Vətən Sevgisi

Vətən Sevgisi

Əziz müsəlmanlar!

Bütün dünya xalqlarının vahid bir millət adı altında toplanması qeyri-mümkündür.

 Bu mümkünsüzlüyün hikmətini Uca Allah Hucurat surəsinin 13-cü ayəsində belə bəyan etmişdir:

“Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq.”

Göründüyü kimi Uca Allah bəyan edir ki, məhz özü bizləri xalq və qəbilələrə bölmüşdür. Bu xalqların hərəsinin mənimsəyib məskunlaşdığı bölgələr vardır ki, bu bölgələr də “vətən” adlanır. Vətənin rifahı naminə tər töküb çalışmaq və vətən eşqi ilə onun uğrunda canını fəda etmək isə vətənpərvərlikdir. Bizim Allaha qarşı vəzifələrimizi rahat bir şəkildə yerinə yetirə bilməmiz üçün məskunlaşdığımız bölgənin, yəni vətənin daha çox torpaq arzusunda olan xalqlardan qorunması lazım gəlir. Hər bir vətəni də onda yaşayan qorumalıdır. Onu qorumaq üçün də ona qarşı sevgi olmalıdır. Deməli, dinimizi rahat şəkildə yaşayıb Allaha itaət edə bilmək üçün vətəni sevmək və onu bütün mənfi dəyərlərdən qorumaq zəruridir.

Dinimiz də bu mövzuya böyük əhəmiyyət vermişdir. Qurani-Kərimə, həzrət Peyğəmbər və onun səhabələrinin həyatına nəzər salsaq görərik ki, vətən çox əhəmiyyətli bir yerə sahibdir. Allah təala bir tayfanın başqa bir tayfanı öz vətənlərindən çıxartmasını yaxşı hal kimi zikr etməmişdir. Belə ki, əl-Bəqərə surəsinin 84 və 85-ci ayələrində yəhudilərə xitabən belə buyurulur: “Xatırlayın ki, bir zaman sizdən: bir-birinizin qanını tökməyin, bir-birinizi yurdunuzdan çıxarmayın! - deyə möhkəm söz aldıq. Sonra siz buna şahid olub təsdiq etdiniz. (Ey Yəhudilər!) siz elə adamlarsınız ki, bundan sonra yenə bir-birinizi öldürür, özünüzdən olan bir tayfanı öz yurdlarından kənar edirsiniz”. Qeyd edilən ayələrdə Uca Allah bir tayfanın öz vətənlərindən çıxarılmasını yaxşı hal kimi zikr etməmişdir.

Həzrət Peyğəmbər və əshabı da Allah yolunda öz vətənlərini tərk etmək məcburiyyətində qalmışdırlar. Onlardan Həbəş ölkəsinə köç edənlər var idi ki, bəziləri vətənləri olan Məkkə həsrətinə dözə bilməyib gizlicə Məkkəyə gəlmiş və yenidən geri qayıtmışdılar. Mədinəyə köç edənlər də bu vəziyyətdə idilər. Hüdeybiyyə sülhü zamanı Məkkəyə az qalmışkən geri qayıtmalı olmuşdular. Peyğəmbərimiz (s.ə.s) Məkkədən Mədinəyə hicrət edərkən dönüb həsrətlə doğulub-böyüdüyü vətəninə baxaraq belə dedi: “Ey Məkkə! Sənin xalqın məni səndən ayırmasaydı heç vaxt səndən ayrılmazdım”.         Qeyd edilən bu hadisələr vətənə olan sevgi və məhəbbətdən qaynaqlanırdı.

Vətənin əhəmiyyətli olmasındandır ki, Allah rızası üçün vətənini tərk edənlər Allah yolunda öldürülənlərin mükafatına layiq görülmüşdür. Belə ki, Ali-İmran surəsinin 195-ci ayəsində Allah təala belə buyurur: “...Hicrət edənlərin, öz yurd-yuvalarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin günahlarının üstünü Allahdan bir mükafat olaraq, əlbəttə, örtəcək və onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah yanındadır.” Ayədən məlum olduğu kimi, Allah rızası üçün yurd-yuvalarından, vətənlərindən çıxarılanlar Allah yolunda əziyyət çəkib öldürülənlərlə eyni tutulmuşdur. Deməli, vətən o qədər dəyərlidir ki, ondan çıxarılmaq böyük mükafata nail olmaqdır.           

Xalq ilə vətən, ruh və bədən kimidir. Xalq vətəni sevməzsə, ruh bədəndən ayrıldığı kimi vətən də xalqdan ayrılar. Bir vətəni möhkəm tutan din, dil, mədəniyyət və adət-ənənələrdir. Vətən, xalq və din ayrılmaz məfhumlardır. Vətənsiz xalq dağılar, xalqsız vətən vətən sayılmaz, din olmadıqda isə ölkədə nizamsızlıq baş qaldırar. Din müqəddəs olduğu kimi vətən də müqəddəsdir. Dini və vətəni sevmək isə ən müqəddəsdir.

Dinimizi dərindən yaşayan və onu dərk edən ulu əcdadımız əbəs yerə vətəni “ana vətən” adlandırmamışlar. Ana bizə necə doğmadırsa, vətən də bizə elə doğmadır. Ana necə müqəddəsdirsə, vətən də elə müqəddəsdir. Vətənimizi sevib ona sahib çıxmazsaq, başqaları ona sahib çıxar. Ancaq onu sevib hər birimiz bir fərd kimi ona sahib çıxarsaq, vətənimiz heç vaxt batmayacaqdır. Necə ki, şair demişdir:

Sahibsiz olan məmləkətin batması haqdır,

  Sən sahib olarsan, bu vətən batmayacaqdır.

Əziz müsəlman qardaşlarım və əziz vətəndaşlarım!

Buna görə də mən hər bir vətəndaşı vətənini sevməyə, onun qayğısına qalmağa və onu qorumağa səsləyirəm. Uca Allahdan niyaz edirəm ki, bizi dinini, vətənini və xalqını sevən bəndələrindən etsin. Bu xoş arzu və məramla Əssələmu aleykum və rahmətullahi və bərəkətuh!

                                                                                                              

Bakı İslam Universiteti

Zaqatala şöbəsində keçirilən xütbə müsabiqəsinin qalibi

IV kurs tələbəsi RƏHİMLİ  ELŞƏN

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz