İçinə Nəfs Sızan İbadətlər

İçinə Nəfs Sızan İbadətlər

Allah-Təalaya qulluq mömin üçün böyük şərəfdir. Yaradılış və dünya həyatında varlıq səbəbi olan qulluq insanın Rəbbi ilə əlaqəsinin davamlı və şüurlu halıdır.

 İnsan təbiəti etibarı ilə yaxşı əməllərə meyilli olduğu kimi günah işləməyə də meyillidir. Əməllər yaxşı və pis olaraq iki qismə ayrılır. Salh əməl və pis əməl. Saleh əməl insana savab qazandırır, pis əməl isə dəftərinə günah olaraq yazılır. Qurani-Kərim möminlərin qurtuluşunun iman və saleh əməlləri sayəsində olacağını xəbər verir. (əl-Mulk, 2; əl-Bəqərə, 25)

Saleh əməl yaxşı, gözəl, faydalı, savaba və Allahın rizasına səbəb olacaq, haram sərhədinə girmədən insanın iman, xoş niyyət və ixlasla etdiyi əməllərdir. Günah isə çirkin görünən əməl mənasına gəlir. İstər böyük, istər kiçik olsun, şəriətə zidd olan hər bir pis əməl deməkdir.

Rəsulullah (s.ə.s) günahı belə tərif etmişdir: “...günah qəlbində sıxıntı və tərəddüd oyandıran, başqalarının ondan xəbərdar olmasını istəmədiyin şeydir”. (Müslim, əl-Birru vəs-Sılatu vəl-Ədəb, 5)

İslamın müəyyən etdiyi savab-günah xətləri Quranın və Rəsulullahın sünnəsində dəqiqliklə öz əksini tapır. Nəyin savab, nəyin günah və nəyin şübhəli olduğu açıq-aydın ifadə edilmişdir.

Haqq ilə batil, doğru ilə yanlış, yaxşı ilə pis kimi bir-birinə zidd olan xüsuslar möminin dünyasında günah və savab məfhumları ilə ifadə edilir.

Mömin həyatı boyu hər bir əmələ günah və savab pəncərəsindən baxmalı, bu, onun bütün hərəkətlərinin meyarına çevrilməlidir. İnsani və ya beynəlmiləl müstəvidə xoş qarşılanan hər bir əməl onsuz da faydalıdırsa etməli olduğumuz, etdiyimzi zaman savab dəftərimizə yazılacaq əməllərdir. İnsan həyatında elə bir sahə yoxdur ki, İslam ora müdaxilə etməsin.

Qurani-Kərim günahın çirkinliyini, gizli və açıq olanından uzaq durmağın vacibliyini müxtəlif ayələrində ifadə etmişdir:

“Günahın aşkarından da, gizlisindən də əl çəkin! Günah qazananlar etdikləri əməllərə görə cəzalandırılacaqlar!” (əl-Ənam, 120) “De: “Rəbbim yalnız aşkar və gizli alçaq işləri, hər cür günahı, haqsız zülmü haram buyurmuşdur...” (əl-Əraf, 33) “Açıq və gizlin pis işlərə yaxın düşməyin...” (əl-Ənam, 151)

İnsan mömin də olsa, insanaxas zəiflikləri səbəbi ilə hər an günaha düşə bilər. Günaha düşməmək üçün qəlbən ayıq olmaqla yanaşı günaha düşdükdən sonra tövbə ipinə sarılmalı və günahlara görə peşmanlıq çəkdiyini dilə gətirməlidir. Rəbbimizin mərhəmət qapısı hər an açıqdır. Bu qapıda əfv diləyib, peşmanlıqla tövbə-istiğfar edən hər kəsin Allah tərəfindən baöışlanacağı umulur.

Şeytanın insanı aldatmasının tarixi Həzrət Adəmə qədər gedib çıxır. Ogündən bəri şeytan insanın baş düşməni olmuş və onu yoldan çıxartmaq üçün hər cür hiyləyə əl atmışdır. Arxadan, öndən, sağdan və soldan gələrək mömini günaha sürükləmək üçün hər cür məkrə əl atmışdır.

Şeytanın və nəfsaniyyətin təfsilatda gizli olduğu bir gerçəkdir. Günahlar və günaha düşürən tələlər çox vaxt ummadığımız hallarda bəzən yaxşılıq libasına bürünərək qarşımıza çıxa bilər. Burada möminin fərasəti hərəkətə keçməli, içinə nəfs sızan əməllər ibadət də olsa, ondan xeyir gəlməyəcəyi bilinməlidir.

Mömini çaşdıra biləcək bu kimi təhlükəli vəziyyətlər bütün ibadətlərinin, hərəkətlərinin içində gizlənə bilər. Məsələn, namaza riya qarışa bilər. Namazını xüşu ilə qılan bir mömin “nə gözəl namaz qılır”, yaxud “camaatı tərk etmir” demələri üçün bu düşüncəyə qapıla bilər. Bəzən oruca göstəriş sıza bilər. Gizli saxlamağa əlverişli olan oruc ibadətində belə bəzən insan öz-özünə “mən nə qədər ixlaslı adamam, gör nə qədər nafilə oruc tuturam” deyərək şeytan və nəfsə aldanıb o ibadətdən sadəcə aclıq və susuzluq əldə edə bilər. Günah bəzən Rəzzaqı unudub ruzini özündən bilmək kimi infaqın içinə yuvarlana bilər.

Təqva həyatı yaşamaq istədiyimiz halda niyyətimizə qarışan fəsadçı duyğular bizim mənən həlak olmağımıza səbəb ola bilər. Təvazökar olmaq istəyərkən təvazö duyğularımızdan yüksələn təkəbbür bir əjdahaya çevrilib yaxşı əməllərimizi yox edə bilər. Saf kimi görünən əməllərimizin içinə sızan riya, təkəbbür, ucüb kimi düşüncələr əməlimizin savabını silib-süpürdüyü kimi, bizi həmin əməldən hesab vermək məcburiyyəti ilə qarşı-qarşıya qoyar.

Sosial həyatın hər sahəsində düşülə biləcək günahlar bir müddət sonra insanı çıxılmaz mənəvi xaosa sürükləyə bilər. İşdə yoldaşlarımızla aramızdakı münasibət, ailəmizlə olan münasibətimiz, yolda, bazarda və s. eyni atmosferi paylaşdığımız insanlara qarşı münasibətimiz savab-günah prizmasından dəyərləndirilməli və bütü hüquqların üzərində Hüququllahın olduğu unudulmamalıdır.

Bütün ibadətlərin, hətta həyatın qayəsi olan Allah rizası möminin könül dünyasını əhatə etməli və nə edirsə etsin, qəflətdən uzaq və ilahi riza üçün etməlidir. Ustad Nəcib Fazılın “O Ərlər ki” sözləri ilə başlayan şeirindəki bu misralar möminin günaha qarşı həssaslığını və əsli məqsədini necə də gözəl ifadə edir:

O ərlər ki, könül fəzasındalar,

Torpaqda sürünmə əzasındalar.

İçinə nəfs sızan ibadətlərin

Bir-biri ardınca qəzasındalar.

Bir an yabancıya qaysa gözləri,

Bir ömür göz yaşı cəzasındalar.

Nə cənnət tasası və nə cəhənnəm,

Sadəcə Allahın rizasındalar.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz