AZƏRBAYCANA HƏSR OLUNMUŞ KÖNÜLLƏR - MÜSAHİBƏ
Uzun illər Azərbaycanda milli-mənəvi dəyərlərin inkişafı naminə xidmətləri olan ağsaqqalımız Veysel Tatlı ilə Dr. Alican Tatlının ölkəmizə ziyarətlərini fürsət bilərək “İrfan” üçün müsahibə aldıq. Dəyərli oxucularımıza təqdim edirik.
Veysel TATLI:XİDMƏTDƏ YARIŞAN QAZANACAQDIR
İrfan:Əfəndim, uzun illər Azərbaycanda xidmət etdiniz. Bir neçə il əvvəl buradakı xidmətlərinizi tamamlayıb ana vətənə qayıtdınız. Türkiyəyə qayıdandan sonra ilk dəfə Azərbaycana gəlirsiniz. Bir vaxtlar xidmət göstərdiyiniz bu torpalarda hansı duyğuları keçirirsiniz?
Veysel TATLI:Əlbəttə ki, insan çox duyğulanır. İlk gəldiyim günləri xatırlayıram. Azərbaycan yeni müstəqil olmuşdu, şərait indiki qədər yaxşı deyildi. 70 il ərzində insanları milli-mənəvi dəyərlərindən qoparmışdılar. O vaxt biz Quran hafizləri yetişdirməyə çalışırdıq. Bu gün isə artıq Azərbaycanın xeyli hafizləri var. Gəncləri özlərini yetişdirərək müxtəlif yerlərdə xidmət edərək millətə töhfələrini verirlər. Yaşadığım illər ərzində bunu gördüm; əgər səmimiyyətlə çalışarsınızsa, Allah öz yardımını əsirgəməyəcəkdir və siz cəmiyyətlə layiq olduğunuz yeri tutacaqsınız. Azərbaycan mənim üçün ikinci vətəndir. Hamınızı özümə yaxın hiss edirəm. Onsuz da Azərbaycanla Türkiyə arasındakı qardaşlığı görmək üçün ən aşağı təbəqədən insanlarımızın bir-birinə münasibətinə baxmanız kifayətdir. Ümidvaram ki, yeni nəsillər də sevgi üzərinə bina edilmiş bu qardaşlığı davam etdirəcəkdir.
- Əfəndim, sizi nümunəvi bir ata vəağsaqqal kimi tanıyırıq. Gənclərlə münasibətdə əsasən nələrə diqqət etməliyik?
- İşin əsası övladlarımıza insanlığı öyrətməkdir. Siz bunu öyrədərsinizsə, artıq o uşaq böyüdükdən sonra həkim, vəkil, müəllim, mühəndis, hansı peşənin sahibi olmasından asılı olmayaraq ilk növbədə vicdanlı, dürüst insan olacaqdır. Millətin rifahı, dövlətin inkişafı məhz belə insanların əməyi sayəsində mümkündür. Böyüklər yaxşı nümunə olmalıdırlar. Çünki gənclər bizi örnək alırlar. Əgər biz yaxşı olarıqsa, bizə baxanlar da yaxşı olacaqdır. Xidmətdən ayrılmayın. Nə olursa olsun, insanlığa xidmət həyat düsturunuz olsun. Biz “yaradılanı sevərik Yaradandan ötrü” deyən Yunus Əmrələrin nəvələriyik. Allahın mülkündə yaşadığımızı bir anlıq da olsa unutmamalıyıq. Həyatı necə yaşayacağıq deyiriksə, ilk növbədə Allaha qul olduğumuzu unutmamalıyıq. Bütün insanlarla qardaş olduğumuzu fikirləşərək özümüzü heç kimdən üstün görməməli, Allah üçün xidmətə can atmalıyıq. Uzun illər yaşadığım təcrübədən görürəm ki, xidmətdə yarışan qazanır. Hər kəs dünya tarlasında əkdiyini biçəcəkdir. Axirətimiz üçün indidən xeyirli sərmayə qoymalıyıq. Allah üçün canla-başla çalışmaq lazımdır. Müsəlman fərdlərin və cəmiyyətin rifahı naminə əlindən gələn yaxşılığı edən, insanlara zərərli olan hər şeydən uzaq təmiz insandır.
ŞƏRHLƏR