SÜRÜCÜLƏRİMİZ VƏ PİYADALARIMIZ
Son vaxtlar mətbuatımızda (və ya xəbər saytlarımızda) tez-tez yol qəzalarında ölənlərlə bağlı verilən xəbərlər sanki döyüş yerindən itkilər barədə verilən xəbərləri xatırladır.
Piyadalar üçün nəzərdə tutulan ikigözlü işıqforun qırmızı işığı yanır, yoldan iki-bir, üç-bir maşınlar orta sürətlə ötüb keçirlər.Yanımdakı altmış-yetmiş yaş arasında olan bir arvad qırmızı işığa məhəl qoymadan yolu keçməyə cəhd edir. Yaxınlaşmaqda olan bir maşının qabağından tez keçir, dayanır yolun ortasında, gözləyir ki, o biri istiqamətdən gələn avtomobillər keçib gedəndən sonra tez o biri tərəfə çatsın.
Vaz 2107, Mersedes və Opel markalı maşınları buraxıb nəhayət az qala qaça-qaça o biri səkiyə özünü yetirir. Yol qaydasını, qırmızı işıq qadağasını bilə-bilə pozan bu qadına nifrət etməyə bilmirəm. O qədər əsəbiləşirəm ki, həmin an ürəyimə şeytani arzu gəlir. “Ay bir səni maşın vuraydı, qaldırıb çırpaydı yerə”. Əlbəttə, mən sadist-filan deyiləm və heç kimə lap qaydanı pozsalar belə qəza arzulamıram...
Günlərin birində qaydanı pozan bir qoca arvadı acıladım. Əlində zənbil bu dəfə yolun o biri üzündən qırmızı işığa, sürücülərin siqnallarına, söyüşlərinə fikir vermədən, üstəlik sırtıqcasına gülə-gülə özünü mən duran tərəfə yetirdi. Bu dəfə dözəmmədim, üstünə qışqırdım:
- Ay arvad, ayıb deyil sənə? Niyə qaydanı pozursan? Niyə gözləmirsən yaşıl yansın?
- A bala, evə tələsirəm e, - dedi.
- Nə tələsirsən, yalan danışırsan, - mən coşmuşdum, - iki dəqiqə gözləsən dünya dağılardı? Yazığın gəlmir sürücülərə? Sənə görə türməyə düşsünlər, axırda da polisə-məhkəməyə görə borc-xərc eliyib pul verib oradan çıxsınlar.
Arvad heç nə demədi, çıxıb getdi. Ürəyim soyudu, fikirləşdim ki, bu danlağım ona dərs olar, bir də belə eləməz.
Bəli, bizim piyadaların çoxu belədir, ictimai nəqliyyatdan hər gün istifadə edən, şəhərdə piyada gəzən bir adam kimi bunu əminliklə deyirəm. Görür ki, qırmızı yanır, maşınlar da yavaş sürətlə gedir, deyir yox e, mütləq aralarından sivişib yolun o biri tərəfinə özümü çatdırmalıyam. Cavanlı-qocalı, hətta yanında məktəbli, azyaşlı uşaqla gedən qadın da əlindən tutduğu uşağını sürüyə-sürüyə yolun o biri tərəfinə çatmağa tələsir. Nə oldu, bu millət elə küçəyə çıxanda, yol keçəndə mütləq tələsməlidir. Ay bivec, ay məsuliyyətsiz, iki dəqiqə səbir etməyə iradən yoxdur?!
Hollandiyanın Naymeqen şəhərində gördüyüm adi bir detalı sizə deyim. İşıqforun qırmızı işığı yanır, piyadalar qocalı-cavanlı gözləyirlər, yol isə tam boşdur, heç uzaqda bir maşın belə görünmür, amma adamlar səbirlə gözləyir, yaşıl işıq yanır, sonra keçirlər. Belə şeyi siz bizdə təsəvvür edə bilərsinizmi? Bizdə bu cür vəziyyətdə biri dayanıb yaşıl işığın yanmasını gözləsə, yolu keçənlərdən bir-ikisi çönüb həmin adama ürəyində “başı xarab olub e, maşın yoxdu, heykəl kimi dayanıb,” - deyər. Nəysə, Hollandiyanı qoyaq qırağa...
Xətirlərinə dəysə də bunu deyəcəyəm, - bizdə sürücülərin əksəriyyəti piyadalarla münasibətdə qanacaqsızdır. Bir neçə fakt sadalayım. Məsələn, qırmızı işıq yanır, sürücü maşını piyadanın keçməli olduğu piyada zolağının (“zebranın”), yol xətlərinin üstünə sürür və saxlayır. İstəyirsən sürücüdən soruşasan ki, sən hara tələsirsən, bəyəm maşını “zebradan” iki metr arxada saxlasan, yaşıl yananda iki-üç saniyə gec sürsən yolu keçə bilməyəcəksən, benzinin qurtaracaq, ya motorun sönəcək? Və ya işıqforun olmadığı yerdə enli, maşınların tez-tez, sürətlə keçdiyi yolda “zebra”nın üstü ilə keçmək istəyən piyadaları vecinə almayan minlərlə sürücülərimiz var. Əksəriyyəti gözəl bilir ki, maşını saxlamaq, yolun qırağında dayanmış iki-üç piyadanı buraxmaq lazımdır. Maksimum uşaqlı ana olsa, qanacaqları çatacaq ki, əyləci bassınlar. Maşını saxlayanda da arxadakı bəzi qanacaqsız sürücülər siqnalı basacaq ki, niyə saxladın, sür də...
Buna bənzər başqa bir situasiya. Yaşıl işıq yanır, keçmək istəyəndə sol ya sağ tərəfdən gələn maşınlar üçün də yaşıl işıq yanır və sürücülərimizin əksəriyyətinin canı çıxır ki, dörd-beş saniyə dörd-beş piyadanın yolu keçməsini gözləsinlər, - sürürlər adamın üstünə, yəni qaça-qaça keç, mən sürüm gedim. Qaçmayanda da siqnal verir və acıqdan sifətlərində qeyri-insani ifadə yaranır.
Avropa ölkələrində adamların keçməsi üçün “zebranın” olub-olmamasından asılı olmayaraq, işıqforlar və yol keçidləri olan maşınların gur keçdikləri yollar istisna olmaqla, yaşından asılı olmayaraq kimsə yolun o biri tərəfinə keçmək istəyəndə sürücü əyləci basır, başı, ya əli ilə piyadaya gülərüzlə “keçin” işarəsi verir. Amma bir şey var ki, Avropada piyadalar yol keçidi varsa, zəhmət çəkib pilləkənlərlə yerin altına enirlər və ya yaşıl işıq yanandan sonra o biri tərəfə keçirlər. Üstəlik, Avropada piyadalar nəinki bizdəki kimi səki ola-ola maşın yolunun qırağı ilə, heç velosiped sürənlər üçün ayrıca çəkilmiş dar yolun üstü ilə belə getmirlər.
Səbəblər aydındır, - əksər hallarda səbəbsiz tələskənlik və eqoizm. Bir də sürücülər və piyadaların bir-birilərinə olan qarşılıqlı hörmətsizliyi. Bakıda yaşasaq da, etiraf edək ki, bu məsələdə əksəriyyətimiz mədəniyyətdən geri qalmışıq.
Çox istərdim ki, bu kiçik yazını piyadalarımız və sürücülərimiz oxusun.
P.S. Kobud ifadələrə görə oxuculardan üzr istəmirəm, məsələ burasındadır ki, bu məqaləni mən yazar kimi yox, hər gün yol gedən, yol keçən, avtobusa minən, belə şeyləri tez-tez görəndə əsəbiləşən bir piyada kimi yazdım.
ŞƏRHLƏR