Unudulmaz Xatirələr

Unudulmaz Xatirələr

Dr. Alican Tatlı
1992-ci ildə Azərbaycana ilk dəfə getdiyimiz zaman orada bir ay qalmışdıq. 
Geri qayıdarkən Sadəddin bəy və Səlim Əfəndi ilə birlikdə Bakının yolunu tutduq. Maşını da elə Səlim Əfəndinin bir qohumu sürürdü. Yol boyu bir çox mövzulardan söhbət açıldı. Maşında mənəvi bir ab-hava yaranmışdı. Mövzu möhtərəm ustadımıza gəldi. Ustadımız bir həftə qalıb geri qayıtmışdı, biz isə Sadəddin bəylə birlikdə 28 gün qalmışdıq. Səlim Əfəndinin ustadımıza olan sevgisini, məhəbbətini, ona olan inancını, ondan gözlədiklərini, ümidlərini ifadə edən bir cümlə bizə çox dərindən təsir etmişdi. Söhbət əsnasında dedi ki: “Allah Osman abiyə dayaq olsun. Mənim ömrümdən kəsib onun ömrünə calasın. Ona tuşlanan güllə gəlsin mənim bağrıma dəysin. Əgər mən ölsəm, beş yetim – səhv etmirəmsə beş demişdi – qalar, amma Osman abiyə nəsə olsa, on minlərlə adam yetim qalar! Azərbaycan xalqının, gənclərinin, ümmətin övladlarının ona çox ehtiyacı var; onun xidmət anlayışına ehtiyacı var. Onun əxlaqına, şəxsiyyətinə, düşüncə tərzinə, xarakterinə və dünyaya baxış tərzinə ehtiyacı var!..”
Onun möhtərəm ustadımıza olan bu sevgi və bağlılığı bizim üçün unudulmaz bir xatirə oldu.
 
Lokman Helvacı
Səlim Əfəndinin simasında, hər şeydən əvvəl, Azərbaycanda Hüdayi vəqfinin/Gəncliyə Yardım Fondunun, islami xidmətlərin orada yerləşməsinə vəsilə olmağın haqlı fəxrini daim hiss etdiyini görürdüm. O ilk illəri yada salanda gözünün ayrı cür işıldadığını, ilk günkü o həyəcanı yenidən yaşadığını hiss edirdim. Bunun dəfələrlə şahidi oldum. “Qonşusu ac ikən özü tox yatan bizdən deyil” hədisini Osman Əfəndiyə dediyi, Nevzat hoca ilə görüşdüyü o günləri anladarkən hər dəfə üzündəki sevincin, bu fəxarətin şahidi olurdum.  
Səlim Əfəndi dini elmlərlə maraqlanmağa başladığı zaman şəhərin bir ucundan o biri ucuna yay-qış demədən, gecə qaranlığında, dini dərsləri, Quranı öyrənmək üçün Yusif Əfəndinin yanına, 7-8 km-lik yolu piyada gediş-gəlişini danışdığı zaman gözləri doluxsunardı. 
Şəkidən keçdiyimiz zaman əgər onunla görüşməsək, növbəti görüşümüzdə bunu mütləq vurğulayar, süfrəsinə qonaq olmadığımız, bərabər oturub bir çay içmədiyimiz üçün incindiyini ifadə edərdi.
Çox diqqətcil idi. Belə ki, Osman Əfəndinin hansı tarixdə Azərbaycana gəldiyini, hansı il neçə dəfə gəldiyini, heç bir görüşünü unutmazdı. Onunla hər görüşündə 40-cı, 41-ci deyə bunu səsləndirər, hər gəlişini böyük bir məhəbbətlə qarşılayıb sıra ilə yadında saxlayardı.
Səlim Əfəndinin ən mühüm xüsusiy­yətlərin­dən biri də əvvəlki nəsillərdən aldığı təcrübəni və özünün qazandığı təcrübəni bizimlə, yəni özündən sonrakı nəsillərlə bölüşmə mövzusunda çox həvəsli, comərd olması idi. Bu təcrübə istər maddi, istərsə də sosial mövzularda olsun, fərq etməz, hər sahədə öz bildiyini bölüşərək dəstək verməyə çalışardı.
 
Fatih Karaburc
Səlim Əfəndi hər gün məscidə gələndə öz müfti otağından əvvəl bizim mədrəsədəki otağımıza gələr, hal-xətir soruşar, gündəmdə olan məsələlər haqda danışar, məsləhətlərini verərdi. Ümmətin dərdi ilə dərdlənən bir insan idi. Eyni zamanda böyük bir Türkiyə heyranı idi; orada baş verən hadisələri addım-addım izləyərdi. Müftilikdəki işlərindən sonra axşam evinə gedəndə Türkiyənin bütün xəbər kanallarını tək-tək izləyər, səhər açılanda mədrəsəyə gələrək o xəbərlər ətrafında söhbət açar, yorumlayar, Türkiyədəki aktual məsələlərlə bağlı fikirlərini ifadə edərdi. Bir gün yenə eyni şəkildə gəldi, səssizcə oturdu. Çayımızı içdik, mən işlərimlə məşğul olmağa başladım, o isə danışmadan eləcə oturdu. Yarım saata yaxın davam edən bu səssizlikdən sonra belə bir gözəl söz dedi: “İnsan sevdiyi insanın yanında heç danışmasa da, onlar öz aralarında qəlbən ünsiyyət qurar, xoşbəxt olarlar”.
Hacı Səlim Əfəndi Türkiyədən oraya xidmətə gedən yoldaşlara bir əmanət şüuru ilə baxardı və onların qayğısına qalardı. Hər zaman bu sözü söyləyərdi: “Əgər burada mənim etməli olduğum, gücümün yetəcəyi bir şey olduğu halda məni narahat etməmək üçün mənə söyləməsəniz, sizə haqqımı halal etmərəm. Mən heç də narahat olmaram, həftənin, günün istənilən saatında sizə yardımçı olmaq üçün burada varam. Bu mənada məni narahat edin, mən bundan məmnun olaram!”
Biz onun bu sözlərinin felən şahidi olduq. Ailəvi ehtiyaclarımız, uşaqların vəziyyəti, öz təhsilimiz, gələcəyimiz... hər xüsusda xidmətə gedən yoldaşlarımıza daim qayğı göstərərdi. Hər birimizlə yaxından maraqlanar, ata nəvazişi ilə yanaşardı. 
Hacı Səlim Əfəndi mədrəsədə oxuyan, hafizlik edən uşaqlara baxanda, onların Quran oxuyan səslərini eşidəndə bununla fəxr edər, 86-87-ci illərdə, Sovet dövründə yaşadıqlarını xatırladaraq tez-tez: “Əlhəmdülillah, haradan haraya!... Bir zamanlar 600 manata bir Quran ala bilməz ikən, indi illər sonra, çox şükür, canlı Quranlarımız var!” – deyər, Allaha həmd edərdi. Allah ondan razı olsun.
 
Dr. Abbas Qurbanov
2001-ci ildə Türkiyədə doktorantura dərs müddətini bitirən kimi Şəkidə fəaliyyət göstərən Şəki Hafizlik Mədrəsəsinə müdir köməkçisi və Şəki Pedaqoji Texnikumuna müəllim olaraq göndərildim. Hacı Səlim Əfəndi ilə ilk tanışlığım da o zaman olmuşdu. Varlığı və müəssisəyə gəlişi ilə hər zaman işlərimizə dəstək olar, var olan problemlərə həll yollarını uzun həyat təcrübəsinə əsaslanaraq nümunələr verərək göstərərdi. Orda olduğum dörd il ərzində çox yaxın iş və ata-oğul münasibətimiz olmuşdur. Hər zaman dua edərkən “Allah birlik və bərabərliyinizi pozmasın” deyə dua edərdi. O gün bu duadakı dərinliyi tam qavramasamda da, zamanla, həqiqətən, müsəlmanlar arasında ən çox ehtiyac duyulan şeyin birlik və bərabərlik olduğunun şahidi oldum. 43 illik ömrümün ən acı günündə, Şəkidə fəaliyyət göstərdiyim əsnada yaşadığım çətinliklə əlaqədar, ətrafımda heç kimsə olmadığı zaman bir “baba” kimi mənə qol-qanad gərmiş, təsəlli edərək məni uçurumun kənarından xilas etmişdi.
Bədii kitablarda bəzi insanları qartal baxışlı və dağ cüssəli sifəti ilə təsvir edirlər. Deyərdim ki, gerçək həyatda bu xüsusiyyətləri Səlim Əfəndinin timsalında canlı olaraq görmüş oldum.
 
Mirmehdi Seyidov
Hacı ilə 1991-ci ilin qışında yas məra­simində tanış olmuşdum. Elə ilk gündən anladım ki, çox bəlağətli danışan, yerli-yerində məsləhətləri ilə bölgə xalqına faydalı din xadimi və gözəl insandır. Hacı ilə çox səfərlərimiz olub. Bir gün İsmayıllıdan Şəkiyə gəlirdik. İftar məclisindən qayıdırdıq. Maşında hafizlərdən birisi ilə Qurani-Kərimdən söhbət düşdü. Hafiz qardaşımız Cümə surəsini oxuyurdu. Ancaq görünür hansısa ayə ilə səhv salmışdı. Hacı onun səhvini çox nəzakətlə düzəltdi. Bu, onun çox məlumatlı və bilik sahibi olmasından xəbər verirdi. Səlim Əfəndi çox duzlu və məzəli əhvalatları da gözəl danışmağı bacarırdı. Bir gün ağsaqqallardan birisi Hacı Səlim Əfəndiyə deyir: “Hacı, bizim günahımız çoxdur, yəqin cəhənnəmə düşərik”. Hacı gülərək belə bir lətifə ilə cavab verir: “Bir gün oğru, çox yaramaz biri öldükdən sonra cəhənnəmə düşür. Görür ki, yaşadığı məhəllənin imamı da oradadır. Oğru soruşur: “Ya imam, sən hara, bura hara?” İmam əlini dodaqlarına qoyaraq deyir: “Sus, bizdən aşağıda müfti var”. 
Həcdə olarkən bizimlə 86 yaşında İsmayıl dayı da var idi. Axırıncı gün Vida təvafını edib geri qayıtmaq istəyirdik. İxtiyar hacımız dedi ki, “Mən də sizinlə gedirəm”. Hacı Vəzir qardaşımız ona dedi, “Səninlə çətin olar. Özü də sən artıq vida təvafını etmisən.” Nə qədər çalışsaq da, yola gətirə bilmədik. Vaxt da az idi. Biz Hacı Vəzir qardaşımla Kəbəyə doğru gedəndə hacı dayımız arxamızca dedi: “Sizi Allaha tapşırıram!” Doğrusu, biz çox pərişan olduq. Bu əhvalatı Hacı Səlim Əfəndiyə danışdım. Elə gözəl cavab verdi ki, məst olduq. Bizə dedi: “Allahın evində sizi Allaha əmanət edib. Bundan gözəl nə ola bilər?”
Rəhmətlik Hacı Rafiq ilə birgə Səlim Əfəndinin Şəkidə dinimizin dirçəlməsində misilsiz xidmətləri olub. Emin Yetər qardaşımızın dəfn mərasimində də Hacının xüsusi səylərinin şahidi olduq. Allah ruhunu şad eləsin.
 
Zeki Şahin
İlk dəfə Səlim Əfəndi ilə 1993-cü ildə tanış oldum. Azərbaycana yeni gəlmişdim. Hər nə qədər buranı özümüzə yad bilməsək də, istər-istəməz insan öz evindən uzaqlarda qəriblik hissi yaşayar. Amma Səlim Əfəndinin sayəsində heç vaxt qəribçilik hissini yaşamadıq. Sözün əsl mənasında Azərbaycan kişisinə yaraşan bir çox müsbət xarakter onda cəmlənmişdi. Bir ağsaqqal kimi nəsihət verəndə sizə olan sevgisini yaxından hiss edərdiniz. Birlikdə səfər etsəydiniz, sanki aranızda yaş fərqi yoxmuş kimi dostluğunu hiss edərdiniz. Harada nə cür olmaq lazımdırsa o cür olardı. Onun yanında heç vaxt sıxılmazdınız. Hər hansı bir dərdimizi ona açanda rahatlıq hiss edərdik. Çünki mütləq bir çıxış yolu göstərəcəyindən əmin olardıq. Yaşadığı həyat təcrübəsindən çox faydalanmışıq. Onun ölümü ilə bir dost, bir sirdaş, bir həmdəm itirdik. Azərbaycan xalqının başı sağ olsun!.. 
 
Abdurrahman Nuri
Səlim Əfəndi hələ Sovet İttifaqı dağılmadan, 1990-cı ilin oktyabr ayında Şəkidə Ömər əfəndi məscidində Quran kursları açaraq İslamdan məhrum, Qurana həsrət qalan bir cəmiyyətin yenidən oyanması üçün çalışırdı. Bu kurslarda kişilər, qadınlar və uşaqlara fərqli günlərdə, həftədə bir gün dərs verirdi. Qruplarda təxminən 20-25 nəfər idik. Heç birimizdə əlifba yox idi. Sadəcə əfəndinin özündə bir əlifba var idi. O, hərfləri və birləşmələri lövhəyə təbaşirlə yazar, biz də dəftərimizə köçürərək əzbərləyərdik. Bir gün dərsdə dedi ki, “Mən Türkiyəyə gedəcəyəm və oradan türkləri gətirəcəyəm. Artıq sizə onlar dərs verəcək”. Gün gəldi, Əfəndinin bu xəyalı həqiqətə çevrildi. Onun dəvəti ilə Azərbaycana gələn türkiyəli müəllimlər yüzlərlə insana Qurani-Kərim öyrətdilər. Təkcə Şəkidə açılan və 26 ildir fəaliyyəti davam edən mədrəsə 1500-ə yaxın məzun vermiş, 250 Qurani-Kərim hafizi yetişdirmişdir. 
Allah rəhmət eləsin. Məkanı cənnət olsun...
PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz