Əbədiyyət Mədəniyyəti

Əbədiyyət Mədəniyyəti

Bizə hələ tarixi qaynaqlardan məlumdur ki, hər dövlətin özünə xas bir mədəniyyəti olmuşdur. Bu mədəniyyətlər sadəcə o dövlətin nümayəndələrinə və adət-ənənələrinə mənsubiyyətini qoruyub saxlamışdır.

 Bu mədəniyyətlərə misal olaraq, bunula bərabər mövzumuzun daha aydın başa düşülməsi üçün dünyada iz qoyan bəzi mədəniyyət mərkəzlərindən və mədəniyyət abidələrindən bəhs etmək yerinə düşərdi:

Hələ bizim eradan əvvəl II minilliyin əvvəllərində Mesopotomiyada yaranan Babil şəhəri zəngin mədəniyyətə sahib olmuşdur. Babil qülləsi, Babil darvazası, xüsusilə dünyanın yeddi möcüzəsindən biri olan “Semiramidanın asma bağları” qiymətli dünya abidələri kimi tanınmışlar. Qədimdə Babildən şimalda bizim eradan əvvəl VIII-VII əsrlərdə yaranmış, paytaxtı Nineva şəhəri olan  Aşşur (Assuriya) dövləti də zəngin mədəniyyətə malik olmuşdur. Dünyanın ən qədim “kitabxanalarından” biri on minlərlə kitabın saxlandığı Nineviya kitabxanasıdır. Digər ən böyük nümunələrdən biri də Qədim Yunan və Roma mədəniyyətləridir. Bunlar ikisi birlikdə (Antik) qədim mədəniyyət adlanır. Müəllifi bizim eradan əvvəl VIII əsrdə yaşamış, kor olduğu hesab edilən şair Homerin “İlliada” və “Odissey” dastanları yunanların (axeylər) bizin eradan əvvəl 1200-cü ildə Kiçik Asiyadakı Troya şəhərindən bəhs edir. Elmdən, tarixdən, mədəniyyətdən bir az məlumatı olan kimsələrin  yanında mədəniyyətdən söz açsanız, bu sadaladıqlarımı onlardan da rahat bir şəkildə dinləyə bilərsiniz.

Bu tarixi mədəniyyət siyahısını bir az da böyütmək olardı, ancaq buna ehtiyyac yoxdur. Burada onu qeyd etməliyəm ki, yuxarıda da deyildiyi kimi adlarını sadaladığım bu mədəniyyətlər tarixdə sadəcə iz qoya biliblər, tarixdə bir neçə ildən və bir neçə izdən başqa bir şey qoya bilməyən bu mədəniyyət tarixdə olub, tozlanmış tarix kitablarının bir iki səhifəsinə çevrilmişdir. Bu da onların əhatə etdikləri sahələrin boşluqlarını layiqincə doldura bilmədiklərindən və insan düşüncə sisteminin istəklərinə cavab vermədiklərindən qaynaqlanır. Əslində mədəniyyət deyilən məfhum sahib olduğu toplumun bütün sahələrinə şamil edilməli və cəmiyyətin bütün çıxılmaz problemlərinin çarəsi olmalıdır. Məhz bu xüsusiyyətlər onun ömrünün kainatın ömrü qədər uzun olmasına əsas yaratmalıdır. Əks təqdirdə də, dünyanın əsasını təşkil edən insan oğlunun problemlərinin həllinə cavab tapa bilməyən bir mədəniyyət süquta məhkumdur. Əslində biz mədəniyyətin nə olduğuna diqqət yetirməliyik. Əgər hər hansı bir tarixi hadisə və fikir haqqında danışıldıqda bu, filan mədəniyyətin məhsuludur deyilirsə bu, bizim mədəniyyət haqqında fikirlərimizin naqisliyindən xəbər verir.

Elə yeri gəlmişkən burada İslam dininin özü ilə birgə gətirdiyi İslam mədəniyyətindən bəhs etmək istəyirəm. Hələ VII-ci əsrin əvvəllərində o dövr ki, bar-bar mədəniyyətinə sahib olan ərəblərə İslam mədəniyyətini aşılayan İslam dini, bu günə qədər sadəcə Ərəbistan yarımadasının ərəb mədəniyyətinə deyil, bütün bəşəriyyətin İslam mədəniyyətinə çevrilmişdir. Bu da onun  mürəkkəb insan düşüncəsinin formalaşdırdığı bütün cavabsız suallarına cavab verməsi və bütün sahələri əhatə etməsilə bağlıdır.

İslam dininin insan oğluna bəxş edilməsilə, bəşəriyyət tarixində yeni bir səhifə açılmışdır. Bu, istər insanların həyatında, istər yaşam tərzində, istərsə də onların tarixi inkişafında özünü büruzə vermişdir.

Bunlardan mədəniyyəti tikili abidələrdə axtaranlar üçün dünyanın yaranmasından bəri ən qədim mədəniyyət abidələrindən sayılan və dünyada ilk tikili olan Kəbə evi İslam mədəniyyəti baxımından bariz bir nümunədir.

O İslam mədəniyyəti ki, yeddinci əsrdə gələcəyin anası olan qız uşaqlarının diri-diri basdırılaraq öldürülməsinə, bu gün iyirmi birinci əsirdə anaların bətnində uşaqların məhv edilməsinə qarşı çıxır.

Bu qeyd etdiklərim bildiyimiz, ancaq dəyərinin fərqinə varmadığımız bir mədəniyyətdən bir-iki nümunə idi. Bu bir həqiqərdir ki, İslam mədəniyyətinin heyrətamiz nümunələrini qeyd etməyə çalışsaq bəlkə də cildlərlə kitab yaza bilərik.

Son olaraq bir şeyi unutmayaq ki, mədəniyyət haqqında danışıldığı zaman xatirimizə “Semiramidanın asma bağları” dan qabaq İslam mədəniyyətinin nümunələri gəlməlidir. Çünki ən məşhur bir mədəniyyət, əgər ona mədəniyyət demək mümkündürsə bir neçə yüz illiklər davam etmiş və öz qüvvəsini itirmişdir. Ancaq İslam mədəniyyəti tarix yaranandan var oldu, bu gün vardır və gələcəkdə də əbədi var olacaqdır. Axı o, əbədiyyət mədəniyyətidir!!!

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz