QƏLBLƏR NURLA QİDALANSIN

QƏLBLƏR NURLA QİDALANSIN

Oluklar çift; birindən kir axar, birindən nur... Bu ifadələr ötən əsrin yetişdirdiyi dahi türk şairlərindən biri olan Necip Fazılın məşhur “Sakarya Türküsü”ndə yer alır. Anadolu türkcəsində işlənən “oluk” kəlməsinin Azərbaycan türkcəsindəki qarşılığı “nov”dur. El arasında daha çox “novalça” olaraq məşhurlaşan bu əşyadan su kimi mayeləri axıtmaq üçün istifadə olunur.

 Eşitdiyimiz zaman ilk növbədə ağlımıza evlərin damından axan yağış sularını axıtmaq üçün düzəldilmiş yarımdairə şəkilli dəmir qurğular gəlir. Hər dəfə “Sakarya Türküsü”nü oxuyanda və bu misra ilə qarşılaşanda kəlmənin çağırışdırdığı məna ilə birlikdə gözümün önündə iki “oluk – nov” canlanır: Kəbeyi-Müəzzəmənin üzərinə yağan şəffaf yağış sularının axıb töküldüyü “Altın oluk” və yaxın keçmişdə, şərab hazırlamaq üçün daşdan, taxtadan düzəldilmiş xüsusi təknələrin içərisində əzilən üzüm suyunun axıdıldığı “oluk”. Birindən nur axır, digərindən kir…

Əslində insanın qəlbi də bir olukdur, novdur. Kimisindən nur, kimisindən kir axmaqdadır. Bunun da əsas səbəbi “oluk”larımızın haradan bəslənməsinə bağlıdır. Səmadan enən yağış suları ilə təmas edən oluklardan dupduru su axarkən, zərərli maddələrin töküldüyü oluklardan kirin axması da təbii nəticədir. Qəlbimizdən nur axmasını istəyiriksə onu səmavi vəhylə və rəhmət yağışları ilə bəsləməliyik.

Zaman-zaman evlərin damındakı novların içinə dolan zir-zibil ondan axan suyu bulandırdığı üçün mütəmadi təmizlik tələb edir. Eynilə bunun kimi, qəlbimizə gələn vəsvəsələr, işlədiyimiz günahlar da qəlb “nov”umuzu kirlədərək ondan axan suyu bulandırmaqdadır. Belə olan təqdirdə qəlbimiz də tez-tez təmizlənmək ehtiyacı hiss edir.

Bu gün bütün dünyada insanların qəlbini bulandırmağa çalışan, onları ilahi vəhydən uzaqlaşdırmaq üçün hər vasitəyə əl atan bir sıra fikri cərəyanlar mövcuddur. Allahın dərgahından qovularkən “Sənin haqq yolun üzərində oturacağam”, - deyə bəşəriyyəti azdırmaq üçün hər vasitəyə əl atacağını vəd edən şeytan ateizm, deizm, hedonizm, nihilizm kimi bir çox fikri cərəyanlarla insanları Allahdan uzaqlaşdırmağa çalışır. Beləliklə, insanların zehnini və qəlbini bulandırmağa, fitrətdəki təmizliyi, paklığı ləkələməyə, nəticədə Adəm oğlunu insanlıqdan çıxarmağa cəhd edir. Bu gün ümumi dünyada yaşanan ədalətsizliklərin, mərhəmətsizliyin, ərşə yüksələn ah-nalələrin yeganə səbəbi də məhz insanlığın Haqq yoldan azaraq bu kimi yanlış və əyri yollara düşməsidir. Qurani-Kərim Allaha aparmayan hər yolun zülmət olduğunu xəbər verir. Rəbbimiz Bəqərə surəsinin 257-ci ayəsində belə buyurur: Allah (Ona) iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə Tağutdur (şeytanlardır). Onları (kafirləri) nurdan ayırıb zülmətə salar”.

Haqq-Təala açıq-aydın gerçəyi göstərməkdədir. İstəyən haqq və işıqlı yolla gedər və sağ-salamat mənzil başına çatar. İstəməyənlər də kortəbii şəkildə, lakin öz iradələri ilə zülmət yollara dalar, küfrün qaranlıq dəhlizlərində qeyb olarlar.

Xeyir və şərin mübarizə məkanı olan dünyada Allaha çağıranlar da var, Allahdan uzaqlaşdırmaq üçün əyri yolları bərbəzəkli halda göstərib insanları azdıranlar da. Bu gün cəmiyyətdə ən çox populyarlaşan bir fikir xəstəliyi var. Adına deizm deyilir. Ateizm açıqdan Allahsızlığı təlim edirsə deizm sadəcə yaradan, lakin yaratdığına heç bir müdaxiləsi olmayan ilahın varlığını irəli sürür. Əslində, o da Allahı inkar edir, sadəcə günah və haramı, inkar və küfrü bəzəyərək insanlığa fərqli və şirin göstərməkdədir. Bu, şeytanın qızıl qədəhdə zəhər ikram etməsindən başqa bir şey deyil. Ateizmin, deizmin və bu kimi “izm”lərin bizi azdırmaması üçün hansı qaynaqdan bəsləndiyimizə diqqət etməliyik. Bəslənmə qaynağımız olan “oluk”larımıza düşən çör-çöpü vaxtında təmizləməliyik ki, səmavi yağmur sularımızın önünü kəsən bəndə çevrilməsin. Gənclərimizi, övladlarımızı doğru-düzgün yetişdirməli, kənar müdaxilələrlə qəlblərinə fitnə-fəsad toxumları səpilməsinə mane olmalıyıq. Unutmamalıyıq ki, “Oluklar çift; birindən kir axar, birindən nur..."

PAYLAŞ:                

Nurlan Məmmədzadə

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz