KARYERAN NƏDİR?

KARYERAN NƏDİR?

Yeni tədris ili başlamaqda, bütün şagird və tələbələr elm tələb etmə yoluna qədəm qoymaqdadırlar. Niyə elm tələb etmək? Çünki “tələbə” sözü tələb edən kimsə deməkdir. Elm, bilik, savad, irfan, əxlaq və faydalı nə varsa...

Bəli, uzun müddət çalışmağın, çəkilən əziyyətlərin və neçə-neçə fədakarlıqların nəticəsində ali məktəbə qəbul olunan gənclərimiz oldu. Fürsətdən istifadə edib bütün tələbələri bu münasibətlə təbrik etmək, onlara gələcək həyatlarında uğurlar arzulamaq istərdik. İstərdik ki, gözəl karyera qursunlar, xalqımıza, ölkəmizə və dövlətimizə faydalı insanlar olsunlar.

Karyera demişkən, bəs karyera nədir və ya nəyin karyerasını qururuq? Necə bir karyera düşünürük? İstərdik ki, bu mövzuda gənclərlə baş-başa qalaraq onların karyera anlayışılarını dinləyək. Təbii ki, bu, həm vaxt, həm də mövcud imkanlar baxımından mümkünsüzdür. Ancaq istərdim ki, bu yazımızda karyeradan danışım.

İnsan oğlu uzun, çoxşaxəli və detallı bir şəkildə karyera planları qurmaqdadır. Hətta bəzən ömrümüzün yetə bilməyəcəyi planlar və hədəflərin arxasınca düşərək özümüzü hədər etməkdəyik. Ali məktəbə qəbul olmaq, universiteti bitirdikdən sonra xaricdə təhsilini davam etdirmək, yaxşı bir işə girmək, ev, maşın almaq və s. Əlbəttə, hədəf müəyyən etmək, gələcəyə dair planlar qurmaq olduqca əhəmiyyətlidir. “Hədəfi (rotası) bəlli olmayan gəmiyə heç bir külək fayda verməz” deyə bir ifadə var. Ona görə də hədəfsiz insan yaşayışından və həyatından zövq ala bilməz.

Burada bir məqama toxunmaq istərdik. Görəsən, hədəf müəyyən edərkən, gələcəyə dair planlar və karyera qurarkən “axirət karyerası” deyə biləcəyimiz, dünya ilə yanaşı, axirətimizin də gözəl olması barədə heç düşünürükmü? Sadəcə özümüzü deyil, ümumilikdə cəmiyyətimizi də hesaba qatacaq, onun inkişafında faydalı olacaq nə kimi planlarımız var? Sizcə bu sahədə ehmal etdiyimiz şeylər yoxdurmu? Yəni biz hər nədəndirsə daim “mən” mərkəzli planlar qurmaqda və sadəcə bu fani dünyanı hesaba qataraq planlar hazırlamaqdayıq.

Hər gün televiziya və internetdə, ailədə, iş yerində, küçədə və ümumilikdə dünyada baş vermiş neçə-neçə cinayətlər, oğurluq, qətl, xəyanət, narkomaniya kimi hadisələrdən xəbər almaqdayıq. Film izləyirmiş kimi cəmiyyətin, gələcək nəsillərin çürüməyə doğru yol aldıqlarını izləməkdəyik.

Bütün bunları izləyərkən sanki biz başqa dünyanın, onlar da başqa dünyanın insanları imiş kimi bir inanc var  içimizdə. Halbuki hamımız eyni gəminin içərisindəyik. Batan gəmi bizim gəmimizdir. İçərisində özümüzün və bütün yaxınlarımızın olduğu gəmi!..

Unutmayaq ki, bizə dünyada biçilmiş məhdud bir vədə (ömür) vardır. Öz dünyalığımız üçün sərf etdiyimiz enerjinin bir hissəsini ətrafımızdakıların da dünyalarını yaxşılaşdırmaq və sonsuz axirət xoşbəxtliyi üçün xərcləsək, tamamilə başqa bir nəticə ilə qarşılaşarıq.

Bəli, ali məktəb imtahanında müvəffəq olub, insanlıq imtahanından kəsiləriksə, əldə etdiyimiz heç bir müvəffəqiyyət bizi xoşbəxt edə bilməz. Əldə etdiyimiz diplomlar, sertifikatlar və medallar əgər insanlıq, şəxsiyyət və xarakter bazamızı gücləndirməyib, onu da eyni müstəvidə inkişaf etdirməyibsə, ondan bizə sadəcə quru bir əmək qalmaqdadır. Yunus Əmrənin dediyi kimi:

Elm elm bilməkdir, elm özün bilməkdir,

Sən özünü bilməsən, bu necə oxumaqdır?

Oxumaqdan məna nə, kişi Haqqı bilməkdir,

Çün oxudun bilmədin, ha bir quru əməkdir...

  Ona görə də, gec olmadan, gün bu gün, zaman bu zamandır. Çalış, oxu, araşdır, ən yaxşılardan ol və birinciliyə yüksəl. Amma təktərəfli olma. Elminlə bərabər xarakter, insanlıq və şəxsiyyətini də inkişaf etdir, onu da ucalt. İki qanadlı bir şahin ol ki, zirvələrə qalxa biləsən. Bir qanadın dünya karyeran, digər qanadın axirət karyeran olsun.

Ən yaxşı həkim, ən yaxşı mühəndis, ən yaxşı alim, ən yaxşı hüquqçu olmaqla yanaşı, “ən yaxşı insan” olmaq kimi də bir hədəfimiz olsun.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz