Səmimiyyət
Səmimiyyət, bir başqa adıyla ixlas Qurani Kərimin formalaşdırmaq istədiyi şəxsiyyət məfhumunun sıralama baxımından bəlkə də ilk prinsipidir.
Çünki səmimiyyət olmadan bu şəxsiyyətin formalaşmasından bəhs etmək əbəsdir. Çox təəsüflər olsun ki bugün biz müsəlmanlar nədənsə şəxsiyyətimizin ölçüsü olan bu qədər önəmli bir prinsipi görməməyə çalışırıq və yaxud da görmək istəmirik. Halbuki şəxsiyyətimizlə əlaqəli olan bir çox çatışmamazlıqların arxasında məhz bu görməməyə çalışmaq və ya görmək istəməmək məsələsi durmaqdadır.
Nədir səmimiyyət? Səmimiyyət bir çox şəkildə tərif edilmişdir. Bir tərifə görə “səmimiyyət başqasının gözlərinin içinə baxaraq danışmaqdır”. Başqa bir tərifə görə isə səmimiyyət “doğru olmaqdır”. Ən əsası isə Mövlananın dediyi kimi “ya olduğun kimi görünmək, ya da göründüyün kimi olmaqdır”.
Rəsulullah (s.ə.s.): “Din, bütünlüklə səmimiyətdən ibarətdir” buyurmuşdur. Ondan “kimə qarşı səmimiyyət və sədaqət göstəriləcək” deyə soruşulduqda: “Allaha, Kitabına, Rəsulüna, mömünlərin başındakı imamlarına və bütün mömünlərə” (Buharî, Müslim) cavabını vermişdir.
Səmimiyyət məfhumu çox şaxəli bir məfhumdur. Qurani Kərimdə insan şəxsiyyəti ilə bağlı məsələləri bir bütün olaraq ələ aldığımızda bu məfhumun bütün bu məsələləri əhatə etdiyini görürük. İstər əxlaqi prinsiplər, istər davranış qaydaları (müamilələr/müaməlat), istərsə də ibadətlər bu qavramın çətiri altındadırlar. Başqa cür desək mənəvi yönü təşkil edən əxlaqi prinsiplərlə maddi yönü təşkil edən müamilələr və ibadətlərin ahəng içərisində olub olmamasını ölçə biləcəyimiz tək ölçü vahidi səmimiyyətdir. Əgər bir insan maddi yönü meydana gətirən müamilələr və ibadətlərində səmimi görünüb mənəvi yönü təşkil edən əxlaqi dəyərlərdə səmimi deyilsə o insanın müamilə və ibadətlərindəki səmimiyyətindən söhbət gedə bilməz. Çünkü Quran bu cür parçalanmış insan şəxsiyyətini inkar etməkdədir. Ona görə də ilk öncə mənəvi yönümüzü təşkil edən əxlaq üzərində durmaq lazımdır. Əxlaq deyildikdə isə sadəcə kişi-qadın münasibətləri nəzərdə tutulmamalıdır. Kişi və qadın münasibətləri əxlaqın sadəcə bir yönünü təşkil etməkdədir. Əxlaq isə çox geniş bir məfhum olub doğruluğu, yaxşılığı, ədaləti, cəsarəti və digər bir çox dəyərləri əhatə edir.
Qurandakı “Lə ikrahə fi`d-din” (Dində məcburiyyət yoxdur, (Bəqərə, 2/256)) ayəsinin bəlkədə bizə vermək istədiyi mesajlardan biri də “Dində səmimiyyət vardır” mesajıdır. Yəni hər hansı bir şeydə məcburiyyət varsa orda səmimiyyət yoxdur. Səmimiyyətin olmadığı hər hansı bir şey isə qalıcı deyildir.
Səmimiyyətlə saxtakarlıq qətiyyən birlikdə ola bilməz. Möminin əməli nöqsanlı olsa da, imanı kamil olmalıdır. Əməldəki qüsur bağışlanır, ancaq ixlas pozulmamalıdır. Allah Təala, danışdığı zaman haqqı söyləyən, haqqı təsdiq edən, hər zaman haqqın yanında olan kəslərin keçmiş qüsurlarını bağışlayacağını və onlara kifayət olacağını müjdələmişdir. (Zümər, 39/33-36) Buna görə də riyaya aparan yolları hər şeydən əvvəl səmimiyyətlə bağlamamız lazımdır.
Saxtakarlıq Allahın rizasını əsas almayıb insanların rizalarını əsas aldıqda ortaya çıxar. Bu da Allaha şirk qoşmaqla nəticələnər. Quran isə Allahın Özünə şirk qoşanları bağışlamayacağını bildirir:
“Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur”. (Nisə, 4/48)
Uşaqlıqdan başlayaraq həyat yolumuzun müxtəlif dövrlərində bu prinsipin aşılanmasının nə qədər zəruri olduğu ortadadır. Çünki fərdlərinin bir çoxunun səmimi olmadığı cəmiyyətlərin əxlaqi cəhətdən normal şəkildə formalaşmaları mümkün deyildir. Əxlaqi cəhətdən normal formalaşmayan cəmiyyətlər isə həyat səhnəsində lazımi yerləri tuta bilməzlər. Bunun üçün də hər şeydən əvvəl səmimiyyət gərəkdir.
ŞƏRHLƏR