Bir Anadir Şəhri-Baki
Beş şəhər nədir?
Məşhur türk yazıçısı Ahmet Hamdi Tanpınarın “Beş Şəhər” adlı əsərini Türkiyədə ədəbiyyatla az da olsa maraqlananlar tanıyır. Bu kitabda yazıçının öz pəncərəsindən dəyərləndirdiyi və ön plana çıxardığı beş şəhər uzun-uzadı anladılaraq onları başqa şəhərlərdən ayıran xüsuslardan söz açılır. Ahmet Hamdi kimi hər birimizin həyatında beş şəhər vardır və olmalıdır da.
Bu əsər şübhəsiz ki, bir dövrün sosial quruluşuna işıq tutduğu üçün çox böyük əhəmiyyətə malikdir. Türkiyənin önəmli şəhərlərindən olan Ankara, Ərzurum, Konya, Bursa, İstanbul şəhərlərinin çox fərqli yönlərinin ələ alındığı bu nadir kitab şəhərlərin ruhunun olduğunu və ölkəyə fiziki şəxsiyyət qazandıran ünsürlər olduğunu ifadə edir.
“Beş Şəhər” hər hansı bir səyahətnamə kitabından çox fərqlənir. Çünki sadə tarixi məlumat, gəzinti və coğrafiya kitabından fərqli olaraqq hiss, sənət, estetika, mədəniyyət və bilgi içərisində yoğrulmuş bir əsərdir. Bu cəhəti ilə Türk ədəbiyyatının vazkeçilməz əsərlərindəndir. Tanpınar əsərlərinin mövzusunu “həyatımızda yox olan şeylərin ardından yaşanan kədərlə yeniyə can atma” olaraq ifadə etmişdir. “Beş Şəhər” əslində köhnə ilə yeninin mücadiləsidir. Sözügedən əsərdə daimi hesablaşma, qarşılaşdırma ilə rastlaşırıq. Tanpınar keçmişə yeninin pəncərəsindən baxaraq bir inşa işi gerçəkləşdirmişdir. Tanpınarın Beş Şəhər əsərini oxumayanlar üçün bir an əvvəl kitabı əldə edib oxumalarını tövsiyə edərkən, kitabı əldə edə bilməyənlər üçün də Azərbaycanın məşhur şairi və ədəbiyyat adamı Məmməd Aslandan o kitabın xülasəsini dinləmələrini məsləhət görürəm.
Bizim beş şəhərin brilyantı
İndi isə gələk özümüzün beş şəhərimizdən ən qiymətlisinə...
Bakıda olduğum illərdə oxuduğum və çox diqqətimi çəkən bir kitab da Cengiz Çandarın “Mənim Şəhərlərim” adlı əsəri olmuşdu. Diqqətimi çəkməsindəki ən böyük faktor Cengiz Çandarın şəhərləri arasında Bakının olması və mənim də şəxsən Bakıda yaşamağımdı.
Şəhərlər insanların anası kimidirlər. İnsan yaşadığı şəhərdən süd əmirmiş kimi böyüyür və öz dünyasını inşa edir. Hələ bəzi şəhərlər var ki, bir milləti, bir millətin qədərini, taleyini ifadə edir. Demək olar ki, o şəhərsiz o ölkə düşünülə bilməz.
Şəhərlər mədəniyyətdir və mədəniyət Mədinədən başlar
Həm keçmişdə, həm də günümüzdə bu qədər marka dəyəri daşıyan, hətta markadan da üstün fenomen olaraq varlığını sürdürən şəhərlər az deyil. Məkkə, Mədinə kimi... Mədəniyyətin başlanğıcı mənə görə Mədinədir. Mədinə Kainatın Sərvərinə qucaq açan və insan-vəhy görüşməsinin yaşandığı ən mübarək yerlərdəndir. Qüds, Bağdad və ya Qahirə, İstanbul... Bir zamanların və indinin mədəniyyətinin cücərdiyi, boy atdığı və dünyaya yeni-yeni mədəni üfüqlərin açıldığı beşiklər olmuşlar.
Bakı bir sevdadır
Əslində Bakı hər bir azərbaycanlı üçün sevdadır. Doğrusu, mən ilk zamanlar Bakını çox soyuq və adamayovuşmaz görürdüm. Amma zaman keçdikcə Bakıya alışdım və onda tərif edə bilmədiyim gözəllikləri tapdığım şəhər oldu. Sanki hər guşəsi bir tarix xəzinəsidir. Zatən, Bakıda heç nə olmasa da Şəhidlər Xiyabanının varlığı bu yeri özəl qılmağa kifayət edərdi.
Şəhidlər Xiyabanının bir tac kimi durduğu və vətən şəhidlərinin qanları ilə sulandığı bu müqəddəs torpaqlar qızıl boyunbağı kimi Xəzər dənizinin sahilini əhatələyir.
Qafqaz İslam Ordusunun nal səsləri qulaqlarımızda cingildəyir
Keçən əsrin əvvəllərində Osmanlı əsgərlərinin Qafqaz İslam Ordusu adıyla Bakını erməni işğalından xilas etmək üçün axın etdiyi yerlərdə sanki hələ də Nuri Paşanın atının nal səsləri əks-səda verir. İstiqlaliyyət prospekti ilə aşağı düşərkən Qafqaz İslam Ordusunun müzəffər ədasını görürsiniz sanki. Ya da İsmailiyyə binasının pəncərələrindən Zeynalabdin Tağıyevin və ya Musa Nağıyevin sizə baxdığını hiss edərsiniz.
Hələ İçərişəhəri demirəm. Bir Allah dostunun dəfn olunduğu Şirvanşahlar Sarayının bağçasından Bakı üçün mənəvi bir sığorta olduğunun fərqindədirmi bakılılar? Elə yanındaca fərqli əfsanələrin söyləndiyi Qız Qalasının nazəninliyi Bakını tamam başqalaşdırır sanki.
Bakı bir mədəniyyət beşiyi olaraq günümüzə miras qalmış nadir şəhərlərdəndir. Atəşgaha gedərsiniz, min illik atəşin yandığını və hələ burada o zamankı insanların nəfəsini hiss edərsiniz. Ya da Mərkəzi Klinikanın bağçasında çoxlarının bilmədiyi, ta Anadoludan, Sivasdan gələn Xəlil adlı iki Osmanlı əsgərinin məzarını görərsiniz. Təzəpir məscidində, Bibiheybət məscidində və təmir səbəbiylə müvəqqəti bağlanan Şəhidlər məscidində müqəddəs və ülvi sülhdən başqa heç nə görməzsiniz.
Azərbaycanın parlaq gələcəyi
Azərbaycanın sabahı heç şübhəsiz ki, bugünündən daha yaxşı olacaq.
Şəhərlərin ruhunun olduğuna inanıram. Bizdə bu ruhu formalaşdıran amil mənəviyyat öndərləridir. Yəhya Şirvani həzrətləri bu şəhərin mənəvi məhək daşıdır. Bir ananın balalarını əmizdirdiyi kimi bu Allah dostu da şəhərin insanlarını əmizdirir sanki. Hər nə olursa-olsun, şəhər öz əslini tapır. Bakı həm bu cəhəti ilə, həm də çox mühüm və strateji mövqeyi ilə bir dünya markasıdır.
ŞƏRHLƏR