İLAHİ MÜJDƏ
Deyirlər ki, yuxular
Çin olmayır hər zaman?
Yuxu da var, çin olub
Edir adamı heyran.
Yox fərqi, yuxu görən
Kiçik, ya böyük olsun,
Təki bütün yuxular
Xoş sonluğa yozulsun!
***
Mustafa Akkadın məşhur filmi var,
“Ər-Risalə/Çağrı”. Baxaraq bir gün,
Doqquz-on yaşında bir uşaq aşkar
Onun təsirinə düşdü büsbütün.
Orda görünməyən bir surət vardı,
Özü görünməzdi, səsi gələrdi.
Ordakı musiqi qəlbi alardı,
Hər sözü ürəyə nur səpələrdi.
Həzrət Mühəmməddi o görünməyən,
Hamını özünə məftun eyləyən.
Balaca körpə də Ona vuruldu,
İlahi bir eşqin təşnəsi oldu.
Artdı məhəbbəti onun günbəgün,
Bunda mənasını gördü ömrünün.
Evdə olmasa da bir namaz qılan,
O, namaz qılmağa başladı haman.
Uşaq kamilləşib qabağa getdi,
Ağılda-kamalda yaşını ötdü.
Suallar verərdi ata-anaya,
Onun sözlərindən çıxan mənaya
Böyüklər verməyib bir əhəmiyyət,
–Keçər, uşaqlıqdır, –sanardı, əlbət.
Uşaqda kamillik artıb günbəgün,
Gəldi inanılmaz hala büsbütün.
…Bir gün gözlənilməz əhvalat oldu:
Uşaq, dərsdən evə pərişan gəldi.
Yoxdu üst-başında səliqə-sahman.
Atası məktəbə çağrılan zaman
Hər şey aydın oldu: O, dalaşmışdı.
Elə qəzəblənmiş, elə coşmuşdu,
Özünə gələ də bilmirdi uşaq.
Şagirdlər içində bir yava-yanşaq
Peyğəmbər adına kobud söz deyib,
O söz də buna çox təsir eyləyib.
Dözə bilməyərək bu haqsızlığa,
O da qaldırıbdır yekə bir qovğa.
Ciddi xəbərdarlıq oldu ataya:
-Bir də qoşulmasın o, hər boş şeyə.
Boş şeyə!… Sən onun dediyinə bax,
Ondan kim dərs alıb kamil olacaq?
O, iki cahanın bir Günəşinə
Bir çocuq edirsə rişxənd, ya tənə,
Nə qədər dayazmış bir gör bu insan,
Naşı, bixəbərmiş Haqq Rəsulundan.
Mühəmməd eşqilə yaratdı Allah
İlk insan Adəmi, bu ki, haqdır, haq!
Bulud kölgə salıb uşaqkən hələ
Yerimişdi Onun başı üstüylə.
Onu təqib edən Sürakanın da
Yeriyə bilmədi atı bir an da.
Ona ümmət olmaq istədi Musa!
Bu yarı-yarımçıq müəllim isə…
Cahan Günəşinə dil uzadana
Haq da qazandırdı, dinmədi ona.
Haqlını günahkar sayan o qulun
Bircə adı vardır, tək bircə -Məlun!
“Müəllim” adı tam haramdır ona,
Bu beyni kütləşmiş boynu yoğma!
Uşağın atası öz şəhərində
Ad-sanlı, tanınmış, bir məşhur idi.
Ona müəllimin bu “xəbərində”
Deyilən sözlər çox təsir eylədi.
Saxlaya bilmədi özünü ata,
Nə qədər danladı oğlunu, bu da
Göstərə bilmədi öz təsirini,
Uşaq çəkinmədi, durdu şir kimi:
-Hər kim Peyğəmbərə uzadarsa dil,
Mən dözə bilmirəm, bu mənlik deyil!
Aradan keçməmiş hələ bir müddət,
Atanı məktəbə etdilər dəvət.
Yenə həmin sözlər, həmin şikayət,
Yenə dava-dalaş, köhnə ziddiyyət.
Danlaqlar uşağa etmirdi təsir,
Dəniz tək çalxanır, yel kimi əsir,
Vulkan tək püskürüb, sel kimi coşub,
Hər cür maneəni əzmlə aşıb
Peyğəmbər eşqinə o vuruşurdu.
Bu yolda nə qədər dara düşürdü,
Əsla yorulmurdu, qüvvətlənirdi,
Bezmirdi, dözürdü, şirə dönürdü.
Aylar ötüb-keçdi. Bahar gəlincə
Uşaq xəstələndi. Özü də necə!
Təbiət bəzənib olurdu əlvan,
Uşaqsa solurdu hey zaman-zaman.
Xərçəngə tutuldu zavallı uşaq,
Sən bir bu körpənin qismətinə bax!…
Yox idi bir əlac onun dərdinə
Uşaq üzülürdü hey gündən-günə.
Böyüklər, xoş getsin deyə uşağa,
Durub başladılar namaz qılmağa.
Anası büründü, döndü atası,
Evdə eşidildi Quran sədası.
Olsa da bu işə uşaq çox məmnun,
Dərdinə bir çarə yox idi onun.
Ağıla gəlməyən hallar olurdu:
Hər səhər otağa girəndə ana
Qapı-pəncərəni açıq görürdü.
Heyrətli gəlirdi vəziyyət ona:
Axşam bağlasa da dönəbədönə,
Səhər pəncərələr açıqdı yenə.
Bunu uşaq edir! –“izləyim görək,
Axı nə deməkdir bu iş, nə demək?”
Xəlvəti izlədi ana oğlunu,
Gördü gümanının doğruluğunu:
Gecələr yataqdan qalxaraq uşaq
Gəlib pəncərəyə yaxınlaşaraq,
Açır, nəyi isə o seyr eyləyir,
Sonra pəncərədən əl də yelləyir.
Hara, kimə görən əl eyləyir o?
Kimə, pıçıltıyla nə söyləyir o?
Anlaya bilməyib sözləri ana,
Düşündü xəstəlik güc gəlir ona.
Ana ürəyidir, dözmədi yenə,
Axır sual verdi, o, körpəsinə.
Ana məhəbbəti, ana sevgisi,
Sənin bərabərin varmı dünyada?
Allah sevgisindən sonra sənindi
Ən ulu məhəbbət, ən ulu sevda!
Belə nəql edilir Rəsulallahdan:
Bir nəfər soruşur: Olsa bir məqam,
Məni eyni anda çağıran zaman
Peyğəmbər, bir atam, bir də öz anam
Hansı çağırışa yollanım əvvəl?
Bilmirəm nə qərar verim mən buna.
Dedi Rəsulallah: Sonda mənə gəl,
Ən əvvəl anana, sonra atana!
Bəlkə biz bilməyən elə qüdrət var,
Onunçün ucadır belə analar?…
Oğul gizlətməkdə etsə də israr
Axır demək oldu sonuncu qərar.
Dedi: Ana, açıb pəncərəmizdən
Salam göndərərək Peyğəmbərə mən:
“Sən, ey Badi-Səba, rica edirəm,
Səmti-Hərameynə düşərsə yolun,
Yetir salamımı, gəlir qəlbimdən,
Yetir hüzuruna, yetir Rəsulun!”
Salam göndərirəm hər axşam-sabah
Axır ki, bir dəfə çatar, İnşallah!
***
Xəstəlik artırdı onda günbəgün
Taqət qalmamışdı yerimək üçün.
Səhər yeməyinin vaxtıydı, bir gün
Ata-anasının yanına gəldi.
Axşam gördüyünü söyləmək üçün
Özünü topladı, qəddi düzəldi.
Fəqət gözlərinin dərinliyində
Bir az qorxu vardı, bir az da sevinc,
Başladı, körpənin hər dediyində
Vardı bir xoş niyyət, xoş ovqat, xoş uc:
-Axşam uzanmışdım oz çarpayımda
İkiyə ayrıldı evin tavanı,
Gördüm aralıqdan enən bir anda
Ağappaq geyinmiş iki adamı.
Onlar söylədilər mənə: Sən çoxdan
Bu yorğan-döşəkdə xəstə yatırsan.
Səni, istəyirsən gəzdirək bir az,
Həm hava alarsan, həm dincələrsən.
Mən də razılaşdım, dedim pis olmaz,
Məni qaldırdılar göylərə həmən.
Kiçik görünməyə başladı necə
Ev də, məhəllə də, şəhərimiz də,
Görünməz olaraq gözdən itincə
Möhtəşəm saraya yetişdik biz də.
Elə oyuncaqlar vardı ki, orda,
Ömrümdə heç zaman mən görməmişdim;
Oynadım, dincəldim, xeyli. Axırda
Düşündüm: Nə gözəl yerdi, mən düşdüm!
Məni gətirənin biri bu zaman
Sanki ürəyimdən keçəni bildi,
Səmimi nəzərlə, çox da mehriban
Bir xoş təbəssümlə yanıma gəldi:
Oğul, görürsənmi, burdakı heyvan
Səninçün qurbandır, istərsən kəsək.
Özün də əbədi burda qalarsan.
-Atamı-anamı istəyirəm tək!
Onlar çox nigaran olarlar axı,
Yalnız istəyirəm mən qayıtmağı!
Məni qaytararaq öz yatağıma,
Getdilər, başladım yuxlamağıma.
Bir də ayıldım ki, açılıb səhər,
Allah! Nə gözəldir bu gecəkilər!
Baxdı ata-ana çox bir-birinə,
Bir şey anlamadı söhbətdən yenə!
Ardı var
ŞƏRHLƏR