YENİLİKSEVƏR
“Ayıb yerlərini onlara göstərmək üçün şeytan dedi ki, Rəbbiniz sizə bu ağacı mələk olarsınız və yaxud əbədilik qazanarsınız deyə qadağan edib.Onlara and içdi ki, mən sizə yaxşı məsləhət verirəm.” (əl-Əraf, 20-21)
Bəhsi keçən bu hadisə insanlıq tarixinin çox ilkin mərhələlərində yaşanmışdı. Cənnətdə yaşayan, hər istədikləri özlərinə verilən (biri xaric), yemək, geyim, iş-güc dərdi olmayan bir cütlük və onlara paxıllıq hissi ilə yanaşan, düşmənlik bəsləyən bir varlıq. Üstəlik düşmənləri də gizli deyildi. Şeytanın onlara apaçıq bir düşmən olduğu özlərinə Yaradan tərəfindən bildirilmişdi. Bəs onların gözlərini aldadan, fikirlərini yanıldan, düşüncələrini donduran nə idi? Niyə əllərindəki ilə yetinməyib qadağan olunmuşa əl atdılar? Bəlkə də bu hiss ulu babamızdan bizə miras qalan, qandan-qana, candan-cana keçən “yenilik” hissi idi?! İnsan daima həyatında dəyişiklik istəyir. İstər yeməyində, istər geyimində, istər iş yerində, istərsə də həyat tərzində. Təzə bir filmə baxırmış kimi yeni bir başlanğıc həvəsindədir insanoğlu daima. Bəzən bunun səbəbi bir əskiklik, bəzən bir müvəffəqiyyətsizlik, bəzən də əldə edilmiş olandan bezginlik olur. Səbəbi nə olursa-olsun istiqamət eyni olur: yenilik. Bəxti gətirmədiyini düşünən sadəlövh insanların durmadan lotereya biletlərinə, şans oyunlarına varını-yoxunu yatırıb batması kimi bir hissdir, gözlərini yumub yenilik istəmək. Yeninin bəlkə daha pis olacağını düşünmədən, səhranın ortasında əlindəki su qabını boşaldaraq onu doldurmaq üçün suya bənzətdiyi ilğımındalınca düşən miskinin səfil halıdır düşünmədən yenilik istəmək. Düşünmədən deyirəm, çünki düşünməklə düşünməmək arasındakı fərq alçaldan yeniliklə yüksəldən yenilik arasındakı fərq kimidir. Birində hər şeyi itirərsən, digərində isə çox şey qazanarsan. Məncə ən yaxşı nümunə elə ilk dəyişikliyi, ilk yeniliyi edən şəxsin timsalında, Adəm peyğəmbərin timsalında ələ alınarsa daha yaxşı cavab taparıq. Quran bizə bu haqq-hesabı anlatdıqdan sonra belə məsləhət verir: “Ey Adəmoğulları! Ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını soyundurub cənnətdən qovdurduğu kimi şeytan sizi də aldadıb yoldan çıxartmasın...” (əl-Əraf, 27) Bu ayədən götürüləcək dərsləri bir neçə bənddə sıralamaq olar:
a) Adəm və Həvva qissəsində insanoğlu üçün hələ də götürüləcək çox dərslər var.
b) Şeytan aldadıcı hərəkətlərindən heç əl çəkməyəcək, Adəmoğullarını yoldan çıxartmaq üçün əlindən gələn hər vasitədən istifadə edəcək.
c) Şeytanın hiylələrindəki əsas məqsəd insanı cənnətdən uzaqlaşdırmaqdır.
d) İnsanı cənnətdən çıxartmağın tək yolu onu Rəbbini xatırlamaz hala gətirib Rəbbinin göstərdiyi yoldan uzaqlaşdırmaqdır.
e) Şeytanın hiylələri arasında geyim və ayıb yerlərin bir-birinə göstərilməsi çox mühim bir yer tutmaqdadır.
f) Ayıb yerlərin ifşası bir ədəbsizlik nümunəsidir. Demək ki, ədəb xəttini keçmək şeytanın təsir dairəsinə girmək deməkdir.
g) Allah bizə mərhəmətinin əsəri olaraq qarşımızdakı təhlükəni xəbər verməkdədir. Bu xəbərdarlığı nəzərə almayan insan öz əli ilə özünü cənnətdən uzaqlaşdıraraq özünə zülm etməkdədir.
Bu bəndlərin sayını daha da çoxaltmaq olar. Lakin kaş bu dediklərimizi yaxşı başa düşüb yerinə yetirməyi bacara bilək! Kaşki hər dəyişikliyi edərkən Quranın “heç düşünmürlərmi” nidasını nəzərə alaraq qərar verə bilsək!
Qarşıdan yeni bir il gəlir. Şəxslərin maddi imkanlarından asılı olaraq hər kəs arzuladığı yeniliyi həyata keçirə bilmir. Məsələn, yeni bir maşın ala bilmir, yeni bir ev ala bilmir, yeni bir telefon ala bilmir, kimisi də bu il yeni bir qış paltosu ala bilmir. Yəni insanın maddi imkanına görə yenilik imkanları daralır. “Yeni İl” bayramında isə bu məsələ bir az xarakteristikasını dəyişir. Çünki maddi-mənəvi təbəqəsindən asılı olmayaraq hər kəs yeni bir ilə qədəm basır. Başqa yenilikləri edə bilməyən bir çox insan heç olmasa bu yenilik səbəbi ilə təsəlli tapır, sevinir və ya heç olmasa sevinirmiş kimi görünür. Bu il əldə edə bilmədiklərini bəlkə yeni bir ildə, yeni bir başlanğıc ilə əldə edə biləcəyinə dair ümidlər baş alıb gedir. Balacasından böyüyünə, uşağından qocasına hər kəsi qucaqlayan bu sevinc anını heç kəs onların əlindən ala bilməz. Sevinək, amma görəsən, nəyə sevindiyimizi düşünürükmü? Sevinək, amma bu yeniliyin bizə nə gətirib bizdən nə alacağını heç düşünürükmü? Əgər cavabımız “heç nə”-dirsə, onda nəyə sevinirik?Yox, əgər udmaq istəyiriksə etdiyimiz yeniliyi düşünərək etməli deyilikmi? Bunu da keçək, deyək ki, yeniliyimizi həyata keçirərkənhəya sərhəddində qalıb, ədəb-ərkanımızı mühafizə edib sevinək, deyək-gülək. Bəs yaxşı, hər şeydə “yenidən” deyib başlamağı xoşlayan insanoğlu niyə “yenidən diriliş” deyəndə donub qalır? Görəsən, bu yeniliyə hazır olmadığımız üçün ola bilərmi? Bəlkə də bunu yenilik olaraq deyil, əslimizə, Rəbbimizə qayıdış olaraq gördüyümüz üçün də ola bilərmi? Hər nə isə, ümid edirəm ki, içimizə bir ümid kimi yerləşən və çox şeylər gözlədiyimiz yeniliyimiz bizi utandırmasın, alçaltmasın,əksinə, daha da yüksəltsin.
ŞƏRHLƏR