Uca Hədəflər Uğrunda!

Uca Hədəflər Uğrunda!

Möminin hədəfi uca, diləyi böyük olmalıdır. Onun ən uca hədəfi Allahın razılığı, ən böyük diləyi axirət səadətidir. Bu uca hədəflərin qarşısında iki böyük maneə vardır: biri doymaq bilməyən qarın, digəri də cinsi arzulardır. İnsanı cəhənnəmə ən çox aparacaq olan da bunlardır. (Tirmizi, Birr 62; İbn Macə, Zöhd 29)

Mömin bu həqiqətləri görməli, özünü dinin uca hədəflərinə həsr etməli, dünyanın gözəl evlərinə deyil, axirətin mükəmməl saraylarına göz qoymalıdır. Əlbəttə, cənnətə gedən yolda zəhərli tikanlar, bitməz-tükənməz çətinliklər vardır. Onu hədəfinə çatdıracaq ən doğru vasitə isə mənbəyindən öyrənəcəyi elmdir.

Sələflərimiz olan səhabə əfəndilərimiz elmi mənbəyindən öyrənməyə çox əhəmiyyət verərdilər. Əbu Əyyub əl-Ənsari "möminin ayıbını örtmə" mövzusundakı bir hədisi Hz. Peyğəmbərdən (s.ə.s) öz qulaqlarıyla eşitməmişdi. O hədisi Rəsuli-Əkrəmdən eşidən Uqbə ibn Amir isə Misirə yerləşmişdi. Əbu Əyyub (r.a) bu hədisi ilk mənbəyindən eşitmək üçün Mədinədən Misirə dəvə ilə bir ay səfər etmişdi.

Ən çox hədis nəql edən yeddi səhabədən biri olan Cabir ibn Abdullah da yenə belə bir hədis uğrunda Mədinədən Suriyaya eyni şəkildə bir aylıq səfəri gözə almışdı.

Rəsuli-Əkrəmin əmisi oğlu Abdullah ibn Abbas Peyğəmbərimiz vəfat edərkən hələ on üç yaşlarında idi. Özünü tanıyan gündən bəri Allahın Elçisindən ayrılmamışdı, amma onun daha əvvəl söylədiyi hədisləri bilə bilməzdi. Bu səbəblə özünün eşitmədiyi hədisləri, ondan şəxsən eşidən səhabələrə tələbəlik edərək öyrənməsi lazım idi, elə də etdi. Hədis öyrənəcəyi bir səhabənin evinə getdiyində, bəzən onun günorta yuxusuna yatdığını öyrənər, o da qapının qabağında uzanıb yatar, müəlliminin çölə çıxmasını gözləyərdi. Bu sırada əsən külək torpağı sovurar, lakin o, üst-başının toza bulanmasına fikir verməzdi. Səhabə çölə çıxarkən onu bu vəziyyətdə görüncə:

- Ey Rəsulullahın əmisi oğlu! Xeyir ola, nə üçün gəldin? Mənə xəbər göndərsəydin, mən yanına gələrdim, - deyərdi. O isə:

- Xeyr, mənim sizə gəlməyim daha münasibdir, - deyərək ondan hədis öyrənərdi.

Səhabə əfəndilərimizin o qədər zəhməti sevə-sevə gözə aldığı hədisi-şəriflər bu gün əlimizin altındadır. Onlara çatmaq üçün uzun səyahətlər etməyə ehtiyac yoxdur.

Gözümüzün nuru əziz balalarımızı da uca hədəflərə göz qoyan, çalışqan adamlar olaraq yetişdirməliyik. Onların Əhməd ibn Hənbəl və Baqi ibn Mahləd kimi bir elm qəhrəmanı olmağa həvəslənmələrini təmin etməliyik.

Əhməd ibn Hənbəl kiçik yaşlarından hədis aşiqi idi. Böyüyüb hədis öyrənməyə başlayınca dövrün məşhur mühəddislərindən hədis nəql etmək üçün böyük çətinlikləri gözə alaraq şəhər-şəhər gəzdi. Yəməndə yaşayan Abdürrəzzaq ibn Həmmamdan hədis nəql etmək istəyirdi, amma oraya gedəcək pulu yox idi. Karvançıların yanında dəvə baxıcılığı edərək müəlliminin yanına getdi.

İllərlə davam edən hədis təhsilini bitirdi, məşhur bir mühəddis oldu. Bu dəfə tələbələr ondan hədis öyrənmək üçün İslam dünyasının dörd bir tərəfindən Bağdada gəldi.

Həmin vaxtlarda Abbasi xəlifəsi Məmun idi. Mötəzilə məzhəbinə girən Məmun bu məzhəbin təsiri ilə bütün alimləri "Quranın məxluq" olduğu, yəni sonradan yaradıldığı fikirini mənimsəməyə məcbur etdi; qəbul etməyənlərə işgəncə verdi. Əhməd ibn Hənbəl bu düşüncəni qəbul etməyənlərin başında gəlirdi. Onu da həbs etdilər. Tam iki il dörd ay müddətlə işgəncə etdilər. Amma o, fikrindən imtina etmədi. Bunun üzərinə onu zindandan çıxarıb beş il müddətlə ev həbsində saxladılar. Hədis oxutmasına, hətta cümə namazına getməsinə belə icazə vermədilər.

Həmin vaxt Əndəlüslü hədis tələbəsi Baqi ibn Mahləd Əhməd ibn Hənbəldən hədis oxumaq üçün Bağdada gəldi. Bağdada çatdığında Əhməd ibn Hənbəlin ev həbsində olduğunu, heç kəsə hədis oxuda bilmədiyini eşidincə çox kədərləndi. O zamanlar hədislər mütləq müəllimdən oxunar, ondan icazət alınar, başqalarına da yenə bu yolla öyrədilərdi.

Baqi ibn Mahləd bir gün fürsətini tapıb Əhməd ibn Hənbəlin evinə getdi, özünü tanıtdı. “Məni başqalarıyla eyni tutmayın, mən çox uzaqlardan gəldim” deyə yalvardı. Əhməd ibn Hənbəl onun bu elm eşqinə və israrına dözə bilmədi. Təhlükəni gözə alaraq ona hədis nəql etməyi qəbul etdi. Baqi hər gün dilənçi surətinə girərək müəlliminin evinə gedəcək, o da bu qısamüddətli görüşlərlə, qapı aralığında ona hər gün üç hədis öyrədəcəkdi.

Baqi ibn Mahləd müəllimindən uzun müddət bu yolla hədis öyrəndi. O tam bir elm aşiqi idi. Bugünkü İspaniya olan Əndəlüsdən şərq ölkələrinə iki dəfə səyahət etdi. Birinci səyahəti tam iyirmi il, ikinci səyahəti on dörd il davam etdi. Yetmiş beş illik ömrünün yarısı elm səfərində keçdi. Və beləcə, öz ölkəsindəki müsəlmanlara böyük xidmət göstərdi.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz