TƏBƏSSÜM SƏDƏQƏDİR
İldə bir gün ayrılaraq qeyd olunan bir çox dəyərlər var ki, bunlara baxdığımız zaman görürük ki, bu dəyərlərin, demək olar ki, hamısını İslam dini qorumağa və yayğın hala gətirməyə çalışmışdır.
Məsələn: qadınlar günü (analar günü), kişilər günü (atalar günü), sevgililər günü və s. Zamanla bu kimi dəyərlərin itib yox olmağa üz tutduğunu görən ölkələr bu dəyərləri xatırlamaq üçün ildə bir gün təyin etmiş, heç olmasa həmin gün bu dəyərlərə sahib çıxılmasını istəmişdir. Halbuki dinimiz bu kimi dəyərlərə hər zaman ehtiram göstərilməsini və yaşadılmasını ciddi bir şəkildə tövsiyə etmişdir.
Hər il oktyabrın ilk cümə günü qeyd olunan “Ümumdünya Təbəssüm Günü” də bu qəbildən olan günlərdəndir. XIX-XX əsrdə, barıt qoxusunun hər tərəfi bürüdüyü, güclü insanların gücsüzləri əzdiyi, müasir köləliyin vüsət aldığı bir zamanda, təbii ki, təbəssümdən söz etmək o qədər də asan məsələ deyildi. Məhz belə bir toplumdan çıxan insanlar həsrət qaldıqları bu dəyəri xatırlamaq üçün heç olmasa ildə bir gün olan “Təbəssüm Günü”nü təyin etdilər. Amma İslama nəzər salsaq, görərik ki, təbəssümün sədəqə olduğunu bəyan edən Peyğəmbərimiz (s.ə.s) insanların bu müsbət dəyəri daim qoruyub saxlamasına çalışmışdır. Cəmiyyətdə təbəssüm edən insanlar nə qədər çox olarsa, öz ətraflarına hüzur, xoş əhvali-ruhiyyə və müsbət enerji yayarlar. Bu səbəblə toplumlar da bir-biri ilə əmin-amanlıq və firavanlıq içində həyat sürərlər.
Gülərüz və mərhəmətli olmaq yüksək insani keyfiyyət olmaqla yanaşı, həm də bir müsəlmanda olması mühüm olan xüsusiyyətlərdəndir. Bu xüsusiyyəti səbəbi ilə insan cəmiyyətin digər üzvləri ilə ünsiyyət qurur, sosial və ictimai əlaqələrdə uğur qazana bilir. Bu xüsusiyyət eyni zamanda peyğəmbərlərə xas bir əlamət olmuşdur.Uca Rəbbimiz müqəddəs kitabımızda belə buyurur: “(Ey Rəsulum!) Allahın rəhməti səbəbi ilə sən onlara qarşı yumşaq rəftar etdin. Əgər sən xaraktersiz, qatı qəlbli biri olsaydın, (insanlar) ətrafından dağılıb gedərdilər...” (Ali İmran, 159) Bu ayə onu göstərir ki, insanlarla ünsiyyət vasitələrindən biri də mərhəmətli, yumşaq qəlbli və gülərüz olmaqdır.
Allah Rəsulu (s.ə.s) belə buyurur: “Din qardaşını gülərüz qarşılamaq kimi (sadə) bir yaxşılığı belə qətiyyən kiçik görmə!” (Müslim, Birr 144)
Gülümsəmək sədəqədir. Başqa bir hədisində Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur: “Din qardaşının üzünə gülümsəmən sədəqədir”. (Tirmizi, Birr 3) Eyni zamanda Uca Rəbbimiz gülər üzlü insanları sevər. Allah Rəsulu (s.ə.s) bu haqda hədisində buyurmuşdur: “Allah mülayim xasiyyətli və gülərüz olan şəxsi sevər”. (Camius-Sağir, 2/503)
Gülər üzə və mütəbəssim bir çöhrəyə sahib olmaq gözəl əxlaqdan sayılmışdır. Eyni zamanda bu xarakterə sahib olan şəxslər digər insanlar üzərində çox böyük müsbət təsirlər də buraxa bilirlər. Əgər bir insan bunu Allahın razılığını qazanmaq və insanların qəlbini ələ almaq üçün edərsə, savab da qazanmış olar. Gülər üzlü insanların olduğu yerdə xoş əhvali-ruhiyyə olar. Belə bir yerdən sevgi, hörmət, istək və müvəffəqiyyət də əskik olmaz. Üzünü turşudaraq gəzən bir insanın yanında heç kim durmaq istəmədiyi halda, gülümsəyən çöhrəsi olan insanla ünsiyyətdən insanlar doymazlar.
İnsanlara şirin dil və gülər üzlə davranan insan, təbiidir ki, qarşılığında mütləq bunun eynisini alacaqdır. Bir-biri ilə bu şəkildə ünsiyyət quran bir cəmiyyət daha firavan həyat sürər. Elə buna görədir ki, dinimiz gülümsəməyi və təbəssüm göstərməyi sədəqə və bir ibadət olaraq qəbul etmişdir.
Ümumiyyətlə, din toplumun fərdlərinin bir-birinə qarşı münasibətlərini ən gözəl şəkildə tənzimləyən bir qanunlar toplusudur. İnsan sevgisi mənəvi bir duyğu olmaqla yanaşı, mənbə olaraq dinindən qaynaqlanan bir hissdir. Çünki gülər üzlü olmaq insanın digər əxlaqi keyfiyyətlərini də inkişaf etdirir.
Bir çoxumuz gündəlik həyatımızda şahid oluruq ki, böyük iş yerlərində, marketlərdə müştəri məmnuniyyəti üçün, öz kapitallarını artırmaq üçün insanlar daha çox süni təbəssümdən istifadə edirlər. Belə hallarda müştərilərə gülümsəyən işçilər işdən sonra, yaxud küçədə, evində o qədər də təbəssümlü biri olmadığını açıq-aşkar büruzə verir. Amma bunun bir ibadət olduğunu bilən insan nəyəsə görə deyil, elə sırf Allah üçün təbəssüm edəcəkdir.
Gəlin bir daha Allah Rəsulunun (s.ə.s) bizi dəvət etdiyi bu gözəl dəyəri xatırlayaq və yaşayıb yaşadaq. Üzümüzdən təbəssüm əskik olmasın!..
ŞƏRHLƏR