Şər(h)Siz
Əslində hər kəs özünün haqlı vəbaşqalarının günahkar olduğunu düşünər. Etdiyi pislikləri yaxşılıq, insanlara və cəmiyyətə vurduğu ziyanı da fayda olaraq zənn edər.
Bununla birlikdə yaşadığı ən yaxşı günündə belə nəyinsə doğru olmadığını, onun ətrafında nələrinsə pis cərəyan etdiyini fikirləşib başqalarında günah axtarar. Özünün başqaları üçün başqalarına ziyan verən başqa birisi olduğunu ağlından belə keçirməz. Dünyaya və hər kəsə sadəcə öz nöqsanlı gözlərindən baxar, özünü başqalarının yerinə qoymaqdan çəkinər. Başqalarının etdiyi yaxşı əməlləri dünyada edilə biləcək ən əhəmiyyətsiz bir iş olaraq görər. Birinin doğru bildiyi yol onun gedilməsini ən təhlükəli bildiyi yol olaraq ortaya çıxar. Hər zaman insanlar arasında təzadlar və bu təzadlar nəticəsində də bir çox problemlər yaşanar. İnsanların doğru olmayan bu yaşamaları doğru olmayan zamanlarda onları haqlayar, onların həyatına xoşlanmadıqları əhval-ruhiyyəni gətirər.
Nə qədər ki, dünyada problemlər azalmayıb, hər dövrün özünə xas müşkülləri olub və olmağa davam edirsə düşünürəm ki, bu yanaşma da binaye-qədimdən belə gəlib belə də davam edəcək. Amma bunun da bir çıxış yolu vardır. O da bir az öz eqomuzdan ayrılıb bir az fərqli düşünməkdir. Özümüzə başqalarının gözündən nəzər salıb, kim olduğumuzu, necə olduğumuzu bir daha nəzərdən keçirməliyik. Bizim pis olaraq gördüklərimiz bizi də pis olaraq görərlərsə burda problem vardır deməkdir. Hər şeyin qarşılıqlı olduğu bu dünyada bütün etdiklərimiz və davranışlarımız bir gün bizə qayıdacaqdır. Daim başqalarını hədəf gördüyümüz kimi bir gün bizim də hədəf olacağımızı göz ardı etməməliyik deyə düşünürəm.
Bütün bu insanlıq problemlərimizdən sonra mən burda tezisimi bu şəkildə qurmaq istərdim. Dünyada ya hər şey yaxşıdır, ya da hər şey pisdir. Pislə yaxşının eyni anda olması mümkün deyildir. Ya sən, sənin sən dediklərin kimi pissən ya da sənin sən dediklərin sənin özünə yaxşı dediyin sən kimi yaxşıdırlar. Bu iki yoldan birini seçməlisən. Bundan başqa yolun yoxdur. Əgər sən özünə pis deyirsənsə başqalarını yaxşı görmək imkanın sıfıra bərabərdir. Sən özünə heç vaxt pis deməyəcəyin üçün də deməli hər kəs sənin kimi yaxşıdır. Sən və hər kəs yaxşıdırsa o zaman dünyada pis heç nə yoxdur. Dünyada pis heç nə yoxdursa, sən nə haqqında pis düşünürsən?
Məsələni bir az da sadələşdirsək,dünyada pis deyilən bir şey yoxdur, yaxşı olmayan yerdə onun yoxluğu və bizim onun yoxluğuna verdiyimiz pislik deyilən isim vardır.Bizim pis düşünməyə haqqımız yoxdur. Çünki hər şey bir Yaxşının məshuludur. Yaxşı olanın məhsulunun pis olması mümkün deyildir. Yaxşı hər zaman yaxşı olduğu üçün də ondan olanlar da yaxşı olmaq məcburiyyətindədir. Əgər biz hər şeyə sahib olduğumuz halda yaxşını görə bilmiriksə bu yaxşının olmaması deyil, bizim yaxşını tam şəkildə dərk etməməyimizdəndir.
Bir düşünürün əsaslandırdığı kimi əslində soyuq deyilən bir şey mövcud deyil. Fizikanın qanunlarına əsasən, bizim soyuq saydığımız, əslində istiliyin olmaması deməkdir. 0 dərəcə selsidə istiliyin tam yox olması, ətraf mühitin reaksiyasının aşağı düşməsi istiliyin olmaması deməkdir ki, biz buna ad qoyub, soyuq deyirik.Qaranlıq məvhumu əslində işığın olmamasına deyilir. Biz işıqlığı ölçə bilərik, onun gurluğunu ölçə bilərik, amma qaranlığın yox, çünki qaranlıq artıq özü-özlüyündə işığın sıfıra bərabər olması deməkdir.Əslində şər öz-özlüyündə heçdir. Şər Allahsızlıq deməkdir. Bu, qaranlığa bənzəyir, haradakı işıq yoxdur, deyirik, ora qaranlıqdır, bu, soyuğa bənzəyir, haradakı istilik yoxdur, deyirik, soyuqdur. Eləcə də, Allahsız qəlbli insanlara şər insanlar deyirik. Sevgi olmayan qəlblərə, boş qəlblərə şər deyilir. Belə çıxır ki, şər özü sübut edir ki, Allah var!
Demək Allah da vardırsa, şər deyilən bir şey yoxdur. Bunun üçün də bizim üzərimizə düşən iş məsələlərə və hadisələrə baxış bucağımızı dəyişdirməliyik.Yaxşı baxıb, yaxşı görməliyik. Yaxşı görüb yaxşı düşünməliyik. Yaxşı düşünüb həyatımızdan həzz almalıyıq. Yaxşı baxmaq üçün də yaxşı olmaq, yaxşı olmaq üçün də yaxşını tanımaq və onun yolunda olmaq lazımdır. Yox əgər bunların tam əksinə hərəkət ediriksə, biz heç bir zaman xoşbəxt ola bilməyəcəyik.
Siz yenə də ətrafınızda şər və pisliklərin olduğunu düşünürsünüzsə deməli şərhsiz olaraq yaxşıların olmadığı yerdə sadəcə isimlə var olan şər sizsiniz!
ŞƏRHLƏR