GƏNCLƏR ARASINDA DEİZMİN YAYILMA SƏBƏBLƏRİ
Deizm nədir? Qısaca desək, deizm – bir tək Yaradıcının mövcud olması, Onun hər şeyi yaratması, lakin sonradan insanların işlərinə qarışmamasına əsaslanan bir inanc sistemidir. Yəni hər şeyi yaradıb, sonra kənara çəkilib və hər kəsi öz taleyi ilə baş-başa buraxıb. Nəhayət, Yaradıcı heç bir işə qarışmadığı üçün nə dinə, nə də peyğəmbərə gərək yoxdur. Dolayısı ilə deizm dini və nübüvvəti inkar edən bir düşüncə tərzidir.
Deizmin batil inanc olduğunu sübut etmək və ya məntiqi olaraq açıqlamaq elə də çətin deyil. Məsələn, bu yazını yazmaq üçün istifadə etdiyim klaviaturanı götürək. Niyə kəşf edilib? Evin və ya ofisin bir tərəfinə məqsədsiz şəkildə atılmaq üçün, yoxsa kompüterlərdə yazı yazmaq üçün? Əlbəttə, hər kəs ikincini deyəcək. Deməli, heç kim heç nəyi məqsədsiz şəkildə düzəltmir (yaratmır).
Bütün bunlar hər bir kəs üçün bu qədər aydın olduğu halda, biz necə bu qədər möhtəşəm dəqiqlik, incəlik və nizamla yaradılmış kainat, dünya və onların içindəki sistematik quruluş haqqında məqsədsiz yaradılıb deyə bilərik?!
Biz deistə desək ki, sən universitetə boş-boşuna girmisən, filan işə cv-ni göndərməkdə heç bir məqsədin yoxdur, sadəcə məqsədsiz olaraq evlənmisən, sən məqsədsiz və boş insansan! – buna əmin olun, əsəbiləşəcək və bu sözləri təhqir kimi qəbul edəcək. Bəs niyə gənclər arasında deizm son illər bu qədər populyarlaşdı?
Birinci səbəb ateizmin məntiqi və elmi olaraq fiaskoya uğraması və dolayısı ilə ateizmdə pənah tapa bilməyənlərin deizmə axın edib vicdanən özlərində rahatlıq tapmaları və deizmi daha tutarlı bir inanc kimi qəbul etmələridir. Deizmdə rahatlıq tampağın əsas səbəbi şüuraltı - “sığınmağa bir Yaradıcı var” - anlayışıdır. Bundan dolayı bir çox deistin dua etməyinə də şahid ola bilərsiniz. Halbuki onların inanclarına əsasən: “Yaradıcı hər şeyi yaradıb kənara çəkildiyinə görə” onlara kömək etməməlidir, dua etmələri inanclarına görə absurddur.
İkinci populyarlıq səbəbi dinə (İslam, Xristianlıq və s.) inanan, amma din haqqında bilgisi zəif olanlara dinin əmrlərinin ağır, deizmin cazib görünməsidir. Cazib görünmə səbəbi də, təbii ki, deizmin onları bütün məsuliyyətdən azad etməsi, hər istədiyini etmə azadlığı (özbaşınalığı) verməsidir. Yaşadığımız dövr olaraq hazırda əyləncə və dünya sevgisini artıran nəsnələrin kapitalist sistemdə təbii olaraq hər gün çeşid-çeşid artması və daha uyğun şərtlərlə təklif olunması axirəti unutduran və deizmi cazib göstərən səbəblərdəndir.
Üçüncü səbəb sosial medianın bütün media vasitələrindən üstün vəziyyətə gəlməsidir. Düşünün, kiminsə bir az yumor hissi və yazı qabiliyyəti varsa, qısa zamanda özünə izləyici kütləsi yığa bilir. Və bu adam ateist və ya deistdirsə, dini lağa qoymaqla, hardansa xurafatlar tapıb başlığına yumoristik bir cümlə yazıb paylaşmaqla dini rahat bir şəkildə gülüş obyektinə çevirir. Nəticədə din, inananların belə, zamanla özləri də bilmədən, gözündən düşür və ya dinə qarşı bir soyuqluq yaranır. Xüsusən sosial mediada inancsızların çoxu özünü “İslam düşməni” kimi aparır, hər gün bu haqda nəsə bir şey yazıb paylaşmağa çalışır. Təbliğat maşını dayanmır. Dinlə əlaqəsi olmayan bir çox geridəqalmışlıq və ya adətlərin səbəbi kimi İslamı göstərməklə mümkün mərtəbə ətrafındakıların da özləri kimi düşünmələri üçün əllərindən gələni edirlər.
Məsələn, hər il həcc və qurban mövsümü gələndə islamofobların “xeyriyyəçilik” damarı tutur. Özü heç bir əyləncəsindən geri qalmır, pulunu olmazın yerlərə xərcləyir, amma di gəl ki, Qurban bayramı və həcc mövsümü yaxınlaşanda "Günahsız heyvanları kəsincə, həccə o qədər pul xərcləyincə nə qədər tələbə oxutmaq olardı!" - deyir... Və olur “cool” ateist!
Bundan dolayı, dinlə bağı zəif və məlumatlı olmayan gənclər çox asan bir şəkildə deizm bataqlığına yuvarlana bilirlər.
Bütün bunlara qarşı mübarizə necə olmalıdır? Əlbəttə ki: “eyni metodla” olacaq.
Çünki məlum məsələdir ki, gənclər arasında sosial media istifadəçisi olmayan çox az gənc var, onlar da bu və ya digər şəkildə bu kimi məsələlərdən alternativ şəbəkələrdə bilgilənirlər.
Bu mənada biz gənclərə çox önəmli vəzifə düşür: sosial mediadan əyləncə üçün yox, daha çox inandığımız dinə kimlərinsə məsnədi olmayan məlumatlarla çirkab atmalarına imkan verməmək məqsədi ilə əks arqumentlərlə məlumatlanaraq mübarizə aparmaq üçün iftifadə etmək lazımdır.
ŞƏRHLƏR