Səhabə Həyatından Əsintilər
Hər bir müsəlmanın arzusu və məqsədi İslam dinini ən mükəmməl şəkildə yaşamaq və Allahın sevdiyi bəndələri arasında öz yerini almaqdır. Bu xoşbəxtliyə nail olmağın yeganə yolu da əlbəttə ki, Quran və Sünnəyə tabe olmaq və dini Hz. Peyğəmbərin yaşadığı şəkildə yaşamaqla mümkündür.
Hz. Peyğəmbər 14 əsr bundan əvvəl İslam dinini təbliğ etməklə vəzifələndirilmiş və ömür boyu İslamiyyəti insanlığa təbliğ etmişdir. Ona tabe olan əshabı da mücadilə, fədakarlıq və Allah yolunda axıtdıqları qanları ilə bu dini ucaltmışlar.
Səhabələr nümunə əxlaqları, dinə bağlılıqları ilə bütün bəşəriyyətə örnək nəsil oldular. Bütün zamanların qibtə etdiyi örnək bir əsr yaşadılar. Onlar Allah Rəsuluna olan sədaqətlərinə görə digər insanlardan seçildilər. Hz. Peyğəmbər də onları səmada parıldayan ulduzlara bənzədərək hər hansı birinə tabe olmaqla doğru yolu tapacağımızı müjdələyir. Onların həyatda qarşılaşdıqları sıxıntılar səbəbilə dindən dönməmələri, dini yaşamaq üçün göstədikləri səbir, həyatlarını dinə görə tənzim etmələri qısaca İslami nizama uyğun həyatları bizim üçün nümunədir. Eyni zamanda dini bizə nəql edən ilk insanlar olmaq baxımından da onları yaxından tanımaq bizim vəzifələrimizdən biri olduğunu ifadə etmək lazımdır.
İrfan jurnalı bu sayından etibarən İslam şəxsiyyətlərini yaxından tanımaq məqsədi ilə oxuculara yeni bir rubrika təqdim edir. Heç şübhəsiz ki, bu şəxsiyyətlərin də başında Rəsulullahın səhabələri gəlir.
Bir kimsəni sevmək və tanımaq onun haqqında danışa bilmək üçün həyatına daha yaxından bələd olmaq lazımdır. Əvvəla bilmək, sonra tanımaq, daha sonra da sevmək lazımdır. Biz də buna əsasən budəfəki yazımızda qısa da olsa səhabələri tanımaq məqsədiylə bəzi ümumi məlumatlar təqdim etmək istəyirik.
Ərəb sözü olan səhabə yoldaşlıq etmək, birlikdə olmaq mənasına gələn “sahibə”, felindən törəmişdir. Bu termin Azərbaycan dilinə səhabə olaraq keçmişdir, cəmi əshabdır.
Səhabə Hz. Peyğəmbərin müasirlərinə verilən addır. Termin olaraq isə “Rəsuli Əkrəmi görüb müsəlman olan və bu imanla yaşayıb vəfat edən şəxs” deməkdir. Bəzi alimlərə görə sağını solunu ayırd edə bilən və ya sözü başa düşüb cavab verə bilən uşaqlarla korlar da -Hz. Peyğəmbərlə eyni məclisdə olmaq şərtiylə- səhabə qəbul edilir.
Səhabə nəsli Hz. Peyğəmbərin şəxsini və peyğəmbərlik nişanəsi olan möcüzələrini gözləriylə görmüş bəxtiyar insanlardır. Digər insalardan üstün olmalarının ən önəmli səbəblərindən biri də məhz budur. Onlar peyğəmbərlik nurunun əks olunduğu seçilmiş toplumdur.
İslamın yayılıb inkişaf etməsində çox böyük rolları olduğu üçün Allah-Təala onları tərifləyərək zikr etmişdir. Səhabənin fəziləti ilə əlaqəli bir necə ayə və hədisi qeyd etmək, onların dindəki mövqelərini daha açıq şəkildə bizə göstərəcəkdir. Uca Allah Qurani-Kərimdə səhabə və onların yolundan gedənlərdən razı qaldığını belə ifadə edir: “(İslamı) ilk əvvəl qəbul edib (bu işdə başqalarından) irəli düşən mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. (Allah) onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)!”(ət-Tövbə, 100. Əlavə olaraq bax. əl-Bəqərə, 143; Ali-İmran, 110; əl-Ənfal 64)
Şanlı Peyğəmbər (s.ə.s) onların üstünlüklərini və fəzilətlərini belə ifadə edir: “Ümmətimdən ən xeyirli nəsil mənim də içində olduğum nəsildir. Sonra onlardan sonra gələnlər, sonra da onlardan sonra gələnlərdir.” (Buxari, Şəhadət, 9; Tirmizi, Fitən, 45)
Hərdən əshab haqqında xoşagəlməz bəzi ifadələrin işlədildiyinə və onlar haqqında mənasız, həqiqətə uyğun olmayan bəzi kəlamların sərf edildiyini istəmədən də olsa eşidirik. Bunun yanlış və yersiz olduğunu Hz. Peyğəmbər belə ifadə edir: “Əshab haqqında pis danışmayın. Sizdən biriniz Allah yolunda Uhud dağı boyda qızıl sədəqə versə də, onların bir müd və ya onun yarısı qədər verdiyi infaqın dərəcəsinə çatmaz.” (Buxari, Fəzailül-Əshab, 5; Müslim, Fəzailül-Əshab, 221-222)
Ayə və hədislərdən də gördüyümüz kimi Peyğəmbərin davamçıları olan əshabı sevmək və onların yolundan getmək bizi peyğəmbər yoluna göturəcək, həmçinin Allahın razı olduğu kəslərdən edəcəkdir. Əlbəttə ki, onlar peyğəmbərlər kimi günah işləməkdən məsum deyillər. Nöqsan və xətaları mütləq vardır. Ancaq kamil insana yaraşan nöqsanları deyil, üstünlük və fəzilətlərə baxaraq, onları öz həyatına tətbiq etməkdir. Gəlin, biz də sadəcə boş və faydasız mübahisələr etmək yerinə, onların nümunəvi həyatlarından alınacaq dərslərlə həyatımızı nurlandıraq. Çünkü onlar hər biri yol göstərən ulduzdur.
Allah bizə də onlar kimi dini anlamağı və yaşamağı, Peyğəmbərə sadiq olmağı, ona can-dildən “atam-anam sənə fəda olsun!” deyə bilməyi nəsib etsin!
ŞƏRHLƏR