sahəsində nüfuzu hər kəs tərəfindən bilinən Abdullah ibn Ömərlər Hz. Peyğəmbərin insani-kamil yetişdirməkdə nə qədər mahir olduğunu göstərir.
Abullah ibn Abbas kiçik yaşlarda ikən atası ilə karvanda iştirak edir və səfərə çıxırlar. Abdullah kiçik yaşda olduğuna görə dəvəsinə hökm edə bilmir və tez-tez Hz. Peyğəmbərin önünə keçirdi. Atası bundan çox narahat olur və ona xəbərdarlıq edirdi. Çünki Hz. Peyğəmbərdən önə keçmək tərbiyəsizlik olaraq qəbul edilirdi. Bundan narahat olan Hz. Peyğəmbər Abdullahın atasından, güc-bəla ilə də olsa, dəvəni satın alır. Çünki dəvəni satmaq əvəzinə ona hədiyyə etmək istəyirdilər. Dəvənin yeni sahibi olan Hz. Peyğəmbər Abdullahı yanına çağırır və ona istədiyi şəkildə dəvəni sürə biləcəyini deyir. Belə olduqda əsrlər sonra da cəmiyyətə nur saçacaq müfəssirlər, fəqihlər yetişir.
Hər fürsətdə nəvələrini oxşadan və onlara namazda olsa belə müdaxilə etməyən babanı bu gün təsəvvür etmək çətin ikən, 14 əsr bundan əvvəl bu gözəl mənzərə yaşanmışdır. Uşaqlara salam verərək onları sevindirən peyğəmbərin ümməti heç vaxt uşaqlara qarşı kobud və mərhəmətsiz ola bilməz.
Hz. Peyğəmbəri anlasaq və onun metodlarından istifadə etsək, haqsızlıq qarşısında haqqı hayqıran və canını doğruluq uğrunda fəda edən Hüseynlər, ədalət timsalı Üsamələr yetişər, elm dühası Abdullahlar yetişər…
ŞƏRHLƏR