Əbədiyyətə qanad çırpanlar

Əbədiyyətə qanad çırpanlar

Allah yolunda canını fəda edən müsəlmana şəhid deyilir. Şəhidlik ölümün ən uca məqamıdır. Vətənini, namusunu, hüququnu, əmlakını qoruyaraq həlak olan müsəlman şəhiddir.

 Allah-Təala yanında şəhidin məqamı çox yüksək, mükafatı təsəvvür edə bilməyəcəyimiz qədər ucadır. Müqəddəs kitabımız Qurani-Kərim də bəzi ayələrində bunu bildirməkdədir: “Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü deməyin”. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz”. (əl-Bəqərə 154). Digər bir ayeyi-kərimədə isə buyurulur: “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur”. (Ali-İmran, 169).

Şəhidlik çox uca və yüksək mərtəbədir və eyni zamanda  müsəlmanın ölümü ilə ibadət etməsidir. Şəhidlik əsasən cihad kimi müqəddəs bir əməlin, ibadətin məhsuludur. Bildiyimiz kimi şəhidliyin əsas mənası, müsəlmanın canını Allah yolunda fəda etməsi və canından keçməsidir. Şəhidlik  intihar etmək deyildir. İntihar Allahın əmanətinə xəyanətdir. Şəhidlik dedikdə sadəcə döyüş meydanında ölmək nəzərdə tutulmur.Başqa növ şəhidlər də vardır ki, Rasulullah (s.ə.s) öz hədislərində bu haqda məlumat verir. “Peyğəmbər (s.ə.s) bir gün səhabələrdən soruşdu: Sizin fikrinizcə şəhidlər kimlərdi? Əshab: “Allah yolunda öldürülənlər “deyə cavab verdikdə Peyğəmbər (s.ə.s) belə buyurdu. “O halda ümmətimin şəhidləri azdır”. Əshab soruşdu: “Ya Rəsulallah, bəs şəhidlər kimlərdir?”. Hz. Peyğəmbər (s.ə.s) belə cavab verdi: “Allah yolunda öldürülən və ölən, taun və vəba xəstəliyindən ölən, boğularaq ölən, yanaraq ölən, qarın agrısından ölən və doğuş zamanı ölən qadın, dağıntı altında qalaraq ölən, vəhşi heyvan tərəfindən parçalanaraq ölən, malını qoruyarkən öldürülən, dininə görə öldürülən, canını müdafiə edərkən öldürülən, ailəsini müdafiə edərkən öldürülən, vətənin müdafiəsi uğrunda ölən və haqsız yerə öldürülən şəhiddir”.(İbn Macə, 2804; Müslim İmarə, 165. Tirmizi Diyət 21)

Şəhidlik Allah sevgisi və qorxusu ilə alışıb yanan könüllərin arzusudur. Əgər bir müsəlman səmimi niyyətlə şəhid olmağı arzu edərsə, yatağında ölsə belə şəhiddir. İslamın ilk illərindən bəri qəlblərində Allah sevgisi olan müsəlmanlar şəhid olub bu uca məqama qovuşmağı arzulayıblar. Buna misal olaraq böyük İslam sərkərdəsi, İslamı qəbul etdikdən sonra bir çox döyüşdə iştirak edən və hərbi dühası ilə düşmənləri qorxuya salan Xalid bin Vəlid ölümü yataqda qarşıladıqda hönkür-hönkür ağlamışdı. “Niyə ağlayırsan,ey Xalid! Yoxsa ölümdənqorxursan?”,- deyə soruşduqda “Nə qədər müharibələrə qatılmışam, nə qədər düşmən öldürmüşəm, bədənimdə qılınc yarası olmayan bir qarış yer yoxdur, amma nə yazıq mənə ki, savaş meydanında deyil, yataqda ölürəm”, deyə cavab vermişdi. Xalid bin Vəlid xalis niyyətlə şəhid olub o uca məqama yüksəlməyi arzulayırdı. Hz. Peygəmbər (s.ə.s) isə bir hədisində belə buyurur: “Təmiz niyyətlə şəhid olmağı arzulayıb yatağında ölənlər də şəhiddir”.(Müslim İmarə 157)  Başqa bir hədisində isə şəhidlərə hazırlanan cənnət nemətlərini xatırladaraq belə buyurur: “Cənnətə girən heç bir müsəlman bir də bu dünyaya geri dönməyi arzulamaz. Ancaq şəhidlər yenidən bu dünyaya dönüb ikinci dəfə şəhid olmaq istəyərlər”.(Buxari Cihad 21; Müslim İmarə 109).

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz