SUAL? - CAVAB!
1. Həcc mərasiminin sonunda kəsilən qurbanın Məkkə torpaqlarında kəsilməsi mütləqdir? Ümumiyyətlə bu haqda ətraflı məlumat verin.
Həcc və ümrə mənasiki (əməlləri) ilə bağlı kəsilən qurbanlara “hədy” deyilir. Hədy Kəbəyə və Həram bölgəsinə hədiyyə etmək məqsədilə kəsilən qurban mənasına gəlir. Qurban bayramından ötrü kəsilən qurbanlara isə “udhiyyə” deyilir. Hökm baxımından bu iki növ qurban bir-birindən fərqlənsə də, kəsiləcək heyvan növləri və bunlarda tələb olunan şərtlər nöqteyi-nəzərindən aralarında hər hansı fərq yoxdur. Çünki udhiyyədə olduğu kimi hədy qurbanı da dəvə, mal-qara, qoyun və ya keçi kimi heyvanlardan kəsilir.
Həcc növlərindən ifrad həcci (ümrə etmədən ehrama girərkən yalnız həccə niyyət edərək həcc ibadətini yerinə yetirmək) və ya ümrə edənlərin cəza qurbanının kəsilməsini vacib edən hər hansı hal olmayıbsa, onların hədy qurbanı kəsmələri vacib deyildir. Bunların sadəcə olaraq nafilə qurban kəsmələri müstəhəbdir. Təməttö (həcc aylarında əvvəlcə ümrə üçün ehrama girərək ümrəni tamamladıqdan sonra eyni ilin həcc aylarında həcc üçün təzədən ehrama girmək) və qiran həcci (eyni ilin həcc ayları içində ümrə və həcci bir ehramla etmək) edənlərin isə şükür qurbanı kəsmələri vacibdir. Digər tərəfdən həccin vaciblərindən birini tərk etmək və ya ehram qadağalarından hər hansı birisinə riayət etməmək səbəbilə kəffarə olaraq kəsilən qurban da bir cəza qurbanı kimi hədy qurbanı mahiyyətindədir (bax. Bəqərə, 2/196; Maidə, 5/2, 95, 97; Fəth, 48/25; Həcc, 22/36, 37).
İstərsə vacib, istərsə də nafilə olsun, bütün hədy qurbanları növləri Həram bölgəsində kəsilməlidir. Əks təqdirdə nafilə olanlar istisna olmaqla digərləri yenidən Həram bölgəsində kəsilməlidir. Qurban bayramının ilk üç günündə kəsilən hədy qurbanlarını Minada, bu günlərdən başqa günlərdə kəsilən qurbanların isə Məkkədə kəsilməsi daha fəzilətlidir. İstər vacib, istərsə də nafilə olsun, təməttö və qiran həccinə məxsus hədy qurbanlarından başqa digər hədy qurbanlarının kəsilməsi üçün müəyyən bir vaxt yoxdur. Ancaq bunlardan nafilə olanların bayram günlərində, cəza qurbanlarının isə ehram qadağalarına riayət etməmənin dərhal arxasından gecikdirilmədən kəsilməsi daha fəzilətlidir.
Nafilə olaraq kəsilən hədy qurbanları ilə, təməttö və ya qiran həccindən ötrü kəsilən şükür qurbanlarının ətlərini varlı-kasıb hər kəs yeyə bilər. Bunların ətlərindən sahiblərinin yemələri müstəhəb sayılmışdır (bax. Həcc, 22/28). Ancaq cəza qurbanları ilə həcc etmələrinə bir maneə çıxan şəxslərin (ehsar/müsər) ehramdan çıxmaq üçün kəsəcəyi hədy qurbanının ətlərindən bunların sahibləri, baxmaqla mükəlləf olduqları şəxslər və varlılar yeyə bilməzlər. Bunlardan ancaq Hicaz bölgəsi və ya başqa bölgələrin yoxsulları faydalanır. Odur ki, həcc mövsümündə çox sayda qurbanın kəsilməsi və Hicaz bölgəsinin ət ehtiyacı olmaması səbəbilə, qurban ətlərinin ehtiyacı olan digər yoxsul İslam ölkələrinə göndərilməsi mümkün və caizdir. Son illərdə qurulan böyük soyutma qurğuları və nəqliyyat vasitələrinin köməyi ilə ətlər yoxsulluğun çox olduğu ölkələrə göndərilir.
2. Öz yerinə başqasını Həccə göndərmək olarmı? Bu, nə dərəcədə doğrudur?
Bir şəxsə Həcc ibadəti fərz olduğu halda başqasını vəkalət (niyabət) yolu ilə həccə göndərə bilməsi üçün aşağıdakı halların olması vacibdir:
1. Həmin şəxs vəfat etmiş olmalı və ya cox yaşlı olmalıdır. Bundan əlavə topal olmaq və ya sağalma ümidi qalmayan xəstəlik kimi səbəblərlə insanın özünün şəxsən həcc etməkdən davamlı aciz olmasıdır. Məhz bu səbəbdən müalicə oluna bilən xəstəlik və ya həbs kimi müvəqqəti bir səbəblə yerinə başqasını göndərən bir şəxs adına ediləcək həcc nafilə olur, həmin əngəl ortadan qalxdıqdan sonra şəxsən özünün həccə getməsi vacibdir.
2. Adına həcc ediləcək şəxsə (vəkalət verənə) həcc ibadəti əvvəlcədən fərz olmalıdır. Əks təqdirdə həcc nafilə sayılır.
3. Naib (vəkil) olan şəxs müsəlman, ağlı başında və həddi-büluğa çatmış olmalıdır. Qadın da başqasının adına həcc edə bilər. Çünki Xəsəmli qadının öz atası adına həcc etməsinə Hz. Peyğəmbər (ə.s.ə) icazə vermişdir (bax. Buxari, Həcc, 1, Səyd, 22-24, Məğazi, 77, İstizan, 2).
4. Vəkil ehrama girərkən yalnız müvəkkilinin adına (göndərənin adına) niyyət etməlidir. Vəkil özü üçün də niyyət edərsə və ya bir neçə şəxsdən vəkalət alıb hər birisi üçün niyyət edərsə, öz adına həcc etmiş olar, aldığı yol pullarını da qaytarmalıdır.
5. Vəkil üçün müəyyən bir haqq (bir qiymət) şərt qoşulmamalıdır. Çünki həcc bir ibadətdir, ibadətlər də müəyyən bir haqq qarşılığında deyil, Allahın rizasına nail olmaq üçün edilir.
7. Adına həcc edilən şəxs həcc etməsini vəkildən şəxsən özü istəməlidir. Əks halda icazə və ya vəsiyyət olmadan başqasının adına edilən həclə, həmin şəxsin üzərindən həcc borcu düşməz. Çünki varis istisna olmaqla başqasının yerinə icazəsiz həcc caiz deyildir. Odur ki, övladların həcc etmədən vəfat edən ata-ana adına edəcəyi həcc qəbul olur.
8. Vəkil, həcc ibadətini şəxsən özü yerinə yetirməlidir. Ancaq göndərən şəxs ona bir maneə ilə qarşılaşarsa vəkaləti başqasına dövr etmə səlahiyyəti də verə bilər.
9. Vəkil göndərənin (müvəkkilin) istədiyi həcc növünü etməlidir. Vəkil bu mövzuda sərbəst buraxılmışsa, məqsədəmüvafiq bir həcc növünə niyyət edə bilər.
10. Vəkil göndərən adına ediləcək həcc və ümrə mənasikini (əməllərini) bitirmədikcə öz adına həcc və ya ümrə edə bilməz. Əks halda ziyarəti öz adına etmiş sayılacağı üçün aldığı pulu geri qaytarmalıdır.
Öz həcc borcunu yerinə yetirməmiş şəxsin başqasının yerinə həcc etməsi mümkün olsa da həcc edib həcc əməllərini bilən kimsənin vəkil tutulması daha məqsədəuyğundur. Çünki yaşlılığı səbəbilə həcc edə bilməyən atasının yerinə həcc edib-edə bilməyəcəyini soruşan Xəsəmli qadına Hz. Peyğəmbər, “Onun yerinə həcc et” buyurmuşdur (Buxari, Həcc, 1, Sayd, 22-24, Məğazi, 77, İstizan, 2). Bu hədisin mütləq olmaq mənasına görə, Hz. Peyğəmbər qadının daha əvvəl öz həcc borcunu ifa edib-etmədiyini soruşmamışdır. Malikilərə görə, belə bir həcc məkruhdur.
3. Həcc ibadətində bəzi əməllər var ki, onlara məhdudiyyətlər qoyulur və bu əməlləri işləyən müəyyən kəffarə və cərimə ödəyir. Bu əməllər hansılardır?
Ehrama girən şəxslərə ehramdan çıxana qədər qadağan olan bəzi davranışlar vardır. Bunlara “ehram qadağaları” deyilir. Bu qadağanları aşağıdakılardır:
1. Bədənlə əlaqədar olan qadağalar:
a. Saç, saqqal və ya bığları qırxmaq-qırxdırmaq (bax. Bəqərə 2/196).
b. Qoltuqaltı tükləri ilə vücudun digər yerlərindəki tükləri qırxmaq, yolmaq və ya qoparmaq.
c. Dırnaq kəsmək.
d. Bəzənmək məqsədilə saç, saqqal və bığları boyamaq, qadınların lak və pomadadan istifadə etməsi. Bədənə və ya ehrama ətir sürtmək, ətirli sabundan istifadə etmək (Buxari, Həcc, 21, Libas, 8, 13; Müslim, Həcc, 1, 2).
2. Geyim və geyim əşyası ilə bağlı qadağalar:
Geyimlə əlaqədar qadağalar yalnız kişilərə məxsusudur.
a. Tikişli paltar geyinmək. Lakin belə taxılan kəmər, çiyindən asılan çanta, ayağa geyilən, topuqları açıq ayaqqabı ehram qadağanlarına aid deyildir.
b. Başı və üzü örtmək. Hz. Peyğəmbər həcc əsnasında dəvəsindən düşüb vəfat edən ehramlı səhabə üçün belə demişdir. “Onun başını örtməyin. O, qiyamət günü təlbiyə gətirərək dirildiləcək” (Buxari, Cənaiz, 20, 21; Müslim, Həcc, 93, 94, 97-103; Əbu Davud, Cənaiz, 80).
Qadın, ehramda üç xüsusda kişidən ayrılır: Tikişli paltar geymək, məst geymək və başını örtmək. Lakin üzünü örtməsi olmaz. (bax. Buxari, Səyd, 13; Əbu Davud, Mənasik, 31; Tirmizi, Həcc, 18; Nəsai, Mənasik, 33, 39).
c. Əlcək, corab və topuqları örtən ayaqqabı geymək (bax. Yuxarıda qeyd olunan hədis mənbələri).
3. Cinsi mövzularla əlaqədar qadağalar:
a. Cinsi əlaqə və ümumi olaraq cinsi əlaqəyə meyil etdirən davranışlar (bax. Bəqərə, 2/197).
b. Şəhvət hisslərini hərəkətə gətirən sözlər söyləmək:
4. Ov qadağası:
İstər Həram bölgəsinin daxilində, istərsə də xaricində olsun əti yeyilən və ya yeyilməyən hər cür quru heyvanını ovlamaq, ovçuya ovunu (heyvanı) göstərmək və ovlanmasına kömək etmək və ya ov heyvanlarına zərər vermək qadağandır (bax. Maidə, 6/1, 2, 95-97). Dəniz heyvanlarını ovlamaq qadağan olmamaqla yanaşı, qoyun, inək və toyuq kimi ev heyvanların kəsilməsi də ehram qadağasının əhatəsinə daxil deyildir.
5. Haram bölgəsi ilə bağlı qadağalar:
Məkkə şəhəri və ətrafındakı Həram deyilən bölgədəki ov heyvanlarının ovlanması, bitkilərinin kəsilməsi və ya qoparılması istər ehramlı olsun, istər ehramsız olsun hər kəs üçün qadağandır. Bu qadağaların möminlər üçün bir növ ətrafı qorumaqdan ibarət bir təlim-tərbiyə olduğu xüsusunda şübhə yoxdur.
6. Allaha qarşı üsyan etmək və insanlara qarşı pis davranmaq (bax. Bəqərə, 2/197):
a. Füsuq: Allaha itaət etməkdən uzaqlaşıb, üsyan olan sayılan şeyləri etmək.
b. Cidal: Başqaları ilə mübahisə etmək, başqalarını təhqir etmək, bu cür davranışlar daim qadağan olmaqla yanaşı, ehramlı ikən bu kimi davranışlardan daha çox uzaqlaşmaq lazımdır.
ŞƏRHLƏR