RƏNGLƏRİN QARDAŞLIĞI – HƏCC

RƏNGLƏRİN QARDAŞLIĞI – HƏCC

Müqəddəs dinimizin beş şərtindən biri olan həcc mövsümü artıq qapıdadır. Bəndələrinə saysız-hesabsız nemətləri ilə lütfkarlıq edən Uca Rəbbimiz zaman və məkan baxımından da bizə yaşadığımız həyat boyu müxtəlif imkan və şəraitlər hazırlamışdır. İlahi rəhmətin tüğyan etdiyi müstəsna zamanlardan biri də həcc mövsümüdür. Həcc mövsümü ümumi mənada zaman etibarilə, daha xüsusi mənada isə ziyarət olunacaq müqəddəs yerlər baxımından ilahi təcəllilərlə doludur.

 Elə bir məkan ki, Allah-Təala özü bu şəhərə and içərək (əl-Bələd, 1; ət-Tin, 3) oranın qiymətini biz bəndələrinə xatırladır.   Həcc etmək Qurani-Kərimdə ilk məbəd olduğu vurğulanan (Ali-İmran, 96) Kəbəni ziyarətdir. İlk insanın var olmasından bəri var olan Kəbə və ətrafı oranı ziyarət edənlər üçün bərəkətli qılınmış və müəyyən təcəllilərə məkan olmuşdur. Bu barədə Hz. Peyğəmbər (s.ə.s) buyurur: “Hacılar və ürmə edənlər Allahın ziyarətçiləridir. Ziyarət olunan, ziyarətçilərə nə isə verməyə, yəni ikram etməyə borcludur.” Allahın zəvvarlara ən böyük ikramı isə onlarda yüksək mənəvi halların meydana gəlməsidir.

Həcc ibadətindən maksimum istifadə edə bilmək təfəkkürlə bu ibadətin dərinliklərinə nüfuz etməyə bağlıdır. İlk növbədə düşünmək lazımdır ki, həcc bir hicrətdir. İnsanın nəfsindən Rəbbinə hicrətidir. Günahlardan qaçışdır, həyatın geri qalan qismini yaxşı insan olaraq yaşamağa niyyətlənməkdir. Ərəfatda nəfsi ilə baş-başa qalaraq Rəbbini düşünməkdir. Qurban bayramından, dolayısıyla Kəbəni ziyarət təvafdan bir gün əvvəl hacıların Ərəfat adlanan dağda gecələməsi, dualar və zikrlər edərək ilahi nizamı təfəkkür etməsi bir növ insanın özünü bilməsi, tanıması və dərk etməsidir. Hz. Əlinin buyurduğu kimi “Özünü bilən, Rəbbini bilər” gerçəyinə əsasən də Ərəfatda özünü dərk edən bir insan həmçinin Rəbbini layiqincə tanımaq yoluna addımını atmış olur. Ərəfat kəlməsi tanımaq, tanış olmaq, qovuşmaq mənalarına gəlir. Hz. Adəmlə Həvva anamızın məhz bu yerdə bir-birinə qovuşmasına görə belə adlanan bu məkanda həmçinin insan özünü Rəbbinin hüzurunda hiss edir, Ona qovuşur, Onu dərk edir və tanıyır. Elə isə Ərəfat Allahı tanımaqdır. 

Rəsulullahın və əshabi-kiramın gəzdiyi Məkkə, Mədinə küçələrində gəzmək, hər daşında, torpağında mübarək izlər olan bölgədə bir neçə gün yaşamaq, o havanı tənəffüs etmək insanda müxtəlif halların yaranmasına səbəb olur. İslam tarixinin acılı-şirinli xatirələrinə şahidlik edən bu torpaqlar hər bir müsəlman üçün ana vətən qədər əzizdir. Hədisi-şərifdə buyurulan “Möminlər bir divarın hörülmüş daşları kimidir” həqiqətinin insanlara aşılanmasıdır həcc. Həcc rənglərin qardaşlığıdır. Uca kitabımızda buyurulan “ilahi boya”ya boyandıqdan sonra bütün rənglərin mənasını itirdiyi və beləliklə də əslində yeni məna qazandığı  bir məkandır Kəbə.  Bütün rənglərin qara rəngdə yox olması kimi insanların da rəng fərqi qara örtülərə bürünmüş Kəbənin başına dolanarkən, Həcərül-Əsvədi (qara daşı) salamlayarkən yox olur, aradan qalxır. Dilindən, irqindən, millətindən asılı olmayaraq hər kəs yekvücud halda, hər gün namazda yönəldiyimiz Kəbənin ətrafına dolanaraq insanlıq adına birləşir. Bu, eyni zamanda müsəlmanların bir kəlmə ətrafında, bir amal uğrunda birləşməsinə zəmin hazırlayır. İslam mənsublarını birliyə səsləyir. Təvaf bu birliyin nişanəsidir.

Kəbəni təvaf edən insan əsrlər öncəsinə qayıdır. Eyni məkandan əsrlər öncəsində Allah Rəsulunun bir gecə Məscidi-Əqsaya, oradan da meraca yüksəldiyini düşünür. Deməli, Kəbə eyni zamanda Həzrət Peyğəmbərin merac yolçuluğuna başladığı yerdir. Bəlkə elə buna görə də “möminin meracı” adlanan namaz ibadətimizi yerinə yetirmək üçün Kəbəyə yönəlməyimiz vazkeçilməz fərzlərdən biridir. Bir sözlə; dərk edib anlayan üçün saymaqla qurtarmayacaq qədər təcəllilərlə doludur o mübarək torpaqlar.

Kəbəni həcc etməyin bir mənası da insanlara könül almağı öyrətməkdir. Belə ki, İslam anlayışına görə məscidlər Allahın evləridir. Kəbə üçün də “Beytullah – Allahın evi” deyilir, insanın qəlbi üçün də. Elə isə insan gözlə görünən Kəbəni təvaf edə-edə, qəlb almağın zərurətini anlayır. Burada son sözü Hz. Mövlanaya verək: “Əgər sənin könlün varsa, könül Kəbəsini təvaf et. Zira torpaqdan tikilmiş sandığın Kəbənin əsl mənası könüldür.”

PAYLAŞ:                

Nurlan Məmmədzadə

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz