HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Yunus Əmrə

HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Yunus Əmrə

Yunus Əmrə həzrətləri təxminən 1240-1320-ci illərdə yaşamış Anadolu dərvişi və könül sultanıdır. Onun yaşadığı dövr Anadolunun monqol istilaları ilə sarsıldığı, siyasi iqtidarın zəifləyərək Səlcuqluların tənəzzül etdiyi, bəyliklər arasında sonu gəlməz mücadilələrin yaşandığı, qıtlıq və quraqlığın hər tərəfi yandırıb yaxdığı, bu fəlakətlərdən daha böyüyü olan batil fikir və inancların könülləri bulandırmağa başladığı sancılı bir dövr idi. Bütün bunlar sanki Anadolunun bərəkətli torpağında baş qaldıracaq Osmanlı mədəniyyət çinarının doğum sancısı idi.

Məhz bu həngamədə Allah-Təalanın müstəsna bir lütfü təcəlli etdi. Həzrət Mövlana, Hacı Bektaş Vəli, Əxi Evrən, Əhməd Fəqih, Geyikli Baba, Şeyx Ədəbali, Tapdıq Əmrə, Yunus Əmrə kimi Haqq dostları Anadoludakı yorğun və bədbin könülləri İslam, iman və ehsanın əhyaedici feyz və ruhaniyyəti ilə yoğurub ilahi eşq ocağında bişirməyə başladı. Bununla da sanki “fəzilətlər mədəniyyəti” inşa edəcək olan “rəhmət toplumu”nun mayasını hazırladılar. 

Həzrət Mövlana belə deyir:

“Əhlullahın ürəklərindən daşan mübarək səslər və sözlər İsrafilin Suru kimi dirildicidir”.

O Haqq dostlarından ibarət olan karvanın arı-duru səsləri və könül oyandıran nəfəsləri əsrlər boyu qitələri kölgəsinə alacaq olan Osmanlı mədəniyyət çinarının fidanına can suyu oldu. Anadolu ərləri və Ədəbali silsiləsi davam etdikcə, yəni onların feyz aldığı mənəvi dəyərlər topluma ruhaniyyət saçdığı müddətdə Allah-Təalanın rəhmət, bərəkət və yardımı da davam etdi.

Həzrət Mövlananın feyzli nəzərlərinə məzhər olan, əsas seyri-sülukunu isə Tapdıq Əmrənin dərgahında tamamlayan Yunus Əmrə həzrətləri də əsrlər uzunu Haqqa aşiq könülləri irşad edən Haqq dostlarındandır.

Mənəvi həyatda hər şey insanın öz heçliyini dərk etməsindən sonra başlayır. Dərviş Yunus da nəfsinin varlıq, mənlik və ehtiraslarını baş qoyduğu Tapdıq Əmrə dərgahının kandarında tərk edərək ruhi sarsıntılarını sakitləşdirdikdən sonra əsl varlığını tapdı, Yunus Əmrə həzrətləri oldu. 

Bu mənəvi təkamül nəticəsində bulaqla, çayla, çiçəklə danışmağa başladı. Könül dili ilə ünsiyyət qurduğu heyvanat, nəbatat və cəmadatın hal dilindən məna inciləri əldə etdi.

Əslində kainatda sərgilənən ilahi qüdrət naxışları bir növ səssiz və sözsüz şeirlərdir. Bu şeirləri oxuya bilmək qəlbdəki duyğuların dərinliyi nisbətində mümkündür. Yunus Əmrə də bu qəlbi incəlik və dərinliyi əldə etdikdən sonra kainat kitabını vərəqləməyə başladı. Artıq hara baxsa ilahi qüdrət və əzəmətin möhrünü görənlərdən oldu. Alıb-verdiyi nəfəsləri oxunan ilahiyə çevrildi, şeirlər halında könüllərə axmağa başladı. 

Allah-Təalanın hər vəli qulunda fərqli bir vəsf ön plana çıxar. Kimisinə mənəvi təsərrüf gücü verilmiş, kimisi heyrət məqamının cazibəsi içində sirr olaraq qalmağa, kimisi də hal dili ilə irşad etməyə məmur qılınmışdır. Bunlardan biri olan Yunus Əmrə həzrətləri isə ariflər gülüstanında gah şövqlə cəh-cəh vuran, gah da dərdli-dərdli inildəyən eşq bülbülüdür. Dilindən hikmət inciləri tökülən misilsiz bir məna dəryasıdır.

O, özünə bəxş edilən müstəsna bir ifadə qabiliyyəti ilə “səhli-mümtəni” üslubunda, yəni dilə gətirilməsi çox çətin olan bir çox mücərrəd həqiqəti sanki asanlıqla söylənmiş kəlmələrlə ifadə etmişdir. Quran və Sünnənin hikmət və həqiqətlərini fərqli üslubda, şeirlə bəyan etmişdir. İslam əxlaqı, mərifətullah, məhəbbətullah, ixlas və təqva, dünyanın faniliyi, ölüm, qəbir, əsas həyat olan axirət o mötəbər Anadolu dərvişinin fikrindən zikrinə yol tapan, qəlbindən dilinə əks edən ən mühüm mövzulardır.

Haqq-Təala Məryəm surəsinin sonunda belə buyurur:

“Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman (ürəklərdə) bir sevgi yaradacaq”. (Məryəm, 96)

Həqiqətən, Allah-Təala sevdiklərini nəsibi olan könüllərə sevdirir, onları unutdurmur. Fani ömürlərindən sonra da xatirələrini yaşadır. Anadolunun bir çox guşəsində qəbri/məqamı olan Haqq aşiqi Yunus Əmrə həzrətləri də sevənlərinin könüllərində yaşamağa davam edir. Şeirləri Anadolu sərhədlərini də aşaraq Balkan yarımadasında, Qafqazda, Orta Asiyada, hətta bütün dünyada əldən-ələ, dildən-dilə, könüldən-könülə dolaşır.

İslam tarixi boyunca bir çox mövlud yazıldı, lakin onların arasında Süleyman Çələbinin mövludu əsrlər uzunu oxunmağa davam edir. Bir çox nət yazıldı, lakin Füzulinin Su qəsidəsi və Nabinin nəti xatirələrdə yaşamağa davam edir. Bir çox xalq şairi gəlib-keçdi, əksəriyyəti unuduldu. Onlar arasında xalq şairliyindən çox Haqq şairi olan Yunus Əmrə unudulmur, əziz xatirəsi könüllərdə yaşamaqdadır. Şübhəsiz ki, bu hal Allah-Təalanın ixlasa lütf etdiyi bərəkətin davamıdır.

Yunus Əmrə həzrətləri əsrlər uzunu bir yandan iztirab çəkən könüllərə təsəlli və fərəh verərək, digər tərəfdən də bolluq və rahatlıq içində olanlara qəflətə düşməmək üçün xəbərdarlıq edərək istiqamət meyarı olmağa davam etməkdədir.

Digər tərəfdən, əsrimizdə yaşanan başgicəlləndirici maddi tərəqqinin özü ilə gətirdiyi qloballaşma insanlığın dünya görüşündə, dəyərlər mənzuməsində və həyat tərzində də sürətli dəyişikliyə səbəb oldu. Dünyanı yandırıb-yaxan materializm, pozitivizm və kapitalizm mənəvi dəyərləri aşındırdı.

Qərbin milli-mənəvi dəyərlərdən məhrum olan təlim-tərbiyə sistemi və qlobal sərmayənin əmrindəki televizor, internet və media ilə bir növ insana axirətsiz dünya xəyalını təlqin etdi. Sırf maddi mənfəətləri üçün çılğın istehlakı təşviq edən, nəfsani arzuları təhrik edən bu sekulyar quruluş insanı yaşamaq üçün çalışmaq yerinə çalışmaq üçün yaşayan robota çevirdi.

Sel önündə axıb gedən kötüklər kimi bu həyasız axına tab gətirə bilməyən bir çox insan əsl həyat olan axirəti unutdu. Bunun nəticəsində də maddənin faili deyil, əşyası oldu. Sərvətin sahibi olmaqdan çıxıb kuklasına çevrildi. İqtisadi quruluşun davam etməsi üçün mexanizmin çarxlarından fərqsiz duruma düşdü.

Allaha qulluq kimi ülvi bir qayə üçün yaradılan insanın dünyəvi, nəfsani və bayağı mənfəətlərə kölə edilməsi də onu ruhi böhranlara, mənəvi doyumsuzluğa, yalnızlıq və boşluq duyğusuna, stress və depressiyaya sürüklədi.

Bu gün batil inanc və fikirlərin zülmətində qalan könüllərdə iman işığı yandıran, qəlblərdə Allah sevgisi oyandıran, yaradılana şəfqət və mərhəmət nəzəri ilə baxmağı təlqin edən Yunus könüllü ariflərə hər zamankından daha çox ehtiyac var. Könül darlığından qurtuluş çarəsi arayanlara Haqq dostlarının söyləyəcəyi çox söz var. Yunusu “Yunus Əmrə həzrətləri”nə çevirən mədəniyyətə, tərbiyəyə, irfana, vicdana, mənəvi dəyərlərə bütün bəşəriyyət möhtacdır.

İndi isə gəlin o Haqq dostunun hər biri irşad xəzinəsi olan şeirlərinə könül verək. Onun məna dərgahını təfəkkürlə ziyarət edək. O rəhmət dərgahından insanlığa verilən mesajı almağa və gərəyini həyata keçirməyə çalışaq.

 

Yunus Əmrə həzrətləri buyurur:

Elm elm bilməkdir, elm kəndin bilməkdir,

Sən kəndini bilməzsən, bu necə oxumaqdır?

İnsan üçün hər şey ilahi qüdrət və əzəmət qarşısında həddini bildikdən, yəni öz heçliyini dərk etdikdən sonra başlayır. Sirr və hikmətlər insana ancaq bu idraka çatandan sonra açılar. Buna görə:

مَنْ عَرَفَ نَفْسَهُ فَقَدْ عَرَفَ رَبَّهُ

“Nəfsini tanıyan, Rəbbini də tanıyar”, deyilmişdir.

Yəni öz yoxluğunu, heçlik və acizliyini layiqincə qavrayan bir qul Rəbbinin varlığını, birliyini, qüdrət və əzəmətini dərindən dərk edər. İnsan onu yoxdan var edən, ruziləndirən, nemət verən sahibini tanıdığı zaman “Heç bilənlərlə bilməyənlər bir olarmı?”[1] ayəsində işarə edilən “bilən”lərdən olar. Məhz bu zaman öz cüzi iradəsini Rəbbinin külli iradəsinə səmimiyyətlə ram etməyi böyük minnət sayar. Həqiqi qulluq da bu mərhələdən sonra başlayar.

Əsl cahil əlinə dəftər-qələm almamış insan deyil, çantası diplomlarla dolu da olsa, Rəbbinin əzəməti qarşısında özünün bir “heç” hökmündə olduğunu idrak etməmiş olandır. Nəfsinin qürur və təkəbbürü səbəbi ilə könül gözü kor olandır.

Haqq-Təala insana olan mərhəməti səbəbiylə hər vəsilə ilə ona imkanlar verir, qulunu cənnətə dəvət edir. Bunun üçün peyğəmbərlər göndərir, kitablar göndərir, zərrədən kürrəyə saysız qüdrət və əzəmət təcəlliləri ilə dolu olan kainatı hikmət və ibrət sərgisi halında qullarının gözü önünə sərir. Ta ki, insan hara baxsa orada Allahın qüdrət nişanələri ilə qarşılaşsın. Özünə baxsın, torpağın tərkibinə baxsın, gördüyü hər şeydə ilahi sənətə tamaşa etsin…

Həqiqi elm Haqq-Təalanın sonsuz lütfünü və saysız nemətlərini görüb Ona şükür duyğuları içində yaşamaqdır.

Məsələn, bir stəkan su içərkən fikirləşməliyik: Suyun tərkibi 2 hidrogen, 1 oksigendən ibarətdir. Biri yanan, digəri yandıran maddədir. Halbuki Allah-Təala o su ilə bütün məxluqata həyat bəxş edir.

Su yer üzündə saysız məxluqatın içindən keçərək kirləndikdə Günəş şüaları ilə göyə buxarlanır. Orada təmizlənərək yer üzünə rəhmət olub yağır. Yer üzü yaranandan bəri, görəsən, su neçə dəfə dövr edib? Bir stəkan suyun macərası, yəni haraları dolaşdığı, neçə dəfə səmaya çıxıb oradan yerə endiyi yazılsa, cildlərlə kitabı doldurar.

Su istifadə etdiyimiz saysız-hesabsız nemətlərdən sadəcə biridir. Ayeyi-kərimədə belə buyurulur:

“Allahın nemətini saymağa çalışsanız, saya bilməzsiniz…” (ən-Nəhl, 18)

İçdiyimiz su, tənəffüs etdiyimiz hava, yediyimiz qida, xülasə, fərqində olduğumuz və olmadığımız bütün nemətlər Haqq-Təalanın şükründən aciz qaldığımız möhtəşəm lütfləridir.

Mömin daima bunları ehsan edən Allahı xatırlamalı və “Aman, ya Rəbb”, - deməlidir. Beləliklə, Rəbbinə həmd, şükür, zikr və acizlik içində qulluq həyatı yaşamalıdır.

Düşünməliyik ki, biz bu dünyaya boy göstərmək üçün gəlmədik. Nail olduğumuz nemətlər bizi çılğınlığa sürükləməməli, həddi aşmamalıyıq. Əksinə, heçlik, yoxluq və acizliyimizin fərqində olaraq Allahın hüzurunda aciz bir bəndə olaraq durmalıyıq. Dünya dərsxanasında olmağımızın səbəbi məhz bu qəlbi səviyyəni əldə etməkdir. Ən mühüm təhsil də qəlbə bu səviyyəni qazandıra bilməkdir.

Mahmud Sami Ramazanoğlu g söhbətlərində əsl elmin insanın ilahi qüdrət və əzəməti qəlbən hiss edərək öz heçliyinin idrakı içində yaşaması olduğunu ifadə edərdi. Bu elmə sahib olmağın şərəfini tez-tez zikr edərdi.

Bir dəfə ziyarətinə gələnlərdən biri həm onun duasını almaq, həm də qardaşı uşaqlarını tanış etmək istəmişdi. Hüzuruna girib əlini öpdükdən sonra:

“Əfəndim, bu gənclər Amerikada oxuyub mühəndis oldular, dualarınızı əsirgəməyin”, - deyərək onları təqdim etdi.

Sami Əfəndi isə mənalı təbəssümlə onlara baxıb:

“Bu aciz bəndə də Darul-Fünun məzunudur. Lakin əsl təhsil mərifətullah təhsilidir”, - buyurdu.

Bu səbəblə hər mömin dünyəvi olaraq hansı təhsili almağından asılı olmayaraq, mərifətullahdan nəsibini almalı, qəlbən Allahı tanımalıdır. Öyrəndiyi naqis bilgiləri həyatının əsası zənn etmək qəflətindən özünü qorumalıdır.

Xülasə, insan fani həyatında on fakültə də bitirsə, minlərlə kitab oxusa, fabriklər qursa, əgər özündən qafildirsə, yəni qulluğunun fərqinə vara bilməyibsə, bu dünyada var olma qayəsindən bixəbər yaşayır.

Necip Fazıl qəflətlə keçən ömrü necə də gözəl xülasə edir:

Tam otuz il saatım işləmiş, mən durmuşam,

Göy üzündən xəbərsiz uçurtma uçurmuşam…

Nemətə bağlanıb o nemətin əls sahibi olan Allahdan qafil halda yaşanan bir ömürdə əldə edilən dünyəvi bilgilərin, məqam-mövqe, sərvət və şöhrətin Allah qatında heç bir qiyməti yoxdur. Bu kimi dünyəvi statusların son nəfəsdə, qəbirdə, qiyamətdə, məhşərdə, hesabda və Siratda fayda verə bilməsi üçün insanın əvvəlcə özünü tanıması şərtdir. Yəni bu dünyaya qayəsiz göndərilmədiyini, Allahdan gəlib Allaha dönəcəyini idrak etməsi, dünyaya gəliş və gedişin məntiqini qavraması zərurət kəsb edər.

 

Yunus Əmrə həzrətləri buyurur:

Oxumaqdan məna nə, kişi, Haqqı bilməkdir,

Çün oxudun bilməzsən, ha bir quru əməkdir!

Məktəbi-aləm olan bu fani həyata oxumaq üçün gəldik. İlk nazil olan ayeyi-kərimə “oxu” əmri ilə başlayır. Lakin bu oxuma eyni ayənin davamında bildirildiyi kimi “Allahın adı ilə oxumaq”dır.[2] Həyat, həyatda yaşananlar, kainat Allahın adı ilə oxunduğu zaman insanı haqqa və xeyrə qovuşdurar.

Bu isə zehni oxumadan çox qəlbi oxuyuşu tələb edər. İmanın nurlandırdığı qəlb gözü ilə aləmləri tamaşa etməyi gərəkli qılar. Məhz insan bunu bacardığı təqdirdə qəlbə ilahi ilhamlar nüfuz etməyə başlayar. İnsan mərifətullahdan təcəllilərə məzhər olar.

Səlcuqlu mədrəsəsinin baş müəllimi olan Mövlana həzrətləri zahiri elmin zirvəsində olduğu halı üçün yox, qəlbən mərhələlər qət edib bir çox sirr və hikmətin aşkar olmağa başladığı, mərifətullahdan üfüqlər açıldığı, qulluğun həqiqətini idrak etdiyi zamankı halı üçün “bişdim və yandım” demişdir. Həmçinin bu halın mənəvi həzzi ilə belə demişdir:

“Mən qul oldum, qul oldum, qul oldum! Mən aciz qul qulluğumu ifa edə bilmədiyimdən utandım. Başımı önümə əydim. Hər kölə azad olanda sevinər. İlahi, mən isə Sənə qul-kölə olduğum üçün sevinirəm…”

Bu həqiqətlərin əksinə, insana qulluğunu, heçliyini və acizliyini unutduran, onu qürur, təkəbbür və qəflətə sövq edərək Haqdan uzaqlaşdıran oxumaq isə, əslində, quru bir əməkdən, gərəksiz yorğunluqdan, hətta əbədiyyət iflasından başqa bir şey deyil. Bu kimiləri Quranın ifadəsi ilə عَامِلَةٌ نَاصِبَةٌ : Çalışmış, (lakin boş yerə) yorulmuşdur”. (əl-Ğaşiyə, 3)

 

Yunus Əmrə həzrətləri buyurur:

Oxudum, bildim demə, çox taət qıldım demə,

Əgər Haqqı bilməzsən, bu quru laf deməkdir!

Namazı xüşudan uzaq, qəflət içində və sırf şəklən qılanlara savab yerinə “Vay o namaz qılanların halına”[3] deyə ilahi xəbərdarlıq gəldiyi kimi, Haqdan qafil qalaraq oxumaqdan da heç bir xeyir gözləmək olmaz.

Gerçək və faydalı elm qəlbi Allaha vasil edən elmdir. İnsanda bu bilgi olmadıqdan sonra nə bilir-bilsin, əslində, cahildir.

Mərifətullahdan nəsib almamış bir insan - dünyəvi baxımdan nə qədər elmli olsa da - qəlbən xam və nadan qalmağa məhkumdur. Bu xamlığı ilə, məsələn, tibb elminə yiyələnib həkim olsa, xəstələrin şəfa tapması üçün çalışmaqdansa üç quruş mənfəəti üçün orqan qaçaqçılığı ilə məşğul olan insan qəssabına çevrilər. Hüquqçu olsa, ədaləti bərqərar edəcək yerdə hansısa mafiya lideri və ya zalım cəllada çevrilər.

Yunus Əmrənin “könlümüz aynasıdır” dediyi Mövlana həzrətlərinin ifadəsi ilə:

“Ədalət nədir? Ədalət meyvə ağaclarını sulamaqdır. Zülm nədir? Tikanları sulamaqdır. Ədalətdən xəbərsiz olan kəs qurd balasını əmizdirən keçiyə bənzəyər (Çünki bəsləyib böyütdüyü zalım gün gələr onu da parçalayar)”.

Hüquqçu olanın qəlbinə hər şeydən əvvəl ədalət duyğusunu və həqiqət şüurunu aşılamaq lazım olduğu kimi - hansı sahədə olursa-olsun - elm təhsil edənin qəlbinə də Allah qorxusu və məhəbbətini, qul haqqı həssaslığını, imanın ilk meyvəsi olan şəfqət və mərhəməti də nəqş etmək lazımdır.

Bu gün dünyada mərhəmətdən xəbərsiz, insanlığa, insafa və vicdana əlvida demiş zalımların əlindəki maddi güc və texniki üstünlüyün bəşəriyyətə fayda yerinə zərər verdiyini görürük. Xüsusilə məzlum müsəlmanlara yaşatdıqları göz qabağındadır. O zalımlar sahib olduqları dünyəvi bilgilərlə canavarların belə rəva görmədiyi zülm və vəhşiliyin qat-qat artığını asanlıqla həyata keçirməkdədirlər. Zəif və gücsüzlərin vətənlərini matəm yurduna çevirməkdədirlər.  

Deməli, həqiqi mənada faydalı olan elm təhsili sadəcə zehni biliklə doldurmaqdan ibarət deyil. Elmin dünyada və axirətdə insana fayda verməsi üçün ona sahib olanın mənəvi tərbiyə ilə səviyyə qazanması, vicdanının və əxlaqının kamilləşərək qəlbinin rəhmət dərgahına çevrilməsi zəruridir.

Ona görə də elm təhsili mütləq surətdə ikiqanadlı olmalıdır. Yəni dünya və axirət tarazlığı, maddə və məna müştərəkliyi, ağıl və ruh müvazinəti, bilgi və əxlaq bütünlüyü içində təhsil həyatı sürmək zəruridir.

Mövlana həzrətləri belə deyir:

“Biliyin iki qanadı, şübhəninsə tək qanadı var. Tək qanadlı bir quş asanlıqla yerə düşər”.

Tək qanadla uçmağa çalışan bir quş tezliklə ac bir pişiyə yem olduğu kimi, mənəviyyatdan məhrum bir elm təhsili də nəsillərin axirətini məhv edər.

 

Yunus Əmrə həzrətləri buyurur:

Mən gəlmədim davi üçün, mənim işim sevi üçün,

Dostun evi könüllərdir, könüllər yapmaya gəldim...

Qəlblər nəzərgahi-ilahidir. Allaha qəlbdən daha yaxın bir varlıq yoxdur. Nəticə olaraq bu qədər şərəfli bir varlığın insanı Rəbbindən uzaqlaşdıran, fani və nəfsani arzuların bataqlığına çevrilməsinə heç bir mömin razı olmaz.

Yunus Əmrə həzrətləri də dünyaya gəliş qayəsini “Dostun evi olmağa layiq könüllər inşa etmək” şəklində xülasə edir. Buna görə insanın sən-mən davasını, varlıq və mənlik iddialarını bir kənara qoyub böyük bir məhəbbət, şəfqət və mərhəmətlə, yəni sevə-sevə xidmətə can atması lazımdır.

Yenə Yunus Əmrənin ifadəsi ilə “könül yapmaq” bir insanı sadəcə maddi və dünyəvi mənada sevindirmək deyil, onun qəlbini Allaha qovuşdurmaqdır. İman, Quran və Hz. Peyğəmbər r ilə tanış etməkdir. Beləliklə, onun əbədi həyatını gözəlləşdirə bilməkdir.

Həqiqətən, nəzərgahi-ilahi olacaq bir qəlbi küfr, şirk, nifaq, günah və qəflətin qaranlıqlarından qurtarmaq, onu Ən Uca Dost olan Haqq-Təalanın məhəbbət dolu nəzərlərinə məzhər olacaq təmizliyə qovuşdurmağa çalışmaq bir insana ediləcək ən böyük xidmətdir.

Allahın razı olmadığı şeyləri bir qəlbdən təmizləyərək onu iman, ixlas, təqva, məhəbbətullah və mərifətullahla bəzəməyə çalışmaq könül almağın ən gözəl şəklidir. Allahın hüzuruna aparılacaq ən gözəl saleh əməl də bir insanın əbədi səadətinə vəsilə ola bilməkdir.

Ayeyi-kərimədə buyurulur:

“Hər kəs bir kimsəni diriltsə (əhya etsə), o, bütün insanları diriltmiş kimi olar”. (əl-Maidə, 32)

Bir insanın fani və dünyəvi həyatını qurtarmaq belə bu qədər dəyərlidirsə, onun mənəvi və əbədi həyatını qurtarmaq Allah qatında kim bilir nə qədər dəyərlidir? Mənən xəstə, hətta ölü halda olan bir qəlbə iman və təqva ilə sanki yenidən həyat peyvəndi vurmaq da bütün insanlığa həyat vermək kimi böyük bir xidmətdir. Necə ki, Hz. Peyğəmbər r hədisi-şəriflərində belə buyurmuşdur:

“Allaha and içirəm ki, Haqq-Təalanın sənin vasitənlə bir adamı hidayətə gətirməsi (ən qiymətli dünya neməti sayılan) qızılı dəvələrə sahib olmağından daha xeyirlidir”. (Buxari, Əshabun-Nəbi, 9)

“…Allahın sənin əlinlə bir adamı hidayətə qovuşdurması sənin üçün üzərinə Günəşin doğduğu hər şeydən daha xeyirlidir”. (Hakim, Müstədrək, III, 690)

Bu gün də qəlblər İslamın şəfqət, mərhəmət və gülər üzünə möhtacdır. Bəziləri imkanından olub, bəziləri də imanından. Beləliklə, onlara göstəriləcək əsl mərhəmət sırf maddi yardımdan ibarət ola bilməz. Maddi yardımlarla birlikdə yerinə görə təsəlli edici söz, təbəssüm, şirin dillə verilən nəsihət, feli örnək olaraq hal dili ilə İslamı təbliğ ən gözəl şəfqət və mərhəmət təzahürüdür.

Haqq-Təala da mömin qullarının “könüllər yapma”ğı özünə dərd edən kəslər olmasını arzu edir. Necə ki, ayeyi-kərimədə buyurulur:

“(Ey müsəlmanlar!) Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız…” (Ali-İmran, 110)

Buna görə hər mömin könlünü bütün məxluqatın hüzur tapdığı bir rəhmət dərgahı, mənəvi reabilitasiya mərkəzi halına gətirməyə əzm etməlidir. Çünki mömin öz qurtuluşunun başqalarının da qurtuluşuna xidmət etməkdən keçdiyini bilir. Bu səbəblə də yaşadığı toplumda İslam əxlaqının gözəl bir təmsilçisi olmağa çalışmalıdır. Etdiyi yaxşılıqların könüllərdə İslama məhəbbət meyli doğuran ən təsirli təbliğ vəsiləsi olduğunu unutmamalıdır. Bunun müqabilində işlədiyi yanlış əməllərin də İslama aid ediləcəyini, könüllərin haqq dindən uzaqlaşmasına səbəb olacağını yadından çıxarmamalıdır. Bu günaha girməmək üçün də hal və hərəkətlərinə həddən artıq diqqət etməlidir.

Allah-Təala hər birimizi İslamın gülər üzünü təmsil edə bilən, dini həssaslığa sahib, gözəl əxlaqlı əməlisaleh qullarından etsin. Lütf-kərəmi ilə əlindən, dilindən, halından və sözündən bütün insanlığın, hətta bütün məxluqatın faydalandığı bir rəhmət insanı ola bilməyi ehsan etsin.

Amin!..


[1] əz-Zumər, 9.

[2] Bax. əl-Aləq, 1.

[3] Bax. əl-Maun, 4-5.

PAYLAŞ:                

Osman Nûri Topbaş

1942 yılında İstanbul Erenköy’de doğdu. Babası Mûsâ TOPBAŞ, annesi de H. Fahri KİĞILI’nın kerîmesi Fatma Feride Hanım’dır. İlk eğitimini Erenköy Zihni Paşa İlkokulu’nda tamamladı. İlkokul yıllarında

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz