Elm dedikləri...

Elm dedikləri...

Bir hədisi-şərifdə belə buyurulur: “Allah kimə bir yaxşılıq etmək istəyərsə, onun dindəki anlayışını artırar! (yufəqqihhu fid-din). Digər bir hədisdə “elm arxasınca getmək hər müsəlman üçün fərz olan bir vəzifədir” buyurulur. 

 Bu hədislərdə ifadə olunan elm anlayışı təbii ki, vəhylə gələn elm mənasındadır. Hər müsəlmanın da bilməsi buna görə vacibdir. Yoxsa elmi bilgiləri bilmək fərzi-kifayədir, yəni hər müsəlmanın elm adamı olması reallığa tərs düşər.

Elm qavramını Quran və hədislərdən yola çıxaraq izah etməyə çalışan hədis alimlərinin demək olar ki, əksəriyyəti “hədis elmi” mənasında başa düşmüşlər. Məsələn, Zəhəbi, Abdullah ibn Mübarək haqqında “dəvvənəl-elm fil-əbvab” (Hədisləri mövzularına (bablara) görə cəm etdi`) demişdir.

Klassik İslam düşüncəsində elm kəlməsi ilə birbaşa bağlı olan fiqh kəlməsi də ilk dövr alimlərində hədisləri anlamaq üçün zehni fəaliyyət mənasında başa düşülmüşdür. İlk üç əsrdə fiqh kəlməsi zehni və əqli düşüncələri ifadə etmək üçün işlənmişdir.

Elm-fiqh münasibətinə gəldikdə isə elm vəhyin ortaya qoyduğu bilgilər olduğu halda, fiqh insan düşüncəsiylə əldə olunan bilgi mənasında işlədilmişdir. Məsələn, Əbu Hənifənin “fiqhul-əkbər” dediyi elm,  bu gün ağlı təmsil edən,  kəlam adlandırdığımız elmdir. O dövrün fiqh elmi bu gün bizim bilim və yaxud pozitiv bilim dediyimiz elmə uyğun düşür.  Ancaq burada elm kəlməsi ilə bilim kəlməsi arasındakı fərqi gözdən qaçırmaq olmaz. Çünki həm Quran, həm də hədislər elm kəlməsini tarixə bağlı olmayan mütləq və xüsusi  bilgi mənasında işlətmişdir. Onun başa düşülməsi üçün sərf olunan rasional fəaliyyətlər mənasında isə fiqh kəlməsindən istifadə olunmuşdur.

Fiqh və elm arasındakı bu ayırma sadəcə semantik bir ayırma deyil. Digər bir fərq də hər iki bilginin əldə olunmasında izlənən metodlardadır.  Elm subyektiv yaxınlaşma ilə, saf və səmimi bir şəkildə vəhyin yol göstəriciliyinə qulaq asmaqla hidayət şəklində təzahür edir. Fiqh isə dəlil və isbatla düşünməyi zəruru qılan metodla əldə olunmaqdadır. İslami terminologiyada buna ictihad deyilir. Beləliklə, elm  dəqiq və mütləq məlumatı, dolayısıyla səhv olma ehtimalı olmayan bilgini ifadə etdiyi halda, fiqh nəzəri bilgini bildirmək üçün işlədilmişdir.

Bu izahlardan görüldüyü kimi, tarixin müəyyən dövrlərində elmlər öz ilkin mahiyyətlərindən uzaqlaşmış və fərqli funksiyalar icra edəcək şəkildə ortaya çıxmışdır. Elm vəhyə isnad edən bilgi olduğu halda,  İslam bilim tarixində “bilim” mənasında işlədilmiş və fiqh bilim mənasında işlədildiyi halda sonradan hüquq mənası ilə məhdudlaşdırılmışdır. Bunun səbəbi hicri III əsrdən başlayan tərcümə fəaliyyətlərində axtarılmalıdır. Çünki o dövrdəki mütərcimlərin demək olar ki, hamısı İslami terminləri bilməyən qeyri-müsəlman ərəblərdi. Buna görə də elm kəlməsinin xüsusi mənalarını diqqətə almadan sırf sözlük mənasına uyğun olaraq Aristotelin bilim mənasinda işlətdiyi episteme qavramını ərəb dilinə elm şəklində tərcümə etdilər. Halbuki o dövrdə müsəlmanlar episteme mənasında elm yox fiqh sözünü işlədirdilər. Epistemin mənasını elm kimi tərcümə etdikdən sonra yunan tərzində əqli fəaliyyətlərin adı və eyni zamanda vəhyi bilgi mənasında elm terminlərinin mənaları bir-birinə qarışdı və bir müddət sonra bunlar ikisi də sanki eyni şeymiş kimi işlədilməyə başlandı. Beləliklə də fiqh öz mənasını daraltmaq və hüquq sahəsinə həbs olmaq məcburiyyətində qaldı.

Qurani-Kərim müstəvisindən məsələyə baxıldıqda, ümumi ayələrdən yola çıxaraq görürük ki, elm kəlməsinin ziddi cəhalətdir. Allah təala kafirlər və müşriklər haqqında “onlar cəhalətdədirlər” (əl-Ənam, 111) deyərkən, onların  heç bir elmə sahib olmadıqlarını bildirmək istəmirdi. Çünki ayələrin təfsirlərinə baxdıqda tam tərsinə onların elmli və oxumuş kimsələr olduğunu görürük. Deməli, Quranda “elm” kəlməsi çox xüsusi bir mənada işlədilir. Quranın elm dediyi şey vəhylə aydınlanmış elm mənasındadır. Bu cür elm sadəcə bilgi mahiyyəti daşımaz, eyni zamanda fayda da verər. Bu baxımdan istər pozitivist (Oqust Komtvari elm) elmdən, istərsə də digər elmi anlayışlardan fərqlənir. Qurani elm ona sahib olanı dəyərli qılar, ya da qılmalıdır. İslam dini bilgiyə yeni bir məna yükləmişdir. Bilgi sadəcə epistemik bir məsələ deyil, eyni zamanda əxlaqi (etik) bir məsələdir. Bunu aşağıdakı hədisdən də anlamaq mümkündür:

“Ey Rəbbim! Faydasız elmdən Sənə sığınıram!” (Müslim, Kitabuz-Zikr, 73) Deməli, vəhylə aydınlanmamış elm fayda vermək əvəzinə insanlığa zərər də verə bilər və vermişdir. Qurandakı elm  isə həyata laqeyd qalmayan elmdir.

                

                                                                                                    Dr.Rafiz Manafov

 

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz