AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÖVRÜNDƏ MƏDƏNİYYƏT

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÖVRÜNDƏ MƏDƏNİYYƏT

Şərqdə ilk respublika quruluşlu dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının çoxəsrlik tarixində, milli dövlətçiliyin əsaslarının yaradılmasında, milli özünüdərkin inkişafında mühüm rol oynadı Xalq Cümhuriyyətinin təhsilin, milli mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişaf etdirilməsi sahəsində fəaliyyəti xüsusi olaraq yadda qalmışdır. Müharibələr və daxili çəkişmələr nəticəsində dağıdılmış məktəblər şəbəkəsinin bərpa edilməsi, məktəblərin yeni şəraitə uyğunlaşdırılması, təhsil müəssisələrinin milliləşdirilməsi və milli incəsənətə kömək göstərilməsi məsələləri üzrə hökumət tərəfindən mühüm tədbirlər görülürdü.

Cümhuriyyətin ilk hökumət kabinetində Xalq Maarif Nazirliyi təsis edilmişdi. İlk Xalq Maarif naziri isə Nəsib bəy Yusifbəyli idi. O dövrdə yeni yaranmış müstəqil dövlətin təhsilli milli kadrlara çox ehtiyacı var idi. Ona görə də ilkin tədbirlərdən biri olaraq hökumət 1918-ci il avqustun 28-də «Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında» qərar qəbul etdi. Həmin qərara görə bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin ana-türk (Azərbaycan) dilində aparılırdı. Rus dilində tədris aparılan siniflərdə də Azərbaycan dilinə məcburi fənn kimi həftədə 3-4 saat ayrılırdı. Respublikada milli müəllim kadrlarına böyük ehtiyac var idi. Ona görə də ibtidai siniflər üçün müəllim hazırlamaq məqsədilə Bakı, Gəncə, Şuşa, Qazax və başqa şəhərlərdə xüsusi pedaqoji kurslar təşkil edildi. Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi 1918-ci ildə Qazaxa köçürüldü. Bakı, Gəncə və Şəkidə fəaliyyət göstərən «Nina» qızlar məktəbinin əsasında qızlar gimnaziyaları yaradıldı. Bundan əlavə, oğlanlar üçün 7 gimnaziya açıldı.

1918-20-ci illər Azərbaycan teatrının inkişafında mühüm keyfiyyət dəyişiklikləri, teatr işinə dövlətin fəal müdaxiləsi, teatrların repertuarlarında Azərbaycan tarixi və milli müstəqillik uğrunda hərəkatla bağlı olan yeni səhnə əsərlərinin görunməsi və ictimai həyatda teatrın rolunun artması ilə səciyyəvidir. Azərbaycan teatrının qabaqcıl nümayəndələri cəmiyyətin mütərəqqi dairələrinin yardımına arxalanaraq, teatrın ideya-bədii səviyyəsini qaldırmaq və təşkilati cəhətdən onu möhkəmləndirmək üçün pərakəndə teatr qruplarının birləşdirilməsi naminə cəhdlər göstərirdilər. "Nicat" və "Səfa" maarifçilik cəmiyyətlərinin qüvvəsi ilə aktyorların mədəni və yaradıcılıq inkişafına qayğı göstərən "Müsəlman aktyor cəmiyyəti" yaradıldı.

Nazirlər Şurası 1919-cu il noyabrın 17-də öz iclasında maarif nazirinin türk-opera-dram teatrının təşkili haqqında məruzəsini dinləyərək, Dövlət Türk Opera-Dram Teatrının təşkil olunmasını nəzərdə tutan qanun layihəsini bəyəndi. Beləliklə, türk teatrı milliləşdirildi və dövlətin himayəsinə verildi.

Azərbaycan Cümhuriyyətində milli ruhun və milli ideyaların güclənməsi nəticəsində milli mədəniyyətin təbliği və tədqiqinə, tarixi və milli irsin ənənələrinə maraq fövqəladə dərəcədə artdı. Bunlardan hər birinin öyrənilməsi və təbliği peşəkar səviyyədə təşkil olunmağa başlandı. Bu yöndə ardıcıl siyasət yürüdülməsi ilə yanaşı, hökumətin və ictimai təşkilatların imkanlarından da istifadə edilirdi.

Xalq Cümhuriyyəti hökuməti ölkəmizdə muzeylərin yaradılması istiqamətində də mühüm işlər görmüşdü. Mədəniyyətimizin tarixində böyük hadisələrdən biri olan «İstiqlal» muzeyi o dövrün yadigarıdır. Bu mədəniyyət müəssisəsi Azərbaycanın tarix və mədəniyyətini, milli-bədii irsimizi nümayiş və təbliğ edən ilk dövlət muzeyidir. Muzey 1919-cu il dekabrın 7-də Azərbaycan Parlamentinin işə başlamasının ildönümü münasibətilə onun binasında açılıb və parlamentin nəzdində fəaliyyət göstərib. Muzeyin təşkili və fəaliyyəti ilə bağlı bütün xərclər Azərbaycan Parlamentinin Rəyasət Heyəti hesabına qarşılanırdı. Burada tariximizi, dinimizi əks etdirən eksponatlar - məişət əşyaları, silahlar, əlyazmalar toplanmışdı. Bundan başqa, 1920-ci ilin əvvəllərində Maarif Nazirliyi nəzdində Arxeologiya şöbəsi yaradılmışdı.

Azərbaycan hökuməti öz fəaliyyəti dövründə mətbuatın inkişafına da xüsusi diqqət yetirirdi. 1919-20-ci illərdə Bakı, Gəncə və digər şəhərlərdə bir çox qəzet və jurnallar nəşr olunurdu. Xalq Cümhuriyyətinin rəsmi orqanı kimi Azərbaycan və rus dillərində «Azərbaycan» qəzeti nəşr olunurdu. Qəzet əvvəlcə Gəncədə, 1918-ci ilin 16 sentyabrında Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdükdən sonra isə paytaxtda çap edilirdi. Qəzetin Azərbaycan variantının redaktoru Ceyhun və Üzeyir Hacıbəyli qardaşları, rusca nəşrin redaktoru isə Şəfi bəy Rüstəmbəyli idi. “Azərbaycan” qəzeti ilə bərabər «İstiqlal», «Açıq söz» və b. qəzetlər də nəşr olunurdu.

İstifadə olunmuş mənbələr:

  1. “Mədəniyyət”, 2010. 28 may. N.35. S.7
  2. Azərbaycan Cümhuriyyəti (1918-1920) ELM Nəşriyyatı, Bakı, 1998

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz