İFRAT-TƏFRİT ARASINDA

İFRAT-TƏFRİT ARASINDA

Xeyir və fəzilət orta yolu tutaraq  getməklə əldə olunur. Bu, nə ifrata varmaq, nə də təfritdə olmaqdır. İfrat - həddi aşmaq, təfrit isə - bir işə əhəmiyyət verməmək, məsuliyyətsiz davranmaqdır. Bir mömin də, məhz orta yolu tutaraq getməli, xeyir və fəziləti bu yolla əldə edəcəyinə inanmalıdır. Bilməlidir ki, orta yoldan geri qaldığımız zaman da, irəli gedib həddi aşdığımız zaman da xeyir və fəzilət bizdən uzaqlaşacaqdır.

İnsan, nəfsinin şəhvət və istəkləri ilə mübarizə apararaq, maddi aləmlə öz əlaqəsini azaltdıqca mənəvi aləmlə bağlarını qüvvətləndirməkdə və ibadətlərin verdiyi mənəvi enerji ilə fəzilət və fədakarlıq sistemi ortaya çıxmaqdadır. Bu mənəvi enerjini tarazlıqda saxlamaq üçün insanda ədalət prinsipi ortaya çıxmalı, hər bir işdə bu ədalət prinsipi ilə qərar verməyi bacarmalıdır. Yoxsa tarazlıq pozular, insan orta yoldan uzaqlaşa bilər.

Qurani-Kərimdə və hədisi-şəriflərdə mötədillik: ümumiyyətlə nizam, ahəng, bərabərlik, həqiqətə uyğun hərəkət etmək, doğru yolu izləmək, təqvaya yönəlmək, həqqaniyyət və tərəfsizlik mənalarında işlənmişdir.

Bizim burada ələ almaq istədiyimiz mötədillik, bəşər övladının fitrətində var olan potensial güclər arasındakı ahəngi qoruması və kamil insan olma yolundakı tarazlığı və ədaləti bərpa etməsidir.

Uca Allah Qurani-Kərimdə buyurmuşdur: “(Ey Müsəlmanlar!) Beləliklə də, sizi vəsət (ədalətli, seçilmiş və orta yollu) bir ümmət etdik ki, insanların əməllərinə (qiyamətdə) şahid olasınız, Peyğəmbər də sizə şahid olsun...” (əl-Bəqərə, 143)

Əslində biz, son peyğəmbərin ümməti olduğumuz üçün “son ümmət” deyə qeyd olunmağımız lazım ikən  ayədə “orta ümmət” ifadəsi işlənmişdir. Bunun səbəbi də gəliş və zaman etibarı ilə yox, “orta yolu izləyən, nizamlı və bir ölçüyə uyğun hərəkət edən, həddi aşmaqdan uzaq olan ümmət” olmağımız istəndiyi üçün bu ifadə işlədilmişdir. Bu ayə Bəqərə surəsinin içində qeyd olunduğu ayə nömrəsinə görə də çox əhəmiyyət kəsb edir və orta yolun vacibliyinə işarə etməkdədir. Belə ki, Bəqərə surəsi 286 ayədən ibarətdir. Orta yollu və mötədil olmağımızı bildirən bu ayənin nömrəsi isə 143-dür. Bu heç də təsadüfən seçilmiş deyildir. Ən doğrusunu Uca Allah bilir. 

Maddi nemətlərdə olduğu kimi, mənəvi nemətlərdə də israf vardır. Dində israf  həddi aşmaq və mötədillikdən uzaq olmaqdır. Buna görədir ki, Allah Rəsulu (s.ə.s) dində ifrata varmağı qadağan etmiş, bir hədisi-şərifində belə buyurmuşdur: “Söz və davranışlarında irəli gedib həddi aşanlar həlak oldular”. (Müslim, Elm, 7)

 İmanda həddi aşmağa nümunə kimi digər səmavi din mənsublarının öz peyğəmbərlərini ilahiləşdirmələrini, ruhbanlığı özlərinə bir yol kimi tutmalarını göstərmək olar.

 İslamda da bu kimi hallara rast gəlmək mümkündür. Məsələn: Hz. Əlini (r.a) xəvariclər sevməmiş, hətta onu şəhid edəcək dərəcədə düşmən kəsilmişdilər. Bu hal təfrit sayılır. Onu ilahlaşdıran İbni Səbəçilər isə ifrata varmış, sevgidə həddi aşmışdılar. Orta yolda olan müsəlmanlar isə onu Allah Rəsulunun (s.ə.s) bildirdiyi kimi sevərlər.

İbadətlərdə də bəzən insanlar ifrat və təfritə vara bilirlər. İbadət etməmək və ya ibadətlərə qarşı səhlənkar davranmaq təfrit, gecə-gündüz,  gücünün çatmadığı şəkildə ibadət edərək özünü yormaq, gecələri heç yatmadan namaz qılmağa çalışmaq, gündüzləri davamlı oruc tutmaq, həyat yoldaşından uzaq durmaq, ət, süd, şirniyyat kimi halal qidaları özünə yasaq etmək kimi hallar ifrata varılan hallardandır.

Bu mövzu Həzrət Peyğəmbərin dövründə də aktual idi. Belə ki, aşağıdakı hədis ifrat və təfrit mövzusunda çox gözəl bir nümunə təşkil edir: Allah Rəsulunun (s.ə.s) gündəlik ibadəti ilə tanış olan üç gənc səhabə öz aralarında bir söz verirlər. Onlardan biri gecələr heç yatmayacaq, ikincisi gündüzlər heç yemək yeməyib daim oruc tutacaq, üçüncüsü isə evlənməyəcək, ailə qurmayacaqdı.  Bunu eşidən Allah Rəsulu (s.ə.s) onları yanına çağırıb, öyüd-nəsihət verərək belə deyir: “Sizin aranızda Allahdan ən çox qorxan mənəm. Ona ən çox hörmət göstərən də mənəm. Amma buna baxmayaraq, gecənin müəyyən bir hissəsində yatıram, gündüzlər bəzən oruc tuturam, bəzən də tutmuram. Xanımımla da əlaqəmi kəsmirəm. Kim mənim sünnəmdən üz çevirərsə, o şəxs məndən deyil”.  (Buxari, Nikah, 1)

Xülasə, dinimiz nə imanda, nə ibadətdə, nə də sevgidə ifrat və təfritə icazə vermis, ən xeyirli yolun orta yol olduğunu israrla vurğulamışdır. Əməllərin ən xeyirlisinin, az da olsa, davamlı olanı olduğunu bildirmiş, bunun da orta yolu tutmaqla, mötədil bir həyat tərzi ilə əldə olunduğunu tövsiyə etmişdir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz