REKLAM
Hər gün evdən şəhərə, işə və ya rayona gedərkən saysız-hesabsız əmtəə və ideya haqqında maraq formalaşdırmaq və ya bu marağı saxlamaq, əmtəənin satılmasına, ideya və yeniliklərin həyata keçirilməsinə kömək göstərmək məqsədi ilə yayılan informasiya - reklam afişaları, stend və işıq tabloları ilə qarşılaşırıq. Qarşımıza reklam lövhələrindən daha çox çıxan başqa bir şəkil, yazı yoxdur.
Hələ yarım saatdan bir televizor ekranlarında nümayiş etdirilən reklam çarxları...
İnsanlıq XXI əsrdəki kimi bu qədər sıx reklam mesajları ilə qarşılaşmamışdır.
Reklamları istəyirsən oxu, istəyirsən oxuma. Onlar bir yolla mütləq sənin gözünə, qulağına yol tapırlar. O qədər təkrar olunur ki, hətta insan iradəsiz olaraq reklam çarxlarında yer alan qısa mesajları əzbərləyir.
Reklam çarxlarında təriflənən mal olduğu kimi tanıdılsa, heç bir problem yoxdur. Hətta böyük şəhərlərdə yaşayan alıcıya tələbatın asan təmin edilməsi üçün bir rahatlıqdır. Ancaq çox zaman reklam olunan malın görünüşü olduğundan daha cazibəli şəkildə nümayiş etdirilir ki, bu, alıcıya sərbəst və dəqiq qərar verməkdə çətinlik yaradır, başqa cür desək, onu əfsunlayır. Düşüncəsi sehrlənən alıcı isə nəyin ehtiyac, nəyin də əlavə olduğunu ayırd edə bilmir. Nəticədə istehlakçı israfçılığı normal hal kimi qəbul etməyə başlayır.
Reklamlarda insanlara daha bir mal alaraq özlərini, ya da məişətlərini dəyişdirmək vəsvəsəli şəkildə tövsiyə edilir. Sanki alacağımız yeni maşın bir növ bizi daha da zənginləşdirəcək. Bunu təlqin edir reklam. Əslində o maşını ala bilmək üçün bir az daha yoxsullaşır və ya kiminsə üstünə borc almaq üçün qaçırıq; faizlə də olsa.
Reklam həmişə gələcəkdəki alıcıya səslənmək məcburiyyətindədir. Alıcıya, satmağa çalışdığı məhsulun və ya imkanın cazibədar obrazını göstərir. Beləcə bu obrazla alıcıda gələcəkdə əldə edə biləcəyi vəziyyəti əldə etmək üçün qısqanclıq oyandırır.
Belə də ifadə etmək olar: Reklam çarxı alıcıdan əslində onun özünə qarşı duyduğu, bəslədiyi sevgini oğurlayır. Sonra da bu sevgini ona, alacağı məhsulun qiymətinə yenidən satır.
Reklamın sərgilədiyi təsir çox zaman həqiqətə söykənmir. Reklam daxilimizdə olan təbii bir zövq aclığını sərmayə götürərək girişir işə. Zövq isə obyektin əslini təqdim edə bilməz.
Elə isə reklamları iki qismə bölə bilərik; tanıdıcı reklamlar, zövqləri istismar edərək satdığı malın həqiqətini gizlədən reklamlar.
“Hər şeyi ilə cazibədar görünmək” prinsipi reklamların insanların düşüncələrinə yön vermək üçün sıx-sıx işlətdiyi sehrli çubuqdur. Halbuki qədimdə cazibədarlıq əvəzinə incəlik, zəriflik və nəzakətə qiymət verilirdi.
Reklam insana tələbatdan çox yersiz istehlakı öyrədir. Qədimdə yoxsulluq tələbatla ödənilirdirsə, günümüzdə lüzumsuz şeylər ehtitac kimi təqdim olunur. Bu gün reklam inkişaf etmiş ölkələrdə xalqa arzuolunmaz şeyləri belə səhv ölçülərlə zorla qəbul etdirir.
Reklamda inkar olunmaz təsir etmə gücü vardır. Reklam eyni zamanda real bir siyasi faktdır. Ancaq reklamın arenası geniş olsa da təqdim etdikləri fərqli şəkillərdə təkrarlardır.
Reklamın başqa bir gizli sehrli çubuğu isə insana sadəcə fərdi xoşbəxtliyi arxasında qaçmağı aşılamaqdır. Halbuki günümüzdəki ictimai şərtlər fərdin özünü gücsüz və hüzursuz hiss etməsinə gətirib çıxarmışdır. Fərd içində yaşadığı vəziyyətlə olmasını arzuladığı vəziyyət arasındakı ziddiyyəti hər gün yenidən yaşayır. Əksəriyyət isə qısqanclıq hissinin pəncəsində bitməyən xülyalara qapılaraq yaşayar.
Reklamlardan təsirlənən insanlar ardıcıl olaraq nə isə satın almaq istəyirlər. Beləcə, ehtiyacdan çox, istək və arzularını təmin edən şeyləri seçərək alırlar. Bu vəziyyət ehtiyac olan və ya olmayan bir çox şeyin satın alınması vərdişini aşılayır. Hər keçən gün yeni və təsirli təqdimatlar satın alma tempini tətikləməkdə və artaraq davam etməsini təmin etməkdədir. Nəticədə bu psixologiya ilə insan uzanan bir istehlak cığırına girir. İstehlak edər və arxasınca da yenisinə gözünü dikər. Yeni çıxanla maraqlanar və onu da çox qısa bir müddətdə istehlak edər. Bu tip vərdişlərin insanlarda var olmasının və ya meydana gəlməsinin ana səbəblərindən biri məhz reklamdır.
ŞƏRHLƏR