HƏCCİ-MƏBRUR VƏ ÜMRƏ

HƏCCİ-MƏBRUR VƏ ÜMRƏ

Həzrət Adəm və Həvva ilə başlayan ilk insanlıq ailəsi dini səadət iqlimində yaşamaq məqsədilə bu gün Məkkədəki Kəbənin yerini ilk ibadətxana olaraq seçmişdilər. Bəşər oğlu dəyişən həyata və icitmai səbəblərə bağlı müxtəlif yerlərə yayılmış, uzun əsrlər keçmiş, nəsillər dəyişmiş, bəzən haqq dindən yolunu azanlar olmuş və bir müddət sonra bu müqəddəs məbəd itmişdir. Həzrət İbrahim (ə.s) Allahın əmri ilə onu təkrar tikmiş və onun  duası həmin ərazinin bərəkətlənməsinə səbəb olmuşdu.  Bu barədə ayədə belə buyurulur:

“(Ya Rəsulum!) Xatırla ki, bir zaman İbrahim belə demişdi: “Ey Rəbbim! Bu diyarı (Məkkəni) əmin-amanlıq yurdu et. Məni və oğullarımı bütlərə tapınmaqdan uzaq elə! Ey Rəbbim! Onlar (bütlər), həqiqətən, çox insanı (haqq yoldan) azdırıblar. İndi kim arxamca gəlsə, o, şübhəsiz ki, məndəndir. Kim mənə qarşı çıxsa, (bilsin ki, tövbə edəcəyi təqdirdə) Sən (günahları) bağışlayansan, (bəndələrinə) rəhm edənsən! Ey Rəbbimiz! Mən əhli-əyalımdan bəzisini (İsmaili və anası Həcəri) Sənin Beytülhəramının (Kəbənin) yaxınlığında, əkin bitməz bir vadidə (dərədə) sakin etdim. Ey Rəbbimiz! Onlar (vaxtlı-vaxtında, lazımınca) namaz qılsınlar deyə belə etdim. Elə et ki, insanların bir qisminin qəlbləri onlara (Kə’bənin ziyarətinə, əhli-əyalıma mərhəmət göstərməyə) meyl etsin. Onlara (bu yerin ağaclarının) meyvələrindən ruzi ver ki, (nemətinə) şükür edə bilsinlər!” (İbrahim, 35-37)

Nəhayət, dünya gününün əsr vaxtına oxşayan əsri-səadət gəlmiş və Məhəmməd Peyğəmbər (s.ə.s) ilə dini həyat ilk başladığı yerdə kamillik zirvəsinə ucalmışdır. Həzrət Peyğəmbər (s.ə.s) Məkkə və Mədinədə bir əsri-səadət yaşamış, yaşatmış, beləliklə o şəhərlər qiyamətə qədər İslamın və müsəlmanların nəbzinin vurduğu və mütəmadi ziyarət etdikləri mübarək bir məkan halına gəlmişdir:

Allah-Təala buyurur:

 Orada aydın nişanələr – İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır (təhlükədən kənardır). Onun yoluna (ərzaq, minik, və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə (özünə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir!” (Ali-İmran, 97)

Allahın bəndələri üzərindəki haqqı olan həcc ibadətinin layiqincə yerinə yetirilməsi onu gecikdirmədən, dərhal, böyük bir istəklə həyata keçirməyə bağlıdır. Çünki Həzrət Peyğəmbər (s.ə.s.) belə buyurmuşdur:

“Həcc etmək istəyən tələssin”. (Əbu Davud, Mənasik, 5/1732)

Belə ki, o mübarək torpaqlarda dilə gətirilən təlbiyə, yəni “Ləbbeyk”  (Allahım, əmrinə gəldim) ifadələri də bunu bir daha sübut edir.

Unudulmamalıdır ki, həyat neməti bəşəriyyətə bir dəfə bəxş edilmişdir. Təbii ki, ömür sona çatdıqdan sonra peşmançılığın heç bir faydası olmaz. O halda əlimizdə imkan varkən Rəbbimizin boynumuzdakı bir haqqı olan həcc ibadətinə laqeyd yanaşmamalı, imkan olan kimi bu böyük qulluq borcunu yerinə yetirməliyik.

İmkanı olan hər bir möminin ömründə bir dəfə həcc ziyarətini yerinə yetirməsi fərzdir. Dəfələrlə həccə getmək isə müstəhəbdir və savabı çox böyükdür. Həcc həm mal, həm də bədəni bir ibadət olması baxımından da çox fəzilətli bir ibadətdir. İlk növbədə həcdə Allah-Təalanın rizası var və eyni  zamanda bu vaxt dünyanın dörd bir tərəfindən gələn müsəlmanlar arasında sevgi, məhəbbət və səmimiyyət ortaya çıxır. Dillər, rənglər, adət və ənənələr müxtəlif olmasına baxmayaraq, qəlbdən gələn istəklər bu fərqlilikləri aşır və müsəlmanları eyni anda döyünən bir ürək halına gətirir. Bununla da könül birgəliyinin hüzur və sevinci içində gözəl bir din qardaşlığı yaşanır. Səmimi və təvazökarlıqla həcc edənlər özlərini həmişə Allah-Təlanın hüzurunda hiss edirlər. İlahi nəzarət və ehsan duyğuları qəlblərində yer tutur, ədəblərini mühafizə etdikləri nisbətdə isə təfəkkür və həssas qabiliyyətləri çoxalır. Allah-Təala həcc edənlərin qəlblərinə genişlik, könüllərinə zənginlik verər. Beləliklə də, onlarda iman keyfiyyətləri inkişaf edər, maddi və mənəvi imkanlar ilahi ləzzətlər uğruna daha çox səfərbər edilməyə başlayar.

İmam Əzəm həzrətləri saysız tələbəsi və çox işi olmasına baxmayaraq, vaxtının demək olar ki 1/3-ni həcc səfərinə həsr etmişdi. O dövrdəki şərtlər altında dəvə ilə Bağdaddan Məkkeyi-Mükərrəmə və Mədineyi-Münəvvərəni ziyarət etməyin necə çətin bir səfər olduğunu təsəvvür etmək lazımdır. Amma Haqq dostları heç bir yerdə olmayan Hərameynin feyzli ab-havasından istifadə etməyi, hər fürsətdə həccə getməyi və Rəsulullahı (s.ə.s.) ziyarət etməyi böyük bir qənimət bilirdilər.

Nəbilər silsiləsinin gözəl xatirələri ilə dolu olan, imanlı qəlblərin ruhaniyyətləri ilə bəslənən və aşiqanə qözyaşları ilə sulanan bu mübarək torpaqlarda arif bir könüllə həcc və ümrə ibadətini yerinə yetirənlər, orada bir çox peyğəmbərin əziz xatirəsindən də feyz alarlar. O müqəddəs yerlərdə həcc və ümrə ibadətləri ibadət həyatının müstəsna bir tərəqqi səbəbidir. Həcc zamanı insan ilahi əzəmət qarşısında heçliyini xatırlayır və geydiyi ehramlarla bir növ kəfən ab-havasına girməyin duyğu və idrakı içində yaşayır. Bu baxımdan, həcdə bəlkə də ən mühüm məqam “ölmədən əvvəl ölmək” sirrini dəfələrlə yaşayaraq qəlbən canlı qala bilmək və “Rəbbinə dön...” (əl-Fəcr, 28) şəklindəki ilahi dəvətin vəcdi içində olmaqdır.

Bundan başqa, ehrama bürünənlər müəyyən bir vaxt bəzi halalların belə qadağan olması səbəbi ilə haramlardan nə qədər uzaq olmağın lazım olduğunun bir başqa təlqinini hiss edərlər. Ehram halında ikən ot qoparmaq, ov ovlamaq, ovçuya ovu göstərmək kimi davranışların qadağan olması ilə də mərhəmət, nəzakət və zərafət dolu bir iman həssaslığına qovuşarlar.

Bütün ibadətlər kimi həcc və ümrə ibadətlərinin də Allah qatında məqbul ola biləcək bir ölçüdə yerinə yetirilməsi iman və irfan ölçüsüdür. Çünki həcc və ümrəni “məbrur” olaraq yerinə yetirmək bir növ günahlardan təmizlənmək və Haqqın rizasına qovuşmaqdır. Yəni bu ibadətlərdən arzu edilən nəticə onları ancaq Allah-Təalanın razı olduğu ölçüdə yerinə yetirə bilməklə hasil olur.

Bu mənada Şibli həzrətlərinin həcc etmiş birisinə həccin mənəvi cəhətinə işarə edərək dediyi bu sözlər çox ibrətamizdir:

“Həccə niyyət etdiyində bu günə qədər işlədiyin günahlara tövbə edib sirati-müstəqimə yönəlmədinsə, həqiqətdə niyyət etməmiş olarsan...

Ehram üçün paltarını çıxararkən bütün günahlardan da soyunmadınsa, həqiqətdə ehrama girmiş olmazsan. Həcc üçün qüsl edərkən bu təmizlik səndəki mənəvi kirləri və qəlb xəstəliklərini də təmizləmədisə, həqiqətdə təmizlənmiş olmazsan...

Hərami-şərifə girdiyin vaxt bütün haramları və Haqdan uzaqlaşdıran hər cür söz və davranışı tərk etməyə söz vermədinsə, həqiqətdə Hərama girmiş olmazsan...

Qurban kəsərkən hədsiz nəfsani istəklərini və iradəni Haqqın rizasında yox etmədinsə, həqiqətdə qurban kəsmiş olmazsan...

Şeytan daşlanarkən özündəki cəhaləti və vəsvəsələri də daşlamadınsa, həmçinin səndə elm və irfan hasil olmamışsa, həqiqətdə daş atmış sayılmazsan...

Kəbəni ziyarətdən sonra səndəki ilahi hisslər çoxaldımı, könlün hüzur və sevinclə doldumu? Çünki hədisi-şərifdə:

“Hacılar və ümrə ziyarətini yerinə yetirənlər Allahın ziyarətçiləridir. Ziyarət edilənin ziyarət edənə ikram etməsi bir həqiqətdir” - buyurulur. Sən bu ikramın fərqində olmadınsa, həqiqətdə ziyarət etmış sayılmazsan...”

Xülasə, Şibli həzrətlərinin diqqət çəkmək istədiyi əsas məsələ:

 Allah üçün həcc və ümrəni tam yerinə yetirin!..” (əl-Bəqərə, 196)  ilahi fərmanına riayətdir. Şibli həzrətlərinin də işarə etdiyi kimi Allah qatında məbrur olacaq bir həcc və ümrə üçün riayət olunacaq əsas xüsuslar bunlardır:

1. Həccə ixlasla niyyət edib, bunun əksi olan niyyət və davranışlardan uzaqlaşmaq

Allah-Təalanın rizasına nail olub onun ilahi lütflərindən istifadə edə bilmək üçün həcc ibadətinə niyyət edib Allah-Təalaya söz verərkən içimizdə olan nəfsani sözləşmə və insani zəifliklərə də mane olmaq lazımdır ki, ilahi sirr sarayının qonağı olaq. O mübarək məkanlarda, xüsusilə varlıq kitabını bağlamaq və eqoizmdən uzaqlaşmaq lazımdır. Məhz həcc və ümrəyə belə bir ruh halı ilə gedənlər ilahi rəhmət və bərəkətə nail olmaq qapısından keçmiş olarlar. Bundan sonra onların vəzifəsi:

2. Ehram üçün paltalar çıxarılarkən günah paltarlarını da çıxarmaq

Allah rizası üçün edilən həcc və ümrə ziyarəti zamanı yalnız zahiri paltarları deyil, daxili dünyamızdakı mal, məqam və mövqe kimi ehtiraslardan da uzaqlaşaraq təqva paltarına bürünmək lazımdır. Çünki Allah-Təala belə buyurur.

Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!” (əş-Şəms, 9)

O müqəddəs iqlimdə könülləri Allaha bağlayıb dünya işləri ilə məşğul olmaqdan və zərurət xaricində bazarları gəzməkdən uzaq durmaq lazımdır. Çünki bu cür işlərlə məşğul olduqca könüllərdə bir tənbəllik və qəflət ortaya çıxar, o mübarək yerlərin mənəvi ab-havasından istifadə çətinləşər. Buna görə də, Həzrət Ömər (r.a) həcc və ümrə ziyarətini yerinə yetirənlərə vəzifələrini tamamladıqdan sonra lüzumsuz davranışların meydana gəlməməsi üçün dərhal vətənlərinə qayıtmalarını tövsiyə etmişdir.

Ziyarət zamanı ilk öncə Kəbənin Rəbbini axtarmaq və “Onun bəndələrinə şah damarlarından daha yaxın”  olduğunu dərk etmək lazımdır. “Bilin ki, Allah insanla onun qəlbi arasına girər (insanın bütün varlığına hakim olar)...”  ayəsinə görə heç bir şey Ondan gizli qalmayacaqdır. Yəni, dünyəvi istəklərdən uzaqlaşıb qəlbin Haqla bərabər olmasına diqqət edilməlidir.  Çünki həcc və ümrənin əsası budur:

3-Maddi və mənəvi yöndən təmizlənmək

Allah Rəsulu (s.ə.s) həcc və ümrə zamanı yerinə yetirilən saleh əməllər vasitəsi ilə hasil olan nəticəni göstərərək, bu mübarək ibadətlərdəki məqsədi belə bəyan edir:

“Həclə ümrənin arasını birləşdirin. Çünki onlar günahı eynilə körüyün dəmirdəki pası təmizlədiyi kimi təmizləyər.” (Nəsai, Mənasik, 6; İbn Macə, Mənasik, 3)

“Müsəlman olmaq, hicrət etmək və həcc etmək keçmiş günahları təmizləyər”. (Müslim, İman, 192)

Söhbət belə bir təmizlənmədən gedirsə, əlbəttə zəvvarların riayət edəcəyi digər əsas məsələ budur:

4. Haram və şübhəliləri tərk edərək Hərami-Şərifə ədəblə daxil olmaq və dini simvollara təzimlə yanaşmaq.

İlk növbədə bütün ibadət və xeyirlər halal qazancla yerinə yetirilməlidir. Çünki bu ibadətlərdən feyz almaq vücudun bəsləndiyi halal qida ilə mümkündür. Xüsusilə həcc ibadətində halal qazancın əhəmiyyətini göstərən bu hədisi-şərif ibrətlə oxunmağa dəyər:

“Kim ki, Kəbəni  haram qazancla əldə etdiyi pul ilə ziyarət edərsə, Allaha itaətdən çıxar. Belə bir insan həccə niyyət edərək ehrama bürünüb miniyinin üzəngisinə ayağını basıb dəvəsini hərəkət etdirdikdən sonra “Ləbbeyk, Allahummə Ləbbeyk” deyərsə, göydən bir nida eşidilər: “Sənə nə ləbbeyk, nə də sadeyk. Çünki sənin qazancın da haram, azuqən də haram, miniyin də haramdır. Heç bir savab almadan günahkar olaraq qayıt! Xoşlanmayacağın şeylə qarşılaşacağından ötrü üzüntü hiss et!”

Amma bir şəxs halal pulla həcc səfərinə çıxar, miniyinin üzəngisinə basıb onu hərəkət etdirər və “Ləbbeyk, Allahummə Ləbbeyk” deyərsə, göydən bir nida eşidilər: “Ləbbeyk və  sadeyk”. Yəni, sənə cavab verdim. Çünki sənin miniyin  halal, paltarın halal, azuqən də halaldır. Buyur, çox böyük savablar əldə etmiş və heç bir günaha batmamış olaraq qayıt! Səni məmnun və sevincli edəcək şeylə qarşılaşacağın üçün sevin!” (Heysəmi, III, 209-210)

Həcc zamanında bir çox haramlar vardır ki, onlardan xüsusilə uzaq durmaq lazımdır. Allah-Təala belə buyurur:

Həcc (mövsümü) məlum olan aylardır (şəvval, zülqədə ayları və zülhiccənin birinci on günü). (Həmin aylarda) həcc ziyarəti vacib olan (həcci özünə vacib bilən) şəxsə həcdə olarkən (qadınla) yaxınlıq, söyüş söyüb pis sözlər danışmaq, dava-dalaş etmək yaramaz. Allah gördüyünüz hər bir yaxşı işi bilir. (Həcc və ya axirət üçün) tədarük görün. Ən yaxşı tədarük (azuqə) isə təqvadır (pis əməllərdən çəkinməkdir). Ey ağıl sahibləri, Məndən qorxun!” (əl-Bəqərə, 197)

 Bu mənada çirkin sözlər danışmaq, günah işlər görmək, münaqişə etmək  kimi qadağalarla yanaşı, bir insanın xətrinə belə dəyməməyə çox diqqət etmək lazımdır. Çünki oradakı izdiham zamanı hacılar hər an bir mömini incitmə təhlükəsi ilə qarşılaşırlar. Bundan uzaqlaşmaq üçün xüsusi ilə təvaf vaxtı hörmət və nəzakətə çox diqqət yetirmək lazımdır. Təvafda dönüş istiqamətinin əksinə hərəkət etmək təvaf edənlərə çox zaman çətinlik yaradır. Buna görə də buna diqqət etmək lazımdır.

Bu izdiham zamanı mehmanxana liftlərində qadın-kişi qarışıqlığına fikir vermək, giriş və çıxışlarda nizam-intizama ciddi şəkildə riayət etmək lazımdır ki, bu ibadət vəcdi ilə etdiyimiz insani davranışlar bizi Haqqa yaxınlaşdırsın, kobud və sərt davranışlar yerini sevgi, mərhəmət, hörmət, nəzakət və zərifliyə tərk etsin.

Bu cür həssasiyyətlər mərhəmət və nəzakət abidəsi olan Rəsulullahın (s.ə.s) çox diqqət etdiyi əhəmiyyətli incəliklərdir. Belə ki, Rəsulullah (s.ə.s.) günlərin bir günü Həzrət Ömərə (r.a.):

“Ey Ömər! Sən güclü-qüvvətli birisən. Həcəri-Əsvədə toxunmaq üçün insanları itələyərək zəiflərə əziyyət etmə. Nə özün narahat ol, nə də ki, başqalarını narahat et. Tək olduğun vaxt Həcəri-Əsvədi ziyarət et və öp, əks təqdirdə uzaqdan “əl sürtüb, öpmə” işarəsi et, kəlmeyi-tövhidi oxuyaraq və təkbir gətirərək keç!”- buyurmuşdur. (Heysəmi, III, 241; Əhməd, I, 28)

Bu şəkildə qul haqqına riayət etməklə yanaşı, o mübarək məkanlarda zahiri və batini ədəbə də çox diqqət etmək lazımdır. Çünki həccin bir məqsədi də o mübarək məkanlara hörmət və oradakı müqəddəs məqamların xatirəsi və ibadətilə feyzlənib könüllərə səviyyə qazandırmaqdır. Ayədə belə buyurulur:

Hər kim Allahın ayinlərinə hörmət etsə, (bilsin ki,) bu, qəlblərin təqvasındandır.” (əl-Həcc, 32)

Buna görə namaz, Qurani-Kərim, azan, müqəddəs əmanətlərlə Kəbeyi-Müəzzəmə, Səfa-Mərvə təpələri kimi müqəddəs yerlər daim Allahı tərənnüm edər. Buna görə hcc və ümrə zamanı qüsursuz davranıb xüsusi təzim göstərmək lazımdır.  Kəbəyə tərəf ayaq uzadaraq oturmaq və ya yatmaq, boş və lüzumsuz danışmaq, xüsusilə Qurani-Kərimi uyğun olmayan bir halda tilavət  etmək(oxumaq) və hörmətsizcəsinə onu yerə qoymaq kimi xoş olmayan davranışlardan uzaq durmaq lazımdır.

Digər tərəfdən, o mübarək yerlərdə xəstələnən, yolda qalan, imkanlarını və yaxınlarını itirən, yəni çətin vəziyyətə düşən mömin qardaşlarımızın vəziyyətini başa düşmək və dərdlərinə şərik olmağa çalışılmaq lazımdır. Könüllərin ilahi nəzərgah məkanı olduğunu düşünüb könül incitməməyə, əksinə imkan dairəsində könül qazanmağa çalışılmalıdır.

Möminlərin başqalarına qarşı ürəklərində zərrə qədər nifrət də olmamalıdır. Təbii ki, kimin nə olduğu bilinməz. Çünki qəlblər, dünyaya bağlı, Allaha açıqdır. Əhəmiyyətli olan o mübarək torpaqlarda məhdud nəfəsləri məhdud vaxtlarda ən qiymətli işlərə sərf etməkdir. Bunun üçün də başqalarının halı ilə həddindən çox məşğul olaraq vaxt itirilməməlidir. Çünki həcdəki halımız eyni zamanda qəlbimizin həssaslığını və mənəvi duyğularımızın dərinliyini ifadə edir.

Xalid Bağdadi həzrətlərinin təsəvvüf yoluna girməzdən əvvəl yaşadığı bu hadisə çox mənalıdır. Xalid Bağdadi həzrətləri həcc üçün yola çıxıb Mədineyi-Münəvvərəyə çatdıqda orada nurani bir şəxslə qarşılaşır. Yəməndən olan bu Haqq dostunun mənəvi cazibədarlığına qapılaraq eynilə cahil bir şəxsin alim birindən nəsihət istəməsi kimi ondan nəsihət istəyir. O şəxs belə deyir:

- “Ey Xalid! Məkkəyə çatanda Kəbədə ədəbə zidd olan bir şey görərsənsə, onun haqqında sui-zənnə (pis fikrə) düşüb səhv bir hökm vermə! Gözünü və qəlbini təcəssüsdən (hər şeyin iç üzünü axtarmaq) uzaq tut! Daxili dünyanı gözəlləşdirməklə məşğul ol!”

İlk baxışda qapalı bir xəbərdarlıq mahiyyətində gerçəkləşən bu ifadə həqiqətdə, Xalidi Bağdadi həzrətləri ilə onu əsas məqamına yüksəldəcək olan Piri-Kamil arasındakı sirli izharlara bir işarədir.

Ancaq Məkkeyi-Mükərrəməyə getdiyində oradakı mənəvi feyzin həyəcanı ilə bir könül sərxoşluğu içinə düşən Xalid Bağdadi həzrətləri bu şəxsin nəsihətini unudaraq bir Cümə günü üst-başı dağınıq, qərib və nurani bir dərvişin Kəbəyə arxasını çevirərək oturub ona baxdığını gördü. İçindən:

- “Bu necə qafil şəxsdir ki, ədəbə uyğun olmayaraq arxasını Kəbəyə çevirib! Görəsən, bu mübarək məqamdan xəbərdar deyilmi?” -deyə düşündü.

Elə bu an həmin şəxs Xalid Bağdadiyə:

- “Ey Xalid! Bilmirsən ki, möminə hörmət Kəbəyə hörmətdən daha fəzilətlidir. Çünki qəlb ilahi nəzər yeridir. Səlim bir qəlb beytullahdır (Allahın evidir). Mədinədəki o saleh şəxsin nəsihətini unutma!” -dedi.

Bu sözlərdən sonra Mövlana Xalid həzrətləri diksindi, bu kimsənin adi deyil, böyük vəlilərdən biri olduğunu başa düşərək dərhal əllərinə sarıldı və üzr istəyərək:

- “Ey saleh insan! Nə olar məni bağışla, məni salikliyə (dərvişliyə) qəbul et!” -deyə xahiş etdi. Dərviş üfüqlərin sirli dərinlikərinə baxaraq:

- “Sənin tərbiyən mənə aid deyil! Sən Hindistanın Dehli şəhərində olan Abdullah Piri Dəhləvi həzrətlərinin tərbiyəsində kamilliyə qovuşacaqsan! Allah uğurlar versin!..” deyib oradan ayrıldı.

Bu qissədən nəticə çıxarmaq baxımından mərhum atam Musanın Əfəndinin nəsihətlərini xatırlatmaq istəyirəm:

“Gedənlərə nəsihətim budur ki; orada xüşunu tərk etməyin. Öz qəlb dünyanızla məşğul olun, vaxtınızı boş-boş şeylərə sərf etməyin. Oradakı mənəvi təcəllilərdən istifadə edin.

Təbii ki, həccə gedərkən insanın ruhaniyyəti ondan asılı olmadan inkişaf edir. Böyük xeyir xidmətlərində olanlar, əksəriyyətlə təkrarən həcc edənlərdir. Həccin mənəvi təcəlliləri ilə səxavət, mərhəmət və şəfqət də inkişaf edər. Belə insanların könlü və əli açılar, imanın həzz və həyəcanı içində sevdiklərindən Allah üçün asanlıqla və sevə-sevə infaq edərlər.”  

Ayədə belə buyurulur:

Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə xeyrə nail olmayacaqsınız. Sizin nə xərclədiyinizi, şübhəsiz ki, Allah bilir.” (Ali-İmran, 92) Xülasə, bütün iş:

5. İradəni Haqqın rizasına qurban verməkdir.

Qurban kəsməkdən əsil məqsəd Həzrət İbrahim və Həzrət İsmayılın təslimiyyətlərinin xatırlanması, onlardakı ilahi hikmətdən nəsib alınması və Allaha ixlas və təqvadan könüllərin xəbərdar olmasıdır. Yəni, orada maddi varlığından ayrılan, özündə bir varlıq hiss etməyən, qısaca, iradəsini Haqqa təslim edən və ilahi eşq atəşi ilə yanmağa meyilli bir dərviş ədası içində olmaq lazımdır. Allah-Təala buyurur:

Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir).” (əl-Həcc, 37)

Düşünülməlidir ki, bu yolda Həzrət İbrahim (ə.s.) da canını Allaha təslim etdi. Görəsən, biz nəfsimizi və malımızı Allah yolunda nə dərəcədə sərf edə bilirik?

Məhz bu fədakarlıqlar üçün ömür boyu bizə düşən bir vəzifə vardır:

6- Şeytanı və nəfsi daşlamaq

Şeytan daşlama daha çox qəlbdəki şeytanı daşlamaq ilə başlayır. Bu, Həzrət İbrahim, Həzrət İsmayıl və Həcər anamızın şeytanı verdiyi vəsvəsələrdən ötrü qovub daşlamalarının bir nişanəsi və xatirəsidir.

Daşlama ilk baxışda lənət mənası daşıyır. Çünki o dövrdə lənətləmə ancaq daş atmaqla edilirdi. Necə ki, şeytana “racim”, yəni daşlanmış, daşa tutulmuş deyilməsi də lənətlənmiş mənasındadır.

Həmişə özümüzü hesaba çəkməliyik ki, görəsən qəlbimizin vəsvəsələri, şübhələri və xətaları nə qədərdir? İbrahim (ə.s.), Həcər anamız və İsmayılın (ə.s.) şeytanı və nəfsi daşladıqları andakı ixlas və səmimiyyətlərindən nə qədər nəsib ala bilirik? Görəsən, bu hallar bizi nə qədər duyğu dərinliyinə apara bilib?

Bütün bu mərhələlərlə bəndənin Haqqın hüzuruna çatması üçün arzu etdiyi səviyyə və dəyər budur:

7. Daima zikr və dua halında olmaq

Allah-Təala belə buyurur:

“...Ərəfatdan qayıdarkən Məşərülhəramda Allahı xatırlayın. Sizi doğru yola yönəltdiyi üçün Onu yada salın (Ona dua edin), çünki siz bundan əvvəl (doğru yolu) azanlardan idiniz!” (əl-Bəqərə, 198)

Həcc mərasimini tamamlayıb qurtardıqda (keçmişdə) ata-babalarınızı yada saldığınız kimi, ondan da artıq Allahı yad edin! İnsanların bəzisi: “Ey Rəbbimiz, bizə nə verəcəksənsə, elə bu dünyada ver!” – deyirlər. Belə şəxslərin axirətdə heç bir payı yoxdur! (əl-Bəqərə, 200)

 Həcc və ümrədə dəfələrlə “Ləbbeyk, Allahummə ləbbeyk” deyilərək daima zikr və dua halında olmaq əmr edilir.

Rəsulullah (s.ə.s.) belə buyurmuşdur:

“Təlbiyədə edən elə bir müsəlman yoxdur ki, onun sağında və solunda olan daş, ağac, bərk torpaq onunla birlikdə təlbiyə etməsin. Bu iştirak (sağ və sol tərəfi  göstərərək) ərzin son hüduduna qədər davam edər.” (Tirmizi, Həcc, 14/828)

Zikr və dua halının qəlbdə yaxşıca yerləşməsi üçün təlbiyə o qədər əhəmiyyətlidir ki, fərdi ibadətlər, ümumiyyətlə səssiz olduğu halda onu uca səslə söyləmək əmr edilmişdir. Beləliklə bəndə həm özünü, həm də ətrafını qəlb və bədən ahəngi içində bir zikr və dua ilə məşğul edəcəkdir.

Kainatın Fəxri (s.ə.s.) belə buyurmuşdur:

“Cəbrayıl (ə.s.) yanıma gəlib, səhabələrimə və mənimlə birlikdə olanlara təlbiyə gətirərkən səslərini ucaltmalarını söyləməmi əmr etdi”. (Əbu Davud, Mənasik, 26/1814)

Bununla əlaqədar “Hansı həcc daha fəzilətlidir?” -deyə soruşulduqda Rəsulullah (s.ə.s.):

- “Yüksək səslə təlbiyə deyilən və çox qurban kəsilərək çoxlu qan axıdılan həcc!” (Tirmizi, Həcc, 14/827)  buyurmuşdur.

Həzrət Peyğəmbər (s.ə.s.) zikr və dua halının mühafizəsi üçün mübarək məkanlarda namazdan başqa ibadətlərdəki danışıqların necə olmasını belə bəyan etmişdir:

“Beytullah ətrafındakı təvaf namaz kimidir. Fərq ondadır ki, bu zaman danışa bilərsiniz. Kim təvaf sırasında danışarsa, sadəcə xeyir danışsın”. (Tirmizi, Həcc, 112/960)

Nəhayət son nəticə olaraq:

8. Könlün ilahi əfv, feyz və mükafatı dadması zəruridir.

Hədisi-şərifdə buyurulur:

“Bir ümrə o biri ümrəyə qədər görülənlər üçün  kəffarədir.  Həcci məbrurun qarşılığı isə ancaq cənnətdir!” (Buxari, Ümrə, 1)

Məhz Hərameynə daxil olan hər mömin qəlbinin arzusu həcc və ümrə ibadətini belə bir müjdə ilə tamamlamaq və bu müjdəyə uyğun olaraq ona verilən nəsib və qismətə qovuşmaq olmalıdır.

Mədineyi-Münəvvərəni ziyarət:

Həcc və ümrədən əvvəl və ya sonra ziyarət edilən Mədineyi-Münəvvərənin sinəsində kainatın ən uca cövhərini daşıdığı unudulmamalıdır. Ona ümmət olmağın həyəcanı ilə ayrı bir ədəb və təzim göstərilməlidir.

Çünki Rəsulullah (s.ə.s.) belə buyurmuşdur:

“...İbrahimin (ə.s.) Məkkeyi-Mükərrəməni haram (bölgə) qıldığı və onun üçün dua etdiyi kimi, mən də Mədineyi-Münəvvərəni haram bölgə qıldım...” (Buxari, Fəzailul-Mədinə, 6; Müslüm, Həcc, 462)

İmam Büsuri həzrətləri bunu necə də gözəl ifadə etmişdir:

 Can və cahan sultanı Peyğəmbərin (s.ə.s.) mübarək cismini bağrında saxlayan torpaq qədər gözəl qoxuyan heç bir qoxu yoxdur. O kəs həm xoşbəxt, həm də dövlətlidir ki, o mübarək torpağı öpmüşdür”). Qəsideyi-bürdə, beyt: 58.

Bu məhəbbət və həssasiyyətin bir təzahüridir ki, Məscidi-Nəbinin imamı olan İmam Malik həzrətləri Rəsulullahın (s.ə.s.) ayaq basdığı torpağa hörmət əlaməti olaraq Mədineyi-Münəvvərədə miniyə minməz, ayaqqabı belə geyməzdi. O qədər ədəb sahibi idi ki, dəstəmazını pozmaq üçün Mədineyi-Münəvvərədən kənara çıxardı.

Məhz həcc və ümrə edənlərin o iqlimin əziz xatirələrindən layiqincə istifadə edə bilmələri üçün o ülvi məkanlarda ədəb və hörmət duyğuları içində olmaları zəruridir. Çünki həqiqi istifadənin ilk şərti ədəbdir.

Beləliklə, məqbul və məbrur bir həcc və ümrənin mömin könüllərə qazandıracağı fəzilətlər saysızdır. Ancaq  həcc və ümrənin ədəbinə riayət edilməyib o mübarək yerlərdə qafillik içində vaxt keçirilərsə, bu ibadətdən layiqincə istifadə etmək mümkün olmaz. Aşağıdakı ifadələr bunu bir daha sübut edir:

Pakistanın mənəvi memarı Məhəmməd İqbal günlərin bir günü Mədinədən qayıdan hacıları ziyarət edərək onlardan bir müsəlman qəlbinin necəliyi sərgiləyən bu sualı soruşur:

- “Mədinеyi-Münəvvərəni ziyаrət еtdiniz! Mədinənin ахirət bаzаrındаn könlünüzü hаnsı hədiyyələrlə dоldurdunuz? Gətirdiyiniz mаddi hədiyyələr, təkkələr, təsbehlər, nаmаz хаlçаlаrı bir müddət sоnrа köhnələcək, sоlаcаq və tükənəcək. Sоlmаyаn, könüllərə həyаt vеrən Mədinənin ruhаni hədiyyələrini necə,  gətirdinizmi?

Hədiyyələrinizin içində Həzrət Əbu Bəkrin doğruluğu və təslimiyyəti, Həzrət Ömərin ədаləti, Həzrət Оsmаnın həyаsı və cоmərdliyi, Həzrət Əlinin həyəcаn və cihаdı vаrmı? Bu gün min bir iztirаb içində qovrulan İslаm dünyаsınа könlünüzdən bir əsri-səаdət  həyəcаnı vеrə biləcəksinizmi?”

Ya Rəbb, bizi Hərameyni-Şərifeynin ziyarətilə şərəfləndir! Həcc və ümrə ab-havasında edəcəyimiz ibadət və itaətlərimizi qəbul et!

Amin!

PAYLAŞ:                

Osman Nûri Topbaş

1942 yılında İstanbul Erenköy’de doğdu. Babası Mûsâ TOPBAŞ, annesi de H. Fahri KİĞILI’nın kerîmesi Fatma Feride Hanım’dır. İlk eğitimini Erenköy Zihni Paşa İlkokulu’nda tamamladı. İlkokul yıllarında

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz